Üzümüzə gələn həftə Azərbaycan teatr ictimaiyyəti böyük teatr bayramı ilə baş-başa olacaq. Sentyabrın
15-dən 24-dək «Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq teatr bayramına ciddi hazırlıq gedir. Adından göründüyü kimi, festivalın tamaşaları üç məkanda - S.Rəhman adına Şəki Dövlət Dram Teatrı ilə bərabər Mingəçevir Dövlət Dram Teatrında və paytaxtda, Azərbaycan Dövlət Musiqili Teatrında oynanılacaq.


2014-cü ilin sentyabr ayında Şəkidə keçirilmiş birinci festivalla müqayisədə ikinci festivalın əhatə dairəsi də genişlənib. Bu dəfə teatr bayramında yeddi ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri təmsil olunacaq. Bəs festival günlərində hansı tamaşalar göstəriləcək, hansı kollektivlər qonağımız olacaq? Əvvəlcə öz teatrlarımızdan başlayaq.
* * *
Festival sentyabrın 15-də Şəkidə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında Mirzə Cəlilin “Ölülər” tragikomediyasının tamaşası ilə başlayacaq. Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətin quruluş verdiyi səhnə əsəri kollektivin ötən mövsümdə son premyeralarından biri olub.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı isə ayın 20-də Mingəçevirdə Nizami Gəncəvinin «Yeddi gözəl» poeması əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək. Tamaşaya litvalı rejissor Yonas Vaytkus quruluş verib.
Nəhayət, paytaxtın daha bir teatrı, son illər öz repertuarında həm də böyüklər üçün maraqlı tamaşalara yer verən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 21-də Qurban Məsimovun «Zəng» monotamaşası ilə Şəkidə qonaq olacaq.
Sanballı teatr ənənəsinə malik iki bölgə teatrımız da «Üç məkan»da çıxış edəcək. Bunlardan biri ev sahibi olan S.Rəhman adına Şəki Dövlət Dram Teatrı, o biri isə Gəncə Dövlət Dram Teatrıdır. Şəkililər sentyabrın 22-də öz səhnələrində S.Vurğunun «Vaqif» dramı əsasında hazırladıqları tamaşa ilə, gəncəlilər isə sentyabrın 18-də Mingəçevirdə C.Məmmədquluzadənin «Dəli yığıncağı» tamaşası ilə beynəlxalq festivala töhfələrini verəcəklər. Bizim teatrsevərlər ötən mövsümdə hər iki əsəri izləyib və maraqlı rejissor yozumuna görə bəyənib. Ümidvarıq ki, xaricdən gəlmiş teatr biliciləri də adıçəkilən tamaşaları bəyənəcəklər. «Vaqif»in quruluşçu rejissoru, Moskvada yaşayıb fəaliyyət göstərən həmyerlimiz, Əməkdar incəsənət xadimi Mərdan Feyzullayevdir, «Dəli yığıncağı»na quruluş verən isə Gəncə teatrının baş rejissoru İradə Gözəlovadır.
* * *
Zəngin teatr ənənələrinə malik qonşu Gürcüstan festivalda iki kollektivlə - S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı və N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı ilə təmsil olunacaq.
Sentyabrın 18-də S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı V.Pşavelanın «Ev yiyəsi və qonaq» tamaşasını oynayacaq. Tamaşa və müəllif barədə məlumat toplaya bilməsək də, kollektiv barədə öyrəndiklərimizi oxucularımızla bölüşürük. Bu teatrın yaşı o qədər də çox deyil. 1981-ci ildə rejissor Leri Paksaşvili tərəfindən yaradılıb. 1988-ci ildə isə teatra məşhur rejissor, öz yaradıcılığı ilə ölkəsinin təkcə teatr həyatında yox, həm də mədəni həyatında böyük iz qoymuş, 37-ci il repressiyasının qurbanı Sandro Axmetelinin adı verilib. Cavan olmasına baxmayaraq, kollektiv dəfələrlə Avropada qastrolda olub, şahidlərin yazdığına görə, onların çıxışları həmişə alqışlarla qarşılanıb. Bir çox festivallarda uğurlar qazanmış Tbilisi Dövlət Dram Teatrının afişalarını Tamar Bejuaşvili, Qvanes Kandelaki, Kaxa Coxadze, Anna Matuaşvili kimi gürcü teatr ulduzlarının adları bəzəyir. Odur ki, kollektivin Şəkidəki çıxışının da maraq doğuracağı şəksizdir.
Sentyabrın 20-də festival səhnəsinə çıxacaq N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı 1988-ci ildə iki truppanın - Tbilisidəki gürcü və rus Gənc Tamaşaçılar teatrlarının birləşməsindən yaranıb. Teatrda bu gün də hər iki dildə tamaşalar hazırlanır. Çoxillik yaradıcılıq ənənəsinə malik kollektiv Şəkidə C.Rossininin «Sevilya bərbəri» əsəri ilə çıxış edəcək. Azərbaycan tamaşaçısı bu əsəri opera səhnəsində izləyib, məzmunu bizə bəllidir. Amma kreativ düşüncəli gürcü teatr insanlarının təxəyyülü sonsuzdur. Bu üzdən gürcülərin «Sevilya bərbəri»ni necə təqdim edəcəklərini maraqla gözləyirik.
* * *
Çağdaş Azərbaycan teatrsevərlərinin Ukrayna teatrı barədə bilgiləri çox səthidir. Sentyabrın 17-də «Üç məkan»da çıxış edəcək «Teatr Prekrasnıye svetı» («Gözəl çiçəklər teatrı») bizi həm də ən yeni teatr janrlarından olan - Fank-futurizm ilə də tanış edəcək. «Teatr Prekrasnıye svetı» 2011-ci ildə İ.P.Kotlyarovski adına Xarkov İncəsənət Universitetinin bir neçə məzunu tərəfindən yaradılmış müstəqil teatrdır. Unikal teatr janrı olan Fank-futurizmin təməlini də elə həmin məzunlar - Artyom Vusik, İqor Klyuçnik və Denis Çmelov qoyublar.
Kollektivin yaradıcılıq məramı köhnə və təzə teatr forma və texnikalarının harmonik qovuşuğuna nail olmaqla şəhərin və ölkənin teatr sənətinin inkişafına, onu yüksək səviyyəyə qaldırmağa nail olmaqdır. Onların Şəkidə göstərəcəkləri «Piy» tamaşası isə müxtəlif sosial problemləri - hakimiyyət və pul hərisliyini, televizordan, sosial şəbəkələrdən və zərərli vərdişlərdən asılılığı ifşa edən satirik tamaşadır. İ.Klyuçnikin müəllif tamaşasında savadsızlıq və mənəviyyatsızlıq gülüş hədəfinə çevrilir, sevginin və həyatın qısa sürməsindən, artıq nəsnələrdən və müasir cəmiyyətin məşğuliyyətlərindən bəhs edilir.
* * *
Adı Qərb mifologiyasındakı təlxək-iblis obrazından (trickster - ingiliscə yalançı, hiyləgər) götürülmüş «Trikster» teatrı (Moskva) təxminən 12 il əvvəl sənətə və bir-birinə aşiq iki insanın - Vyaçeslav İqnatov və Mariya Litvinovanın yaradıcılıq təxəyyülünün məhsuludur. Onların ilk müştərək tamaşalarından olan «Yazılmamış nağıl» on ildən çoxdur ki, müxtəlif teatr festivallarında iştirak edir. Ayrılıqda və birlikdə hazırladıqları tamaşalara görə müxtəlif mükafatlara, o cümlədən Rusiyanın nüfuzlu «Qızıl maska» teatr mükafatına layiq görülüb.
Sentyabrın 19-da isə Şəki səhnəsində B.Paskal və İ.İqnatovun «Bədən üzvləri» tamaşasını seyr etməklə Rusiya teatrındakı yeni nəfəsi duymaq imkanımız olacaq.
* * *
«Üç məkan» festivalında son iyirmi ildə yaradıcılıq potensialına və meyllərinə kifayət qədər bələd olduğumuz İran və Türkiyə teatrları, o cümlədən haqqında geniş anlamda demək olar ki, heç nə bilmədiyimiz ərəb teatrı da təmsil olunur. Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin «Əl Əhli Dubay Teatrı» B.Abdullahın «Mirvari günlər» tamaşasını Şəkidə, İran İslam Respublikasının «Neğab Teatrı» X.Təqiani Purun «Kütləvi xoşbəxtlik» tamaşasını Mingəçevirdə nümayiş etdirəcək. İranlı müəllifin adı bizə Lənkəran teatrında hazırlanmış «İlan Sultan» tamaşasından tanış olsa da, təəssüf ki, internet resurslarından hər iki teatr barədə bizim bildiyimiz dillərdə heç bir məlumat əldə edə bilmədik. Ümid qalır onlarla şəxsi görüşə və tamaşalardan alacağımız təəssürata.

Nəhayət, festivalda sonuncu çıxış etmək şərəfi İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrına nəsib olub. Kollektiv iki gün - sentyabrın 22-də və 23-də Bakıda Musiqili Teatrın səhnəsində Xalq yazıçısı Elçinin «Şekspir» tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru - illərdən bəri Türkiyədə yaşayan aktrisa-rejissor Məlahət Abbasova bizə yaxşı tanışdır. Hər halda 2013-2014-cü teatr mövsümündə Türkiyədə «İlin ən yaxşı aktyoru» mükafatını qazanmış beş sənətçinin çıxış etdiyi tamaşaya baxmağın öz ləzzəti var.

...Beləcə, II Şəki Beynəlxalq Teatr Festivalı barədə Bakıdan bu yazımızı diqqətinizə çatdırdıq. Gələn həftədən etibarən festivalla bağlı yazılarımızı Şəkidən gözləyin.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar