Qorxmaz Şıxalıoğlu
   
   
   
   (Hekayə)
      
   Günortanın qatı bürküsü altında torpaq təntiyirdi. İstidən heysizləşən ağacların yarpağı tərpənmirdi. Həyət-bacadan, küçədən səs-səmir eşidilmirdi. Sanki dünyada canlı adında heç nə yox idi. Qoca qara toyuq qanadlarını çırpıb çəpərin dibindəki qurumuş gicitkanların kölgəsindən ağır-ağır qalxdı. Heç vaxt belə bürküyə düşməmişdi. Nəfəsi darıxırdı.
   Üst eyvana qalxan taxta pilləkənin aşağısında oturan qoca gözlərini bağlamışdı-mürgüləyirdi. Qəribə idi...O, burda neynir? Axı bu vaxtlar həyətdə olmazdı. Qara toyuq qocanın bir addımlığında durub sağa-sola boylandı. Yox, qoca əməllicə yuxulayırdı. Qanadlarını açıb ölüm-zülm qocanın oturduğu pilləkənin birinci qatına hoppandı. Qoca qanadların səsinə işığı sozalan gözlərini açdı, təəccüblə yanındakı qara toyuğa baxdı. Toyuğun bu yaxınlığından, özünü ona belə məhrəm aparmağından xoşallandı, güclə gülümsədi və yenə də göz qapaqları yavaş-yavaş örtüldü.
   Uşaqlar aman verməsə də, bir vaxtlar qara toyuq gözdən yayınıb, gündə iki-üç dəfə üst eyvana qalxardı. İndi uşaqlar gözündə deyildi, dərd eyvana qalxmaq idi. Onun üçün pillədən-pilləyə hoppanmaq dünyanın ən əzablı işinə çevrilmişdi.
   Hər pillədən sonra, elə bil boğulurdu. Bürküdəndi, yox, çoxu qocalıqdandır. Qanadlarını açdı...və dırnaqları ilə sonuncu pilləni cırmaqladı. Aşağıdan qoca nəsə qımıldandı.
   Eyvanda heç kim gözə dəymirdi.
   Torpaq cadar-cadar idi. Həyətdə yaşıllıq adında heç nə görünmürdü. O, yaşıl otun dad-tamını çoxdan yadırğamışdı. Haça budağı eyvana tərəf uzanmış akasiya ağacının salxım-salxım yaşıl yarpaqlarının üstü elə bil bir az ağarmışdı. Bu budağı qara toyuq çoxdan gözaltı eləmişdi. Heyf ki, akasiyanın başdan-başa ağ çiçəyə bürünən vaxtı keçib. Onun şipşirin çiçəklərini uşaqlar da həvəslə yeyirlər. Neyləyəsən, indi ümid ancaq yarpağa qalıb.
   Yayda qupquru torpağa dönən həyətdə ot-əncər adına boğazdan içəri ötürməyə bir şey tapmayanda, bu haça budaq yadına düşərdi. Akasiya ağacının yarpaqları acı olsa da, yaşıl ota olan nəfsini öldürərdi. Bir də ki, bu salxım yarpaqlı budaqların arası sərin olardı. Bu sərinlik və sakitlikdə bütün yorğunluğu, ayaq və qanadlarındakı sızıltı, ağrı çəkilərdi, canını xoş bir rahatlıq bürüyərdi.
   Eyvanla haça budağın arası bir addım ola, ya olmaya... İndi bu bir addım ona çox uzaq görünürdü.
   Görəsən...Qanadlarını açmaq istədi. Yox, taqəti qalmamışdı. Eyvanın lap qırağındaydı. Yəni budağa qədərki bu bir addımı uça bilməz? Cəmi bir addım... Salxım-salxım yarpaqların sərinliyini, turşməzə dadını bütün varlığıyla duyurdu.
   ...Ehh... Heyf deyildi o vaxtlar...Uşaqlar südlü qarğıdalı, sütül sünbül, papaq-papaq günəbaxan gətirərdilər. Doyunca yeyərdilər... Darvaza tərəfdəki çəpərin dəliyindən çölə çıxardılar, ensiz küçənin o üzündəki taxıl anbarları olan həyətə keçərdilər. Elə belə bürkülü vaxtlar olardı. Göydən od tökülərdi. Səhər-axşam maşınların gəlib-getdiyi bu anbarın böyür-başına, qapılarının ağzına səpələnən qızılı buğdadan nəfəsləri kəsilənə qədər dənləyərdilər. Sonra da özlərini verərdilər çəpər dibindəki sərin yuvalarına. Ehh... İndi nə vaxtdı bu anbarlara buğda gətirmirlər. Anbarın çəpərini də söküblər. Daha çöldən gələn uşaqların çantalarında da sünbül, qarğıdalı, günəbaxan olmur. Bəlkə indi özləri gətirmir? Yox, yəqin ki, daha yoxdu. Olsa, gətirərdilər.
   ...Yenə qanadlarını açıb-bağladı. Bir-iki dəfə udqundu. Sanki boğazında qılçıqlı buğda qalmışdı. Yox, qocalıb, özü də çox qocalıb.
   ... Heyf o günlərdən...Bir dəfə həyətdəki ot tayasının yanında eşələnirdi. Birdən... Qəfil çovuyan qırğının havasını göydə aldı. Qanadlarını açmağı ilə eyvana qonmağı bir olmuşdu. Qırğı onu apara bilməsə də, kürəyindən bir xeyli tük qoparmışdı. Soyuq havalarda kürəyinin o tük qopan yeri həmişə sızıldayırdı. Amma ondan sonra həyətdəki qoca-qoca toyuqlar ona qibtə ilə baxırdılar. Elə çil xoruz da elə bil daha əvvəlki şəstlə gəzmirdi. Dən yeyəndə, çuqun ləkdən su içəndə qabağına boyun uzadan olmazdı. Bu işin bircə pis tərəfi o idi ki, həmin o qırğı gecələr tez-tez yuxusuna girirdi; hər dəfə onu çalıb götürmək istəyəndə diksinib yuxudan oyanardı. Ayaqları tut ağacının şümal budağından qopub üzü aşağı gedərdi. Özünü toparlayana qədər gec olurdu- daş kimi yerə düşərdi. Ondan sonra daha axşamlar tut ağacına tərəf getmədi. Odunluqdakı qaratikan kötüklərinin üstündə, bəzən də ot tayasına söykənmiş köhnə taxta nərdivanda gecələməyə başladı.
   ...Akasiya ağacına bir dəstə sərçə qondu. Bədəni titrədi. Gör necə də asan uçurlar. Uçmaq nə gözəl şeymiş! Sərçələrə tərəf boylandı. Onlar həmin an da uçub getdilər. O, sərçələrin bu yüngül uçuşundan həvəsə gəldi. Bütün gücünü yığıb qanadlarını açdı. Yox, gözlərinə qaranlıq çökürdü... Belə olmaz... Günorta yatan uşaqlar bir azdan oyanacaq, onu eyvandan qovacaqlar.
   Salxım-salxım yarpaqlara baxdı. Ağzı açıldı, yazıq-yazıq qığıldadı. Və birdən qanadlarını çırpıb ayaqlarını eyvanın qırağından üzdü. Dırnaqları haça budağa ilişsə də, onda qərar tuta bilmədi. Daş kimi üzüaşağı gəldi. Gözlərinin qabağında odlu qığılcımlar oynadı, hər yanı uğultu bürüdü. Birdən bu uğultunun içində acıqlı bir səs eşidildi. Sanki bu səsdən gözlərindəki qaranlıq bir anlığa çəkildi. Kimsə başı üstündə dayanmışdı. Əlində nəsə vardı. Qanadlarından yapışan qocanı tanıdı. Və qara toyuq boğazında bir ağrı duydu. Sonra bu ağrını şirin və ömründə duymadığı bir rahatlıq əvəz elədi. Yavaş-yavaş hər yan sarı işığa boyandı. Qoca qara toyuq bu sarı işığın içində uçurdu.