“Ac həriflər”in qastrolundan sonra mənəvi toxluq verən söhbət

Dərbənddən söz düşəndə hər kəs dastanlarda, nağıllarda oxuduğu bir ifadəni xatırlayır: dəmir qapı Dərbənd. Yaşı minilliklərlə ölçülən Dərbənd şəhəri azərbaycanlıların tarixi vətəni və bu gün kompakt yaşadıqları ən şimal yaşayış məskəni kimi bizə əzizdir. Bu çoxmillətli və çoxmədəniyyətli şəhərdə soydaşlarımızın tarixi qaladan başqa bir mənəvi qalası da var - Dərbənd Dövlət Azərbaycan Dram Teatrı.
Dərbənddə XIX əsrin sonu - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Bu teatrı yaşatmaq, böyük və çoxmillətli federativ dövlətdə onu peşəkar sənət ocağı kimi tanıtmaq bir şərəf işidir. Ötən həftə Ə.Haqverdiyevin «Ac həriflər» pyesinin tamaşası ilə respublikamızda qastrolu başa çatan teatrın baş rejissoru Ərtoğrul Kamalov müsahibimizdir.


- Ərtoğrul, sizi teatr ilə birlikdə vətəndə görmək çox xoşdur. İlk böyük qastrol necə keçdi?
- Çox yaxşı. Harada çıxış etdiksə, qayğı və maraqla qarşılandıq. Altı şəhər və rayonda - Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara və Lənkəranda «Ac həriflər»i yeddi dəfə oynadıq.
- Bildiyim qədər, teatrın qayğıları, çətinlikləri çoxdur.
- Bu teatr sənət fədailərinin sayəsində yaşayır. Təsəvvür edin, aktrisa-rejissor Yaqut Xandadaşovadan başqa teatrda heç kimin teatr təhsili yoxdur. Bu yaxınlarda Mahaçqala Dövlət Universitetinin teatr fakültəsini bitirmiş İzabella Ağayeva truppaya daxil edilib. Buna görə də çalışıram ki, Mədəniyyət və İncəsənət Universitetində, ustadım Vaqif İbrahimoğlundan, Moskvada keçdiyim ustad dərslərindən öyrəndiklərimi onlara ötürüm. Teatra aid kitabları aktyorlara paylamışam, bəzən məşqlərimiz dərs prosesinə oxşayır. Digər tərəfdən, teatrın binası inzibati otaqlardan və bir də kiçik məşq zalından ibarətdir. Tamaşa oynamaq üçün nə səhnə var, nə də tamaşaçı salonu. Amma bu çətinliyin də aradan qalxmasına az qalıb. Ötən ilin avqustunda Prezident İlham Əliyev Dərbənd Dövlət Azərbaycan Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb, bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Dağıstan Respublikasının müvafiq qurumları ilə razılaşmaya görə, artıq teatr binasının layihəsi təsdiq olunub, tikinti üçün yer ayrılıb. Yəqin ki, bir neçə ilə bina tikilib istifadəyə veriləcək.
- Bina, maddi-texniki məsələlər həllini tapacaq. Amma peşəkar yaradıcı heyət də formalaşdırılmalıdır...
- Elədir. Mən orada müqavilə ilə çalışıram. Yerli sakinlərdən ali təhsilli rejissorun olması lazımdır. Aktrisa-rejissor kimi çalışan Yaqut xanım bir neçə uşaq tamaşası hazırlayıb. Planlaşdırıram ki, bu yaxınlarda ona böyüklər üçün də tamaşa hazırlamağı həvalə edim, çünki maraqlı rejissor düşüncəsi var.
- Bizdə belə təcrübələr olub. Məsələn, Şəki, Lənkəran teatrlarının özəyini o vaxtkı İncəsənət İnstitutunun ayrıca buraxılışları yaradıblar. İndi də universitetdə Dağıstan azərbaycanlılarından bir kurs yığmaq olar ki, teatrın binası hazır olanadək onlar da təhsillərini başa vurub doğma şəhərə qayıdarlar.
- Çox gözəl olardı... Dərbənd teatrı bu sahəni fədakarcasına sevən insanların sayəsində yaşayıb. Amma istəyin, həvəsin, hətta istedadın da nə qədər çox olsa belə, sistemli təhsil yoxsa, bir neçə tamaşadan sonra uduzursan. Hələ ki bizdə vəziyyət belədir. Digər tərəfdən, kollektiv bir tamaşanı cəmi iki dəfə - bir təhvil verəndə, bir də premyera günü Ləzgi Dövlət Teatrının binasında oynayır. Bununla da tamaşanın ömrü bitir.
- Onda belə çıxır ki, Azərbaycana bu qastrol həm də «Ac həriflər»i tamaşa kimi formalaşdırdı...
- Azərbaycanda qastrolda olmaq kollektivə ən azından işləmək imkanı verir. Təsəvvür edin, biz ardıcıl olaraq «Ac həriflər»i yeddi dəfə oynadıq. Birinci dəfə Bakıda çıxış etdik. Tamaşadan əvvəl heç məşq etməyə imkan olmamışdı. Sonuncu tamaşanı Lənkəranda oynayanda hiss etdim ki, tamaşa «bişib». Bu mövsümdə biz beş tamaşa hazırlamışıq. İkisini mən, iki uşaq tamaşasını Yaqut xanım, bir tamaşanı dəvət etdiyimiz Mirsahib Ağazadə hazırlayıb. Mirzə Cəlilin bütün əsərlərindən kollaj kimi «Danabaşlar» adlı tamaşadır. Premyera iyul ayında olacaq.
- Sağlıq olsun. Bildiyim qədər, sizin teatr Rusiya Federasiyasında dövlət statuslu yeganə Azərbaycan teatrıdır?
- Bəli, amma bu teatr Azərbaycan Respublikasından başqa heç bir başqa ölkədə hələ qastrolda olmayıb.
- Yəni Rusiya Federasiyasında da qastrola çıxmayıb? Hər halda iri şəhərlərdə məskunlaşmış soydaşlarımız yəqin ki teatrın tamaşalarına həvəslə baxarlar.
- Yəqin ki, bunun da bəzi səbəbləri olub. Mən ötən ilin yayından Dərbənd teatrında çalışıram. Avqust ayında isə direktorla birlikdə Türkiyənin Bartın şəhərində festivala getdik. Festivalın təşkilat komitəsindən bildirdilər ki, biz Dərbənddə Azərbaycan teatrının olmasından xəbərsizik. Həm də onlar məni tanıyırdılar deyə, festival zamanı gənc aktyorlara ustad dərsi keçməyə dəvət etdilər. Biz getdik, razılaşdıq ki, gələn il tamaşa ilə festivala gedək.
- Deməli, avqustda gedirsiniz?
- Getməliydik. Amma Rusiya-Türkiyə münasibətlərinin soyuması bizim səfərimizə mane oldu. Əslində siyasət mədəniyyətə qarışmamalıdır, nə isə...
- Dağıstan Respublikasında Azərbaycan teatrına münasibət necədir?
- Çox yaxşı. Respublikanın mədəniyyət naziri Zarema Ajuyeva, onun müavinlərinin bizim teatra münasibəti çox yaxşıdır. Dərbənddə azərbaycanlılar çoxdur. Qala əhalisi demək olar ki, yalnız soydaşlarımızdır. Teatrı da çox dəstəkləyirlər. Məsələn, biz premyerada açıq qapı edəndə hətta etiraz edirlər ki, kassanı açın, bilet alıb tamaşaya baxaq. Soydaşlarımız öz teatrlarının təəssübünü çəkirlər.
- Ümumiyyətlə, Dərbənddə azərbaycandilli mədəni mühit varmı?
- Dərbənddə Azərbaycan dilində həm kiril, həm də latın əlifbası ilə qəzet çap olunur. Əlamətdar günlər, milli bayramlar dövlət səviyyəsində xüsusi konsert proqramları ilə qeyd edilir. Milli münasibətlər çox yaxşıdır. Yerli azərbaycanlılar da çox fəaldırlar, Dağıstan hökuməti də bu məsələlərə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası ilə Dağıstan Respublikasının mədəni əlaqələri çox yaxşı inkişaf edir. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda Dağıstan mədəniyyəti günləri keçirildi. Həmin tədbirdə mən həm ikinci rejissor kimi iştirak edirdim, həm də açılışda Puşkin rolunda çıxış etdim.
- Bəs siz özünüz necə, digər yerli teatrların tamaşalarına baxmısınız? Onların vəziyyəti yaradıcılıq baxımından necədir?
- Dərbənddə üç dövlət teatrı var: Azərbaycan, tabasaran və ləzgi dövlət teatrları. Bir də özəl tat teatrı var. Ümumiyyətlə, bu teatrlar arasında münasibət yaxşıdır, bir-birimizin tamaşalarına baxırıq. Lakin milli dillərdə oynanıldığından çox da anlaya bilmirəm. Texniki imkanlar da o səviyyədə deyil ki, subtitrlərdən mətni anlayasan. Amma Mahaçqalada Rus Dövlət Dram Teatrının tamaşalarına baxmışam. Çox maraqlı quruluşları olur. Düzdür, texniki baxımdan, aktyor ifaçılığı baxımından Bakı qədər olmasa da, hər halda Dərbənd teatrlarından xeyli üstündürlər.
- Belə başa düşürəm ki, Dərbənddə Azərbaycan teatrının fəaliyyət göstərməsi elə kollektivin gücü sayəsində baş verib.
- Bəli, Dərbənd teatrının veteranları fədakarcasına, tamaşa oynamağa, öz şəhərlərindən kənara çıxmağa imkanları olmadan teatrı qoruyub yaşadıblar. İndi də bizim borcumuzdur ki, onların yaratdığı teatrı əsl peşəkar teatr səviyyəsinə çatdıraq və yaşadaq.
- Dərbənddə nə qədər çalışacaqsınız?
- Üçillik müqavilə imzalanıb. Onun da artıq bir ili geridə qalıb.
- Sizin Dərbənd teatrı barədə can yanğısı ilə danışdığınızdan belə başa düşdüm ki, bu iş sizin üçün bir missiyadır.
- Elə mən də bu təyinatı bir missiya kimi qəbul etmişəm. Əgər mənim orada çalışmağımın Dərbənd teatrına faydası dəyərsə, özümü Azərbaycan teatrı üçün nəsə etmiş sanaram.
- Madam ki, belədir, elə isə hansı yaradıcılıq planlarınız var?
- Mən orada təzə işə başlayanda kollektiv ilə sənət söhbəti aparanda özləri də inanmırdılar ki, yəni biz bunu bacararıq? Düzdür, onların sənət təhsili yoxdur, amma istedadları və həvəsləri var. Buna görə də əziyyətimiz bir qədər çox olsa da, aktyorların gücündən maksimum istifadə etməklə ortaya bir iş qoymaq mümkündür. «Ac həriflər» tamaşası hazır olanda dedim ki, qoy Mahaçqaladan tənqidçilər gəlsinlər. Aktyorlara qəribə gəldi ki, quruluşçu rejissor tənqidçi çağırır. Nazirlikdən teatrın kuratoru da, tənqidçilər də gəldilər, müzakirədən sonra kollektivin özünə inamı artdı. Firuz Mustafanın «Neytral zona» əsərini oynadıqdan sonra nazir müavini, Mahaçqala və Dərbənd teatrlarının rəhbərliyi, tənqidçilər müzakirədə iştirak etdilər. Həmin müzakirədən sonra nazirliyin teatrlar üzrə kuratoru Mavled Tülparov bizi oktyabr ayında Mahaçqalada keçiriləcək beynəlxalq teatr festivalına dəvət etdi ki, bu tamaşa ilə çıxış edərsiniz.
- Deməli, çərçivəni genişləndirirsiniz.
- Bəli, bu il truppaya daxil edilmiş ali təhsilli İzabella Ağayeva üçün Jan Koktonun «İnsan səsi» monotamaşasını hazırlamaq niyyətindəyəm. Noyabr ayında Dağıstan Respublikasında yeni açılmış Poeziya teatrında keçiriləcək festivalda Dərbəndə həsr olunmuş əsərlər əsasında tamaşa ilə çıxış edəcəyik. İstəyirəm, mümkün qədər çox tamaşa üzərində işləyək ki, aktyorlar çıxış etməyə vərdiş etsinlər. Yaqut xanım «Hicran» tamaşasını hazırlamaq istəyir. Digər tərəfdən də, xarici ədəbiyyata, müxtəlif teatr cərəyanlarına müraciət etmək niyyətim var. İrəli getmək, Azərbaycan teatrını tanıtmaq üçün çox işləmək lazımdır.

... Sənətin taleyi başqa sahələrinkinə bənzəməz. Teatra gələn tamaşaçı üçün baxacağı əsərin hansı şəraitdə, hansı qüvvə ilə hazırlandığı fərq etməz. Həmin teatrın əyalət, ya da paytaxt kollektivi olması da onu maraqlandırmaz. O, maraqlı, keyfiyyətli, yaddaqalan tamaşaya baxmaq istəyir. Bəs onda nə etməli? Yolun çətin aşılanını seçək: şərait və imkanları yaxşılaşdıraq, səviyyəni yüksəldək ki, mənəvi tələbat ödənilsin. Elə Dərbənd Azərbaycan Dövlət Dram Teatrı da bu yolu seçib.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar