Qəribə ailələrin hər biri... yox, Lev Tolstoyun məşhur ifadəsini nə təkrar edirik, nə də həmin ifadəyə nəzirə qoşuruq. Sadəcə, deyirik ki, qəribə ailələrin hər biri özü kimi qəribədir. Məsələn, elə götürək "Bliss ailəsi"ni. Söhbət S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bu mövsümdə son premyerasından, ingilis dramaturqu Noel Kauardın "Səna qızdırması" pyesi əsasında hazırladığı "Bliss ailəsi" ekssentrik komediyasından gedir.

O komediyadan ki, az qala doxsan ildir, bütün dünyada oynanılır, əsl klassik ingilis komediyası kimi müxtəlif dillərdə tamaşaya qoyulur.
O komediyadan ki, Rus Dram Teatrı onu Əməkdar artist Rita Əmirbəyovanın yuvarlaq rəqəmli doğum ildönümünə həsr edib və quruluşçu rejissor, Xalq artisti Aleksandr Şarovski yubilyarın ətrafına maraqlı aktyor heyəti toplamaqla fərqli tamaşa hazırlamağa nail olub.
Pyesin adı "Səna qızdırması"dır. XXI əsrdə bu xəstəliyi daha çox pollinoz adı ilə tanıyırlar. Hərçənd ad dəyişikliyinin fərqi yoxdur, çünki pyes yazılandan az qala yüz il keçsə də, bu xəstəliyin mahiyyəti dəyişməyib. Yəni fəsildən asılı olaraq, bu xəstəlik təbiətdə hansısa ağacların çiçəkləməsinə, onların uçuşan tozcuqlarına qarşı allergik reaksiyadır. Yəni mövsümü gələndə bundan əziyyət çəkənlərin halı qarışır, onların adi həyat tərzi dəyişir, özlərini heç də yaxşı hiss etmirlər.
"Bliss ailəsi" də hamılıqla, hətta əvvəllər teatrda əlbisəçi işləmiş, indisə Blisslərin ev təsərrüfatını idarə edən Klara (Mədinə Mullayeva) belə, bu allergiyadan əziyyət çəkirlər. Əslində, Cudit Blissdən başqa, bu evdə yaşayan hər kəs bu allergiyaya zorən tutulub. Çünki aktrisa Cudit Bliss (Rita Əmirbəyova) keçən il teatrdan gedib, hətta ailəlikcə Londondan köçüb şəhər kənarındakı malikanədə yaşayır və səhnədə paylaşa bilmədiyi oyunçu potensialını öz ailəsində xərcləyir. Onun yazıçı-dramaturq əri Devid (Fuad Poladov), rəssam olmaq istəyən, hələlik yalnız nyu (çılpaq natura) janrında işləyən və öz əsərlərini evdə sərgiləyən oğlu Saymon (Oleq Əmirbəyov), nə işlə məşğul olunduğu bilinməyən, amma quracağı ailənin öz doğma ailəsinə bənzəməyini istəməyən qızı Sorel (əsərdə bu məqam xüsusi vurğulanmasa da, qızın (Natəvan Hacıyeva) özünə sevgili olaraq seçdiyi oğlanların öz ailəsindəki kişilərdən yerdən göyədək fərqlənməsindən bunu anlamaq olur) dəqiqəbaşı bir obraza girirlər ki, Cudit səhnəyə olan mənəvi ehtiyacını ödəyə bilsin və ən başlıcası, onların həyatında başqa oyunlar oynamasın.
