IV Bakı Beynəlxalq Teatr Konfransı


Teatrın tarixi çox qədimlərə gedib çıxsa da, səhnə sənəti həmişə çağdaş zamanın, müasirləşmənin güzgüsü olub. Teatr yalnız mənəvi zövq mənbəyi deyil, eyni zamanda cəmiyyəti istiqamətləndirən, dünyagörüşünü dəyişdirən ecazkar bir sənətdir.

Azərbaycan teatrı zəngin bir inkişaf yolu keçmişdir. Bu zənginlik xalqımızın mənəvi aləminin təkamülünə vəsilə olmuş, cəmiyyətimizlə teatr arasında ayrılmaz bağlılıq yaranmışdır. Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra teatrlarımıza dövlət dəstəyi daha da güclənmişdir. Mədəniyyətimizin hamisi, həqiqi sənəti yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev teatra və səhnə xadimlərinə həmişə qayğı ilə yanaşmışdır. Dahi siyasətçinin mədəniyyət və incəsənətimizə qayğısı, sənət adamlarına həssas münasibəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mədəniyyətimizin digər sahələri kimi, teatr sənəti də dövlətin diqqət və dəstəyi ilə əhatə olunub. Bunun sayəsində Azərbaycan teatrı dünyada gedən müasir sənət proseslərinə inteqrasiya edərək özünün yeni inkişaf mərhələsini yaşayır. 2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq “Teatr və teatr fəaliyyəti haqqında” qanunun qüvvəyə minməsi, 2007-ci ildə Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı dövlət başçısının sərəncam imzalaması teatr sahəsinin sistemli inkişafına zəmin yaratmışdır.
Bu sahədə atılan önəmli addımlardan biri də ölkə başçısının 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramıdır. Bu tarixi əhəmiyyətli sənədin əsas məqsədi Azərbaycan teatrının zəngin bədii irsini və yaradıcılıq ənənələrini qorumaq, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləməkdən ibarətdir. Proqramın icrası ilə teatrların maddi-texniki bazası möhkəmləndirilir, kadr potensialı gücləndirilir, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri genişlənir.
Bu gün respublikada 26 dövlət, 65 xalq teatrı fəaliyyət göstərir. Teatrların binaları 2009-cu ildən başlayaraq dövlət proqramına uyğun şəkildə dünya standartları səviyyəsində yenidən qurulur. Sevindirici haldır ki, teatrlarda həyata keçirilən yenidənqurma işləri paytaxtdakı sənət məbədləri ilə yanaşı, regionları da əhatə edir.
Öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin yüksək mükafatlarına - orden və medallara layiq görülür. Mədəniyyət və incəsənətin digər sahələri kimi, teatr sənətimizin inkişaf etdirilməsi, bu sahədə çalışan insanlara, o cümlədən qocaman sənətkarlara qayğı göstərilməsi Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da diqqət mərkəzindədir.
Bu gün Azərbaycan teatrının sorağı dünyanın müxtəlif guşələrindən gəlir, teatrlarımızın nüfuzlu beynəlxalq qurumlarla əlaqələri genişlənir. Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihələr, son illərdə görülən ardıcıl işlər sayəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir. Belə ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq bir necə ildir Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ), Dövlət Kukla Teatrı Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) üzvüdür. Dövlət Musiqili Teatrı isə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv seçilmişdir. Ölkəmiz eyni zamanda Beynəlxalq Teatr İnstitutunda təmsil olunur.
Beynəlxalq təcrübə ilə davamlı tanışlıq, genişmiqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi Azərbaycan teatrının inkişafının göstəricisidir. Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində (Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan və s.) keçirilən beynəlxalq tədbirlərdə layiqincə təmsil olunmuşdur. Bundan başqa, azərbaycanlı rejissorlar müxtəlif ölkələrdə tamaşalara quruluşlar verirlər. Xarici ölkələrdən Azərbaycana dəvət olunmuş rejissorlar, rəssamlar, teatr sahəsində çalışanların sayı da ildən-ilə çoxalır. İstedadlı gənc teatr rejissor və aktyorlar, səhnə üzrə mütəxəssislər xarici ölkələrdə ixtisasartırma kurslarında, ustad dərslərində iştirak edirlər.

I Bakı Beynəlxalq Teatr Konfransı: yeni əsrin teatr prosesləri

Ölkə rəhbərliyinin prinsipial, xalqımızın mənafeyini təmin edən xarici siyasətinin və həyata keçirdiyi müxtəlif tədbirlər nəticəsində Azərbaycanın nüfuzu dünya miqyasında daha da artmış, beynəlxalq əlaqələri daha da genişlənmişdir. Ölkəmiz beynəlxalq tədbirlərin, dünya və qitə əhəmiyyətli idman yarışlarının, konfransların keçirildiyi ünvana çevrilmişdir. Bu sırada 2010-cu ildə təməli qoyulan Bakı Beynəlxalq Teatr Konfransının məxsusi yeri var.
Qeyd edək ki, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın təşkili “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndində əks olunmuşdur. Proqramda Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə iki ildən bir bu beynəlxalq tədbiri keçirmək həvalə edilmişdir. Bu ilin noyabrında dördüncü dəfə baş tutacaq konfrans dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən, teatr sənəti ilə məşğul olan mütəxəssislərin görüş, fikir, ideya və təcrübə mübadiləsi platformasına çevrilmişdir. Ötən üç konfransın geniş proqramlı müzakirə və toplantıları, əldə olunan nəticələr bunu deməyə əsas verir.
2010-cu ilin 7-8 noyabr tarixində keçirilən I Bakı Beynəlxalq Teatr Konfransı “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusuna həsr olunmuşdu. Tədbirə ABŞ, Kanada, Rusiya, Çexiya, Ukrayna, İsveçrə, İran, Türkiyə, Polşa, Avstriya, Çin, Fransa, Səudiyyə Ərəbistanı, Tunis - ümumilikdə 30-dək ölkədən 60-dan artıq qonaq qatılmışdı. Beləcə Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları konfransda iştirak edərək dünya mədəniyyəti, teatr prosesi ilə bağlı fikir mübadiləsi apardılar. Beynəlxalq tədbirdə teatr tənqidçiləri Mişel Vais, Piter Qoldfarb, teatr rəssamı İosif Yusupov, teatr geyimi üzrə rəssam İrina Krujilina, plastika üzrə Roberto Varea, dramaturgiya və vokal ifaçılığı üzrə Rut Maqraff kimi nüfuzlu teatr mütəxəssislərinin məruzələri dinlənildi, elmi-praktik konfrans çərçivəsində teatr xadimlərinin ustad dərsləri və treninqləri keçirildi. Teatr sahəsində çalışan 200-ə qədər azərbaycanlı bu treninqlərdə iştirak etdi. Amerikadan Yaponiyaya qədər dünyanın tanınmış teatr xadimlərinin Bakıda toplaşması çox böyük bir mədəni hadisə kimi tarixə yazıldı.
Nüfuzlu qonaqlar, rəsmilər, teatr mütəxəssisləri tədbirin önəmini, müzakirə olunan məsələlərin vacibliyini, konfransda ümumilikdə dünya teatr problemlərinin gündəmə gəldiyini qeyd edərək onun ənənə halını almasını dəstəklədilər. Çünki bu tədbir müxtəlif ölkələrin teatr sənətçiləri üçün həm qarşılıqlı təcrübə və fikir mübadiləsi, həm də tanışlıq, yeni yaradıcı əlaqələr üçün mühüm imkan idi. Bu tədbirin sadəcə teatr konfransı olmadığı, beynəlxalq forum kimi böyük əhəmiyyət kəsb etdiyi vurğulandı. Konfransın keçirilməsinin ən müsbət cəhəti həm də o idi ki, burada yaranan canlı ünsiyyət nəticəsində Bakıya təşrif buyurmuş sənət adamları teatrşünaslarla, menecerlərlə, prodüserlərlə sıx əlaqə saxlayıb gələcək əməkdaşlıqla bağlı planlar qurmaq imkanı qazandılar.

Növbəti görüş: təcrübə mübadiləsi, sənət mübahisələri

2012-ci il noyabrın 5-6-da Bakıda II Beynəlxalq Teatr Konfransı gerçəkləşdi. Bu dəfə tədbirə dünyanın 35 ölkəsindən 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran alimlər, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər qatılmışdı.
Beynəlxalq konfransın açılış mərasimində çıxış edən qonaqlar artıq ikinci dəfə dünyanın tanınmış teatr sənətçilərini, mütəxəssisləri bir araya gətirən belə vacib tədbirə ev sahibliyi etdiyi üçün ölkəmizə təşəkkürlərini bildirdilər. Qonaqlar II Bakı Beynəlxalq Teatr Konfransını Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiyaya çox böyük əhəmiyyət verdiyinin əyani sübutu olduğunu dilə gətirdilər. Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin əsas məqsədinin ölkələr arasında körpülər salmaq, sərhədləri aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-biri ilə görüşdürmək, onların fəal dialoquna nail olmaqdan ibarət olduğu məmnunluqla qeyd edildi. İştirakçılar Azərbaycan teatrının tarixinə də nəzər salaraq onun qədim və zəngin ənənələri ilə yaxından tanışlıq imkanı qazandıqlarını vurğuladılar, dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunəsi olan yüksək səviyyəli maddi-texniki bazaya, gözəl görünüşə malik teatr binaları ilə tanış oldular. Azərbaycan mədəniyyəti, teatr sənəti barədə fikir mübadiləsi etdilər. Konfransda Azərbaycan teatrının beynəlxalq əlaqələrindən, bu sahədə uğurlu addımlarından da söhbət açıldı.
Bununla da konfrans bizə öz imkanlarımızı, tarixi həqiqətlərimizi, mədəniyyətimizin inkişaf istiqamətlərini təqdim etmək üçün əlavə imkan yaratmış oldu. Azərbaycan teatrlarının beynəlxalq festivallarda, qastrol səfərlərində ölkəmizi layiqincə təmsil etdiyi, müxtəlif ölkələrlə sənət mübadiləsi, tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamlarının ölkə teatrlarında tamaşalar hazırladıqları diqqətə çatdırıldı.
Bundan başqa, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bu işğalın Azərbaycan mədəniyyətindən, teatr sənətindən də yan keçmədiyi, hərbi təcavüz nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrının, eləcə də Ermənistandakı tarixi yurd yerlərindən zorla deportasiya edilmiş soydaşlarımızın sənət məbədi olmuş İrəvan Dövlət Azərbaycan Dram Teatrının qaçqın həyatı yaşadığı diqqətə çatdırıldı, dövlətimizin bu sənət ocaqlarına qayğısından bəhs olundu.
Konfransda Azərbaycanda qaynar mədəni həyatın yaşandığı xüsusilə vurğulandı.
Qeyd edildi ki, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq layihələr Azərbaycanı dünyanın tanınmış mədəniyyət mərkəzinə çevirmişdir.
Tədbirdə çıxış edən Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı səfiri Əli Mahdi, Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, polşalı dramaturq, rejissor və ssenarist Kşiştof Zanussi, ASSİTEJ-in prezidenti İvet Hardi, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni ölkəmizdə mövcud olan teatrların yeniləşməsini yüksək qiymətləndirərək Azərbaycan mədəniyyətinin, teatr sənətinin uğurlu inkişaf yolu keçdiyini dedilər. Rusiyadan, Gürcüstan, Türkiyə, Almaniya, Avstriya, Böyük Britaniya, İsveçrə, ABŞ, Kanada, Braziliya, İtaliya, Sinqapur, Şri-Lanka, Yunanıstan, Sudan, Fransa və s. ölkələrdən gəlmiş teatrşünaslar teatr haqqında, bu sənətin müxtəlif janrları, problemləri barədə çox maraqlı, dəyərli fikirlər səsləndirdilər.
II Bakı Beynəlxalq Teatr Konfransı dünya teatrlarında gedən proseslərə Azərbaycandan bir baxış oldu. Burada ən çox qazanan isə yenə də bizim teatrlarımız oldu. Sanballı teatr tənqidçisinin fikrini bilmək, onun iradını, yaxud rəğbətini dinləmək hər zaman faydalı və dəyərlidir. Məsələn, Böyük Britaniyadan olan rejissor, yazıçı-jurnalist Nevil Şulmanın fikrincə, ayrı-ayrı xalqların teatrı təbiət kimi bütün dünyaya məxsusdur. Çin Xalq Respublikasından ölkəmizə təşrif buyurmuş «Drama jurnalı»nın baş redaktoru Lin Şen Şulsmanın fəlsəfi düşüncələrini daha sadə dildə açıqlamışdı: «Biz tarix boyu bir-birimizdən ipək, pambıq, hətta musiqi alətlərini «oğurlamışıq», indisə zaman teatr təcrübəmizi paylaşmağı tələb edir”...necə deyərlər... təcrübə mübadiləsi etməyə və bir-birindən öyrənməyə dəyər”. Sankt-Peterburq Teatr Akademiyasının (Rusiya) professoru, «Beş axşam» teatr festivalının prezidenti Marina Dmitrevskaya çıxışında qloballaşmaya doğru gedən dünyada insanların mədəniyyət prioritetlərinin dəyişməsi fonunda teatrı yaşatmağın və sevdirməyin yeni yollarını aramağın vacibliyini vurğulamışdı.

“Teatr geniş auditoriyaya nüfuz edən ən önəmli incəsənət növlərindən biridir”

Bakı şəhəri 2014-cü ilin noyabrında növbəti teatr forumuna ev sahibliyi etdi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan III Bakı Beynəlxalq Teatr Konfransı dünyanın teatr institutları ilə əlaqələrin daha da genişləndirilməsini, əməkdaşlığın güclənməsini nəzərdə tuturdu.
Konfrans bu dəfə müasir dünyada teatr qarşısında duran vacib mövzuya - “Teatr sənətinin multikulturalizm - universal dəyərlər sistemində yeri” məsələsinə həsr olunmuşdu. Beynəlxalq tədbirdə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, Hindistan - ümumilikdə 40-dan çox ölkədən 110 nəfərədək tanınmış mütəxəssis iştirak edirdi.
III Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ənənəvi tədbirin yenidən teatr peşəkarlarını bir araya gətirməsindən məmnunluğunu ifadə edərək demişdi: “Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də ölkəmizin mədəni həyatında dəyərli bir hadisədir və təbii ki, yaradıcı ictimaiyyət tərəfindən maraqla izlənilir. İnanıram ki, çox dəyərli ənənəyə çevrilən beynəlxalq tədbir çərçivəsində görkəmli teatr biliciləri əldə olunmuş yaradıcı uğurlara nəzər salacaq, yeni təcrübələri bölüşəcək, səhnə sənətinin müasir və aktual estetik problemlərini elmi-nəzəri və yaradıcılıq kontekstində dərindən araşdıracaqlar. Əvvəlki konfransların ümumi proseslərə təsiri, eyni zamanda zəngin ənənələrə sahib olan Azərbaycan teatr sənətinə əhəmiyyətli diqqət və marağı nəzərə alaraq deməliyəm ki, teatr bilicilərinin Bakı görüşü uzun illər davam edəcək. Çünki teatr Azərbaycanda estetik və mənəvi missiya daşımaqla geniş kütlələrə nüfuz etməyi bacaran ən önəmli incəsənət növlərindən biridir. Təbii ki, bu konfrans Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm, tolerantlıq kimi qlobal dəyərlərin inkişafına həssas münasibətinin əyani sübutudur. Çünki dövlətimizin mədəniyyət siyasətində əsas məqsədi xalqlar, millətlər arasında körpülər qurmaq vəzifəsi və müxtəlif irqə, dinə, dilə mənsub insanları humanist fəlsəfə ətrafında birləşdirmək amilidir. Bu kontekstdə teatrın imkanlarından istifadə etmək mədəni mübadilə üçün mühüm əhəmiyyət daşıyır”.
UNİMA-nın baş katibi Jak Trüdo, Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor, ASSİTEJ-in prezidenti İvet Hardi, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais, Beynəlxalq Teatr Rəssamları, Memarları və Texniki İşçiləri Təşkilatının prezidenti Luis Yansen, Qərb və Şərq Sənətləri Mərkəzinin rəhbəri Dominik Dolmyö, Qazaxıstan Teatr Xadimləri İttifaqının sədri Tunqişbay Camankulov, “Piano-pianissimo” teatrının rəhbəri Peter Paxl belə konfransların yaradıcı mübadilə üçün əhəmiyyətini vurğulamışdılar. Çıxışlarda o da vurğulanırdı ki, müasir teatr zamanın diktə etdiyi mövzulara müraciət edir. Bu sıraya müharibələr, qeyri-sabit həyat, təhtəlşüurda saxlanılan niyyətlər, arzular, gizli əməllər və eyiblər, gender bərabərliyi və digər mövzular daxildir. Hər hansı ölkənin özünəməxsusluğunu itirmədən qloballaşma prosesinə qoşula bilməsinə imkan yaradan komponentlər mövcuddur. Ən yaxşı olanı özünə hopdurmaq və özündə olanı digərlərinə göstərməyə hazır olmaq, hər kəsə anlaşıqlı ola biləcək ortaq və qlobal məsələləri tapmaq və onu ifadə etmək bacarığı vacib şərtlərdəndir.
Əslində səsləndirilən bu tezislər əsrlərdir Azərbaycan mühitində mövcud olan multikulturalizm ənənələrinə duyulan ehtiyacın bir göstəricisi idi.

“Multikulturalizm və teatr”

2016-cı ilin 6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Əvvəlki konfranslardan sonra baş verən proseslər göstərdi ki, beynəlxalq teatr tədbiri dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir. Bu mənada dördüncü dəfə keçirilən konfransın Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətli olacağı şübhə doğurmur. Teatrla bağlı tanınmış qurumların təmsilçilərinin Bakıda bir araya gəlməsi yenidən dünyanın teatr ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək. Təbii ki, bu dəfə də konfransda təkcə bugünkü dünya teatrının taleyi deyil, onun gələcək inkişaf yolları rejissorlar, prodüserlər, teatr mütəxəssisləri tərəfindən müzakirə ediləcək.
Builki konfrans “Multikulturalizm və teatr” mövzusuna həsr olunacaq. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Bu kontekstdə müxtəlif müsabiqələr, sərgilər, festivallar təşkil olunur. IV Bakı Beynəlxalq Teatr Konfransının da multikulturalizm mövzusunu əhatə etməsi bir çox cəhətdən əhəmiyyət daşıyır. Yəni bu tədbir sayəsində konfrans iştirakçıları Azərbaycanın bütün sahələrində, o cümlədən teatr mühitində də bir tolerantlığın olduğunun şahidinə çevriləcəklər. Çünki ölkəmizdə tarixən müxtəlif xalqlar öz mədəniyyətlərini yaşadıb və inkişaf etdiriblər. Azərbaycanda müxtəlif xalqların teatrları milli teatrımızla çiyin-çiyinə fəaliyyət göstərməklə ümumi mədəni irsin zənginləşməsinə xidmət edirlər. Hazırda Azərbaycanda rus, ləzgi və gürcü teatrları da fəaliyyət göstərir. Çağımızda multikulturalizm müasir dünyanın ən vacib mövzularından biridir və bu məsələnin teatr sənəti kontekstində müzakirəsi xüsusi maraq doğurur.
IV Bakı Beynəlxalq Teatr Konfransına maraq əvvəlki konfranslardan daha böyükdür. Tədbirə 40-dan çox ölkədən 150-dək teatr mütəxəssisi qatılacaq. Dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, teatrla bağlı beynəlxalq qurumların, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərləri tədbirdə iştirak üçün Təşkilat komitəsinə müraciət ediblər. Müzakirə olunacaq məsələlər, treninqlərdə ediləcək məruzələr, ümumilikdə konfransın gündəminə çıxan mətləblər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə, təbii ki, uğurlu nəticəyə, gələcək qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq. Konfrans çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər keçiriləcək.

* * *
Əminliklə söyləmək olar ki, IV Bakı Beynəlxalq Teatr Konfransı da dünyada baş verən teatr proseslərini təhlil edib, nəticələr çıxarmaq üçün gözəl fürsət olacaq. Çünki mədəniyyətlərin yaxınlaşması prosesində teatrın da imkanlarından yararlanmaq lazımdır. Burada müzakirə olunan mövzular teatrların gələcək inkişafı üçün nə dərəcədə əhəmiyyətlidirsə, sözün geniş mənasında, qlobal miqyasda mədəni inteqrasiya, humanist dəyərlərin təsir imkanlarının genişləndirilməsi baxımından bir o qədər faydalı ola bilər. Eyni zamanda beynəlxalq konfranslar mövcud potensialımızı, gələcək plan və perspektivləri bir daha nəzərdən keçirməyə imkan verir. İnanırıq ki, dünya miqyaslı tədbirləri yüksək səviyyədə keçirmək təcrübəsini dəfələrlə nümayiş etdirən ölkəmiz IV Bakı Beynəlxalq Teatr Konfransına da layiqincə ev sahibliyi edəcək.

“Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar