Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümün son premyerasını ən balaca teatrsevərlərə təqdim etdi. İyunun 24-də Simax Şeydanın birhissəli ibrətamiz nağıl kimi müəyyən etdiyi "Tülkü, tülkü, tünbəki" alleqorik əsəri əsasında Gülnar Hacıyevanın quruluş verdiyi tamaşanın premyerası oldu. Ad folklor nümunələri əhatəsində böyümüş bizlərə çox tanış olsa da, səhnə əsərinin mövzusu da, məramı da fərqli idi.
...Yaramazlığına görə Ovçunun qəzəbinə tuş gələn, amma ondan canını qurtaran Tülkü meşədə yemək axtara-axtara dərin quyuya düşür. Məlum olur ki, yuxarıdan düşən işığın zəif şüaları altında quyruğa bənzəyən iri tikə - ağ daş imiş. Bu quyuda nəinki yemək, heç su da yoxmuş. Əvəzində isə Tülkü kimi yemək axtarıb qarnının bəlasına düşən Uzunqulaq və Donuz da buradadır. Ac üçlük buradan necə çıxacağı üzərində baş sındırarkən Çaqqal, Qurd və Ayı da onların səhvini təkrar edirlər. Beləcə, azadlıqda bir-birinə qənim kəsilən heyvanlar birləşərək düşdükləri tələdən salamat qurtulmaq yolları axtarırlar. Üstəlik, Tülkünün xeyirxahlığı və hiyləgərliyi sayəsində Donuz və Uzunqulaq Ovçu onları bu tələdən çıxaranadək sağ qalırlar.
Elə tamaşanın əsl məramı da bu zaman açılır. Heyvanlar birləşib Tülkünün dərisini boğazından çıxarmaq niyyətində olan Ovçunu bu fikirdən daşındırırlar. Beləcə, quyu əhvalatı xoşbəxt sonluqla, uşaqlara heyvanları və təbiəti sevmək hisslərinin aşılanması ilə bitir.
Dekorasiyası gerçək meşə mənzərəsini xatırladan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, şux ritmli, bol mahnılı musiqisinin müəllifi isə Rüfət Ramazanovdur. Rəqslərə isə teatrın aktyoru, son illər tamaşaların uğurlu plastik həlli ilə də yadda qalan Vüsal Mehrəliyev quruluş verib. Rollarda Natiq Fərzəliyev (Ovçu), Zülfiyyə Alhüseynova (Tülkü), Elgün Yəhyayev (Ayı), Yusif Dadaşov (Çaqqal), Elşən Şəxəliyev (Qurd), Nuranə Hüseynova (Donuz), Aydın Dəmirov (Uzunqulaq) oynayırlar.
Bu gün gənc valideynlər indiki uşaqları teatrın, ənənəvi uşaq oyunlarının heç maraqlandırmadığından şikayətçidirlər. Amma bizim teatr salonunda müşahidə etdiyimiz olay başqa söz deyir. Bütün uşaq tamaşaları kimi, interaktiv üslubda qurulmuş "Tülkü, tülkü, tünbəki" əsərinin uşaq bağçalarından qrupla gəlmiş tamaşaçıları istər Tülkünün, istərsə də Ovçunun salona müraciətlərinə həvəslə cavab verir, gördüklərinə münasibət bildirirdilər. Deməli, uşaqları teatrla maraqlandırmaq üçün, sadəcə, onları teatra aparmaq lazımdır...

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar