Xoş xatirələr qəfil qırılmış mirvari boyunbağıya bənzər

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı davam edir. Sentyabrın 15-də start verilən festivalda yeddi ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri) 12 teatrı iştirak edir. Tamaşaların 8-i Şəki şəhərində, 3-ü Mingəçevirdə, 1-i isə Bakıda göstəriləcək.
Sentyabrın 16-da, festivalın ikinci günü Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əhli Dubay Teatrı Şəki Dram Teatrının səhnəsində "Mirvari günlər" tamaşasını təqdim etdi.
Bəri başdan deyək ki, Azərbaycan insanına ərəb teatrı ifadəsi çox söz demir. Halbuki, bütün Şərqdə olduğu kimi, bir zamanlar Ərəbistan yarımadası ərazisində də bizim xalq teatrını xatırladan teatr tamaşaları göstərilib. Ərəb xalq tamaşa-oyun göstərisi daha çox musiqi ifaçılığı və rəqs üzərində qurulduğundan zaman-zaman dinin təsirinin güclənməsi səbəbindən zəifləyib. Əsrlər sonra Avropa ilə daha sıx münasibəti olan, yaxud avropalıların təsiri altında qalan ərəb ölkələrində teatr inkişaf etsə də, öz ənənəvi simasını itirib.
Son onilliklərdə sürətli iqtisadi sıçrayış dövrünü yaşayan Birləşmiş Ərəb Əmirliklərində də ərəb teatrı təkrar yaranış mərhələsini yaşayır. Hər halda bir neçə beynəlxalq sənət, o cümlədən də teatr festivallarının keçirildiyi ölkədə müasir tərzli teatrın yaranması və onların bütün dünyada qəbul ediləcək əsərlər səhnələşdirmək meyli alqışlanmalıdır.
Əl-Əhli Dubay Teatrı Şəkiyə gətirdiyi "Mirvari günlər"i müəllif tamaşası da adlandırmaq olar. Əsərin müəllifi və quruluşçu rejissoru Naci Əlhaydır. İki aktrisanın - Bədriyyə Əhməd və Budur Muhəmmədin iştirak etdiyi tamaşa nostalji hislərin izharı kimi qurulub.
...Bir zamanlar Lulu (Bədriyyə Əhməd) çox xoşbəxt olub. Ərinin sayəsində firavan həyat yaşayıb, heç nəyin dərdini çəkməyib. Yeganə qızının da İngiltərədə təhsil almasında təkid edib. Amma indi dövran dəyişib. Fırıldaqla, cinayətlə varlanmış əri vəfat edib, ərinin şəriki onun bütün sərvətini əlinə keçirib, özü də yataq xəstəsinə çevrilmək azmış kimi, yaddaşını da itirib. Əlil arabasına məhkum olmuş qadının yeganə məşğuliyyəti davamı gəlməyən xoş günləri xatırlamağa çalışmaqdır.
Süzanın (Budur Məhəmməd) emosional vəziyyəti daha ağırdır. Həyata təzəcə atıldığı bir yaşda atasızlıq, yoxsullaşmaq onun bütün gözləntilərinin üstündən xətt çəkib. Bu azmış kimi, İngiltərədə təhsil alarkən Süzan balet ilə maraqlanmağa başlayıb, özünü bu sənətə həsr etmək niyyətindədir. Amma nə yazıq ki, o, sənət meylinin heç də təqdir olunmadığı vətənə qayıtmağa, yoxsul bir komaya sığınaraq, xəstə anasına qulluq etməyə məcburdur.
... Tamaşa Süzanın rəqsi ilə başlayır. Səhnəyə düşən dairəvi işıq yalnız qara geyimli qızı işıqlandırır. Süzan rəqs elementlərini yerinə yetirdikcə işıq onu izləyir, dairə genişlənmir. Rejissor bununla demək istəyir ki, əsərin qəhrəmanının öz ürəyincə hərəkət edə biləcəyi məkan çox dardır... Bu ismarış tamaşaçını Süzanın çətinlik və gərginliklər içində hələ çox çabalayacağına hazırlayır.
Bəlkə də buna görə tamaşa boyu dəfələrlə özündən çıxan, əsəblərini cilovlamağa gücü çatmadığından yalnız keçmişi xatırlayaraq, onu qıcıqlandıran anasına əl qaldırmaq məqamına yetişən, lakin son anda özünü toparlayan Süzanı seyrçi qınamır. Özünü onun yerində təsəvvür edərək, gənc qızın hövsələsinin daralmasına, isterikasına anlayışla yanaşır.
...Müdrik insanlardan kimsə deyib ki, xoş xatirələr qəfil qırılmış mirvari boyunbağıya bənzər. Elə hey çalışarsan ki, onları nizamla sapa düzəsən, yenə görərsən ki, boyunbağı əvvəlki görkəmini almır. Naci Əlhay da "Mirvari günlər"lə demək istəyir ki, əvvəldən ömrünüzün günlərinin inci, mirvari saflığını qoruyun ki, qırılmış boyunbağını yenidən sapa düzməyə gərək qalmasın.



Teatr teatra bənzəməz, təəssürat da o birisinə...

Sentyabrın 17-19-da festival tamaşaçıları üç fərqli üslubda tamaşaya baxdılar. Nə qədər fərqli olsalar da, bu teatrların bir ümumi cəhəti var idi: səhnə əsərinin taleyini həll edənlər - cavanlar idi!
Şənbə günü Şəki səhnəsi ukraynalı qonaqların ixtiyarında idi. Xarkov şəhərindən gəlmiş kollektiv - "Teatr Prekrasnıye Svetı" ("Gözəl çiçəklər teatrı") "Piy" tamaşası ilə çıxış etdi.
Xarkov teatrı bir neçə cavan aktyorun, rejissorun və teatr həvəslisinin qurduğu müstəqil teatrdır. Sadəcə, onlar nə istədiklərini, səhnədən nəyi necə göstərməyi dəqiq müəyyən etdikləri üçün cəmi altı yaşı olan teatr artıq dünyanın fərqli bucaqlarında tamaşalarla çıxış edir, festivallara qatılır. Onların Şəkidə oynadıqları "Piy" tamaşası satiranın gücü, yumorun vasitəsilə cəmiyyətdəki uyarsızlıqları ifşa etmək məqsədi daşıyır. Vücud dili - pantomimi ifadə vasitəsi seçmiş teatr bu tamaşada bir neçə xırda miniatürü vahid xətt üzrə birləşdirərək təqdim etdi.
Bazar günü isə Şəkidə S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı V.Pşavelanın "Ev yiyəsi və qonaq" tamaşası ilə çıxış etdi. Qafqaz qonaqpərvərliyi ilə qan qisası mövzularının kəsişdiyi, iştirakçıların iki qütbə bölündüyü tamaşa çox maraqlı quruluşu ilə diqqəti cəlb edirdi. 35 yaşlı teatr ilə təxminən yaşıd olan kollektivin bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru İrakli Qogiya güzgülərdən və səhnənin dərinliyində quraşdırılmış sofitlərdən istifadə etməklə həm kütləvi səhnə effektinə, həm də aktyorların kölgəsinin salona düşməsi ilə möhtəşəmlik effektinə nail ola bilmişdi. İ.Qogiya artıq hər kəsin alışdığı və yorulduğu ənənəvi teatr mühitinə yeni nəfəs, yeni baxış gətirməyi bacaran rejissorlardandır. Və onun bu bacarığı "Ev yiyəsi və qonaq" tamaşasında aydın hiss olunurdu.
Bazar ertəsi, sentyabrın 19-da Şəki səhnəsi Moskvadan gəlmiş müstəqil "Tvikster" teatrının ixtiyarında idi. Teatrın təməlini qoymuş Vyaçeslav İqnatov və Mariya Litvinova yaranan hər hansı ideyanı gerçəkləşdirmək üçün teatrla bağlı digər sənət sahiblərini də tamaşa üzərində işə cəlb edirlər. "Üç məkan" festivalında "Tvikster"in nümayiş etdirdiyi "Bədən üzvləri" tamaşasının ərsəyə gəlməsində əsas iştirakçılardan biri - rəqqas, xoreoqraf Denis Boroditskinin əməyi böyükdür.
Tamaşa insanın doğulandan bəri keçdiyi ömür yolunda onu sarsıdan, yaddaşına həkk olunan hadisələrin onun yaddaşında necə iz qoyması, həyatına təsir etməsindən bəhs edir. Ənənəvi, pantomim, rəqs və kölgə teatrı ünsürlərinin bir tamaşada həm də yüksək texnoloji effektlərlə istifadə edilməsi qeyri-adi və maraqlı səhnə əsərinin yaranmasını şərtləndirib.
Tamaşaların sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim edildi.
Sentyabrın 20-də axşam Şəkidə daha bir festival iştirakçısı - N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı (Gürcüstan) C.Rossininin "Sevilya bərbəri" əsərini kukla teatrı janrında nümayiş etdirdi. Bu barədə növbəti sayımızda...

Gülcahan Mirməmməd
Şəki



“Kütləvi xoşbəxtlik” və "Dəli yığıncağı"

Festivalın iki tamaşası Mingəçevirdə nümayiş olunub

Sentyabrın 16-da festivalın daha bir iştirakçısı - İranın "Neğab" teatrı Mingəçevir Dövlət Dram Teatrında “Kütləvi xoşbəxtlik” tamaşasını təqdim edib.
Tamaşa sənətin ölməzliyindən bəhs edir. Belə ki, xanın həyat yoldaşı 250-300 il yaşamış sənətkarı görür, bunun sirlərini öyrənməyə çalışır. Təəssüf ki, xanın hərəmlərindən biri vəzirlə əlbir olub, xanımın yediyi paxlavaya zəhər qatır. Dünyasını dəyişən xanım o biri dünyada da həmin sənətkarlarla qarşılaşır və onların ölməzliyinin sirlərini öyrənməkdən vaz keçmir. Bu dəfə sənətkarlar sirlərini ona açırlar. İzah edirlər ki, 250-300 il bundan əvvəl ölsələr də, onların sənəti ölməyib, daima xalqın yaddaşındadır.
Tamaşa böyük maraq və alqışla qarşılanıb. İranlı sənət adamları qonaqpərvərliyə görə şəhərin və teatrın rəhbərliyinə təşəkkürlərini bildiriblər. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim edib.
Sentyabrın 19-da isə Gəncə Dövlət Dram Teatrı İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərini mingəçevirli sənətsevərlərə nümayiş etdirib. Ötən teatr mövsümündə Gəncə teatrının Bakı qastrolu zamanı bu tamaşa paytaxt sənətsevərləri tərəfindən maraqla qarşılanmışdı. Mingəçevir teatrsevərləri Gəncə kollektivinin oyununu rəğbətlə qarşılayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar