Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən 11 azərbaycanlı gənc bu məşhur tədris ocağında sənət təhsili alacaq.

İnstitutun Moskvanın Köhnə Arbat küçəsində yerləşən binasında azərbaycanlı gənclərə tələbə biletlərinin təntənəli təqdimat mərasimi keçirilib. Nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov tədbirdə iştirak edib.
Şöbə müdiri jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihəyə uyğun olaraq institutun tanınmış mütəxəssisləri tərəfindən Bakıda keçirilmiş müsabiqə əsasında seçilən gənclər Moskvada “Teatr və kino dram aktyoru” və “Teatr rejissoru” ixtisasları üzrə 5 il müddətində təhsil alacaqlar.
İ.Hüseynovun sözlərinə görə, nazirlik gənclərin Rusiyada təhsil haqqı və yaşayış, aviabilet xərclərinin, eləcə də aylıq təqaüdlərin ödənilməsini öz üzərinə götürüb. Moskvada təhsili başa vurduqdan sonra vətənə dönən gənclər nazirlik tərəfindən işlə təmin olunacaqlar. Şöbə müdiri onu da vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin sürətlə inkişaf etməsi sayəsində əldə olunan bu razılıq respublikamız üçün yüksəkixtisaslı teatr və kino kadrlarının yetişdirilməsində yeni mərhələ açır.
“Azərbaycan xalqı çox istedadlı xalqdır. Biz bir çox azərbaycanlı aktyor və rejissorları tanıyır və sevirik. Elə təkcə Müslüm Maqomayev və Polad Bülbüloğlunu xatırlamaq kifayətdir. Azərbaycan mədəniyyəti, teatr sənəti ən yüksək tərifə layiqdir”.
Bu sözlər isə Rusiyanın Xalq artisti, B.Şukin adına Teatr İnstitutunun rektoru Yevgeni Knyazevə məxsusdur.
O, azərbaycanlı gənclərin “Vaxtanqov məktəbi” kimi məşhur olan bir təhsil ocağında sənətin sirlərinə yiyələnməsinin ilk təcrübə olduğunu qeyd edərək deyib: “İnstitutumuzla Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yeni səhifəsi açılır. Azərbaycandan olan tələbələrimizin yüksək ixtisasa yiyələnməsi üçün əlimizdən gələni edəcəyik. Başlıcası budur ki, onlar tədris metodu “fantastik realizm” kimi səciyyələndirilən “Vaxtanqov məktəbi”nin bayrağını yüksəldə və Azərbaycana apara bilsinlər”.
Azərbaycanlı gənclərin kurs rəhbəri, institutun rejissorluq kafedrasının müdiri, Rusiyanın Əməkdar incəsənət xadimi, professor Mixail Borisov layihəni Rusiya və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə töhfə olduğunu bildirib. O, Azərbaycanda teatr mədəniyyətinin inkişafına qayğıdan danışaraq deyib: “Sevindirici haldır ki, Azərbaycan Prezidenti, hökumətiniz ölkədə mədəniyyətin, o cümlədən teatr sənətinin inkişafına xüsusi diqqət yetirirlər. Biz çalışacağıq ki, institutumuzda təhsil alacaq azərbaycanlı gənclər milli teatr sənətinizə yeni hislər, yeni ideyalar gətirsinlər, teatr prosesinin liderlərinə çevrilsinlər”.
M.Borisov Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin çoxillik tarixindən danışaraq səhnələşdirdiyi “Arşın mal alan” tamaşasının Bakıda uğurlu nümayişini də xatırlayıb: “Azərbaycanda Moskva mədəniyyəti günlərində iştirak etmək üçün Bakıya gəlmişdik. Bizim təqdim etdiyimiz “Arşın mal alan” tamaşası bakılı teatrsevərlər tərəfindən hərarətlə qarşılanmışdı”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyev Moskvada təhsil alacaq tələbələr adından Rusiyanın əfsanəvi teatr institutlarından birində təhsil almaq imkanına görə Azərbaycan dövlətinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar