Vüsal Nuru

 

   
   Bir şair dostumla ilk əvvəl adını unutduğum mətbəədən qayıdanda avtobusda rastlaşdıq. Əlində iki ədəd kitab var idi. Adətim üzrə maraqlandım. Kitabın üstünə iri həriflərlə adı yazılmışdı: “Dünya sevgidən doğulub”. Müəllifin imzasını çox eşitsəm də, bir misrasını da oxumamışdım. Yol boyu dostumla birlikdə kitabı vərəqlədik. Çox səmimi, içdən, ruhdan süzülərək yazılmış şeirlərlə rastlaşdım. (Dostum məndən əvvəl tanış idi). Kitabda yalnız müəllifin sevgi şeirləri toplanmışdı. Sevgi dolu misralar ürəkdən su içdiyi üçün ürəyimi riqqətə gətirirdi. Düzdü, şeirlərin hamısını bəyəndiyimi desəm, qeyri-səmimi olar. Elə şeirlər var idi ki, səhifəni ötürürdük. Amma bu o demək deyil ki, onlar yaxşı şeirlər deyil. Sadəcə,hər şeirin öz oxucusu var. Ötürdüyümüz səhifələrdəki şeirlərin hissini yaşamadığım üçün öz oxucusuna saxladım.
  
   İki il bundan əvvəlin söhbəti
  
   Kitabın birini mənə verməsini xahiş eləsəm də, dostum ona məxsus olmadığını bildirdi. Onda xahiş elədim ki, məni Musa Ələkbərli ilə şəxsən tanış eləsin. Həm də onlar bir rayondan - Gədəbəydə idilər.
   O söz verdi. Hətta dedi ki, Musa Ələkbərli onun kitabını havayı çıxardıb. Musa Ələkbərlinin bu xeyirxahlığı onun bir kişi kimi gözümdə ucaltdı. Bu ucalıqda Musa Ələkbərliyə qanım qaynadı.
   Təəssüf ki, dostum məsuliyyətsiz və laqeyd olduğundan Musa Ələkbərli ilə şəxsi tanışlıq o illərdə mənə qismət olmadı.
  
   Bir il bundan əvvəl olmuşları
 
 
   Bir qızın kitabını yığmışdım. İşi mənə Nəcibə İlkin vermişdi. Elektron variantı diskdə olan kitaba münasib mətbəə axtarırdıq. Bu işdə bizə Telman Dəmirin köməyi dəydi. (Sağ olsun!) Bir mətbəənin ünvanını vermişdi. (Kimin olduğunu bircə mən bilmirdim) Biz “Şur” adlı mətbəəyə gələndə kimi görsəm yaxşıdır? Musa Ələkbərlini. Ay Allah, necə sevindim!
   O, incə sevgi şeirlərini yazan şair dostumun kitabını bu bahalıq vaxtda havayı çıxardan xeyriyyəçi kişi qarşımda idi. Görüşdük, salamlaşdıq, tanış olduq.
   Mən onunla çox danışmaq istəmirdim. İstəyirdim onu kənardan seyr edim. İlk gördüyüm adamın üzünü oxumağı sevirəm. Musa Ələkbərlinin şeirləri kimi də səsi var idi. Astadan, təmkinlə mehriban, bir az da ləngərli danışırdı. Əlbəttə, kitabın qiymətini «bazarlıq» edirdik. Biz ərkəsöyün nəvə kimi danışırdıq. Musa Ələkbərli də hövsələli baba kimi razılaşırdı. Ortaq qiymətə gəldik və kitabın sifarişini verdik.
   Onu da deyim ki, məni gənc şair kimi Musa Ələkbərliyə təqdim eləmişdilər. Səhəri gün kitabla əlaqədar yenə gələsi oldum. Yaxından tanış olmağın əsl məqamı idi. Məni yaxından tanımaq üçün şeir deməyimi istədi. Həyəcanlı olsam da, bir neçəsini dedim. Xoşuna gəldi. Sonra o da bir neçə şeir oxudu. Elə bil deyilmiş şeirlər aramızda uçulmaz körpü saldı. O körpüdə bir-birimizə olan hörmət və məhəbbətimiz ata-oğul kimi görüşdülər. Demək olar ki, hər gün Musa Ələkbərli ilə görüşürdüm. Onun gənclik illəri haqqında çox şey öyrəndim. Xarakterinə yaxından bələd oldum. O, ürəyini sinəsinin üstündə gəzdirən bir adamdı. Onunla tanış olandan sonra yapon yazıçısı Rünoske Akutakavanın sözlərinin səmimiyyətinə inandım. “Şair ürəyini hamıya açan adamdı”. Onun ürəyi həmişə hər kəsə açıqdı.
   Musa Ələkbərlinin ürəyi xatirələrlə doludur. Həyatda olan, olmayan yaşlı şairlər, yazıçılar haqqında xatirə dinləməyin dəlisiyəm. Musa Ələkbərli bunu bildiyi üçün həmişə görüşəndə mütləq yadına düşən bir xatirəni danışır. Ən çox Səməd Vurğunun hamıya qarşı ürəyi açıqlığından, xeyriyyəçiliyindən, gənclərə dayaq olmağından eşitdiyi xatirələri danışırıq. Uzun illər “Gənclik” nəşriyyatında işlədiyindən, demək olar ki, əksəriyyət həmyaşıdları və yaşlılarla yaxın münasibətdə, isti təmasda olub. Odur ki, sinəsi xatirələrlə doludur. Hətta hər dəfə ondan xahiş edirəm ki, bu xatirələri bir yerə yığım kitab çıxartsın. Amma hələ də yubanır. Mən Musa Ələkbərlinin “Dünya sevgidən doğulur” adlı kitabını özündən aldım. Özü də bal kimi avtoqrafla. Hətta içində sırf mənim xarakterimə uyğun “Tufan” şeirini də tapıb əzbərlədim.
   Həmişə darıxanda Musa Ələkbərlinin yanına gedirəm. Dərdləşirik, şeirləşirik, bir neçə saatlıq şair ömrümüzü yaşayırıq. Yay aylarında başım bir az qarışıq olduğundan ya gec-gec görüşürük, ya da zəngləşirik. Bu yaxınlarda şairlə yenidən görüşdük.
   Oturub bir az dərdləşəndən sonra bir kitab çıxartdı. Sevincək soruşdum və bildiyim cavabı aldım. İçinə yenə də bal kimi bir avtoqraf yazdı. Təbrik eləyib üzündən öpdüm.
   Kitab nəfis tərtibatdadır. Musa Ələkbərlinin yaradıcılıq qaynağını özündə ehtiva edən bir adı var kitabın: “Tanrı mənə söyləməsə yazmaram”. Bəlkə də şeir kitabı üçün bir az uzun addır. Amma bu ad şair Musa Ələkbərli ruhunun hakimini göstərir. Özü də dəqiqliklə.
   Bu kitab Musa Ələkbərlinin yaradıcılıq toplusudur.
   Əkrəm Əylislinin yaxşı bir sözü var, deyir: “Dünyada elə şeylər var ki, onları yalnız şeirlə demək olur”.
   Musa Ələkbərlinin bu toplum kitabında məhz şeirlə deyilə biləcək şeylərin poetik lövhələri verilib.
   İsti-isti dilimin əzbəri olan bir şeirindən deyim:
  
   Özləri sığışmaz vaxta, vədəyə,
   Təkcə şeirləri vaxtına düşər.
   Nədənsə, qızların ən insafsızı
   Elə şairlərin baxtına düşər.
  
   Belə yerdə izaha, şərhə nə ehtiyac?!
   Kitabdan belə misalları çox gətirə bilərəm. Amma özünüz tapıb oxusanız daha yaxşı olar.
   Bu məqamda yazımı Nikolay Vasilyeviç Qoqolun bir sözü tamamlamaq istədim: “Şairin, yazıçının bir müəllimi var, o da oxucularıdır.” Odur ki, bu kitabı özünüz tapıb oxuyun və qiymət verin!