"Bliss ailəsi" komediyadır, lakin evdə cəmi bir qonaq otağı olduğu halda ananın, atanın, oğulun və qızın bir-birindən xəbərsiz qonaq dəvət etməsi ilə başlayan məzəli situasiyanın üzərində qurulmuş əsər ucuz gülüş doğurmur. Hətta ilk baxışda gülüş doğurmalı olan hadisələri, atmacaları belə tamaşaçı bir qədər ciddi qarşılayır. Səbəb? Səbəb çoxdur: başı yaradıcılığa qarışan, ömür boyu öz sənət karyerasını daha çox düşünən valideynlər bir-biri ilə heç yola getməyən iki övlad böyüdüblər və artıq gənclik dövrünü yaşayan bu övladlar hər kəsi - analarının pərəstişkarı, dardüşüncəli, köntöy idmançı Sendi Trirelli (Teymur Rəhimov), atasının əsərlərini çox sevən, onun hansısa qəhrəmanı üçün prototip kimi gördüyü üçün qonaq çağırdığı kütbeyin sarışın Ceki Koritoni (Milana Sokolenko) ciddi qəbul etmir, onları da bu ailədəki oyunlara alət edərək çaşdırırlar. Hərçənd elə özlərinin də dəvət etdikləri qonaqlar az aşın duzu deyillər. Cuditlə az qala düşmən mövqeyində olan, oğul Blissin dəvətini qəbul edib ata Blissi yoldan çıxarmağa həvəs göstərən cəmiyyət xanımı Mira Arundel (Lalə Rüstəmova), Sorelin dəvətini niyə qəbul etdiyini sonadək anlamayan diplomat Riçard Qrehem (Maqsud Məmmədov) də bilmədən Cuditin tükənməyən sənət eşqinin "qurbanına" çevrilirlər.
Bu evdə çox şey qəribədir. Hətta qonaqlar üçün ayrılmış otaq da yapon otağı adlanır. Elə əsl həngamə də bu otağın üstündədir. Çünki ailə üzvlərinin hamısı bir-birindən xəbərsiz həftəsonu keçirməyə dəvət etdiyi qonağını məhz bu otaqda yerləşdirmək niyyətindədir. Övladlar anaya istehza edərək, onun gənc pərəstişkarını bezdirir, ana oğlunun dəvət etdiyi qadınla münasibətin təhlükəli ola biləcəyini zənn etdiyindən ondan öz dəvətini geri çevirməyini tələb edir, qardaş bacısının diplomat dostu üçün ağzına gələni deyir, növbəti romanının son səhifələrini yazmaqla məşğul olan ata isə kimin kimi dəvət etdiyinin fərqinə varmadan məhz öz qonağına lazım olan diqqətin göstərilməsini tələb edir. Bu məzəli dördlük o qədər oyunbazlıq edir ki, hansı qonaq onu kimin dəvət etdiyindən çaş-baş qalır. Ailədən heç bir qonaqpərvərlik görməyən qonaqlar səhər tezdən "ingilissayağı", yəni sağollaşmadan Blisslərin malikanəsini tərk edirlər.
"Bliss ailəsi" tamaşaçını o dövrün art-deko üslubunun hakim olduğu, tvistin, təkbaşına rəqs etmək imkanı verən digər yeni musiqi janrlarının meydana çıxdığı dövrə aparır. Tamaşada dekorasiyadan, musiqidən geyimlərədək hər şey təxminən doxsan-doxsan beş il əvvəlki tipik ingilis mühitini xatırladır. Bundan ötrü quruluşçu rəssam Mustafa Mustafayeva, geyim üzrə rəssam, Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, rəqslərə quruluş vermiş Raulya Turkkan və musiqi tərtibatçısı, Əməkdar mədəniyyət işçisi Vladimir Neverova xüsusi təşəkkür düşür.
Yaxşı, bəs bu əsər nə barədədir? Sadəcə, teatrsız yaşamağı bacarmamaq barədə! Siz necə, teatrsız yaşaya bilirsiniz? Bəs ətrafınızda, ailənizdə sənət eşqi tüğyan edən, özünü səhnəsiz təsəvvür etməyən necə, varmı? Lütfən, onların teatr məhəbbətinə qarşı çıxmayın. Qarşı çıxmayın ki, onlar sizin həyatınızı teatra çevirməsinlər. Siz isə elə teatr salonunda tamaşaçı qismində qalın.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar