...Azərbaycanlıların çoxu Xəzərin o tayındakı bir çox şəhərləri hələ də köhnə adı ilə tanıyır. Məsələn, Türkmənbaşı eşidəndə gərək Krasnovodsk, Aktau yazanda da mütləq Şevçenko deyəsən ki, orta statistik azərbaycanlı hansı şəhərdən söhbət getdiyini bilsin. Elə bizim həmsöhbətimiz də Xəzərin o tayındakı bir şəhərdəndir. Qazaxıstan Respublikası Manqistau (Manqışlaq) vilayətinin mərkəzi Aktau şəhərindən. Əsrlər boyu bu yerlər qazax türklərinin at oynatdığı ucu-bucağı görünməyən ərazi, qədim türk mədəniyyətini səhra qumları altında gizləyən məkan olsa da, XIX əsrdə daha çox çar Rusiyasının sürgün yeri, sonrakı yüz ildə isə faydalı qazıntılar məkanı kimi ad çıxarıb.

Aktua, keçmiş Şevçenko (sovet ideologiyasının basqısı ilə bir zamanlar burada sürgün çəkmiş Ukrayna şairi Taras Şevçenkonun şərəfinə şəhəri belə adlandırıblarmış) sənaye, mədənçilər şəhəri kimi ötən əsrin 50-60-cı illərində salınıb. Buradakı musiqili-dram teatrı isə lap cavandır. 2003-cü ildə Milli İncəsənət Akademiyasının 30 məzununun təməlini qoyduğu truppa artıq sabit yaradıcı heyəti və repertuarı olan bir kollektivdir. Qazaxıstanın Xalq artisti Nurmuxan Janturinin adını daşıyan vilayət teatrında ötən 13 ildə müxtəlif janr və mövzuları əhatə edən 50-dən artıq əsər səhnələşdirilib. Kollektiv dəfələrlə respublika və beynəlxalq teatr festivallarında çıxış edib, müxtəlif sənət yarışlarında mükafata layiq görülüb. Teatrın repertuarında olan «Qız Jibek» və «Zilzala» tamaşaları bütün Qazaxıstanda nümayiş olunub. Burada çalışan aktyorlar bir əyalət teatrının yaradıcı heyətində çalışmaq çərçivəsinə sığmırlar, kinoya da çəkilirlər. Qazaxıstanın mədəni həyatından bəhs edən saytları «vərəqlədikdə» N.Janturin adına teatr barədə sənət xəbərlərinə tez-tez rast gəlmək mümkündür.
Teatr yaradılan gündən ona rəhbərlik edən Nurniyaz Muxanov sənət karyerasına müğənni kimi başlayıb, səs tellərində üçüncü əməliyyatdan sonra fəaliyyətini təşkilati işlərdə davam etdirməli olub. Onunla görüşümüz TÜRKSOY-un Teatr direktorları şurasının sentyabrda Şəkidə keçirilən toplantısı zamanı baş tutdu.
- Azərbaycana üçüncü, Şəkiyə isə ilk gəlişimdir. TÜRKSOY-un sayəsində «Üç məkan» II Beynəlxalq Teatr Festivalının da açılışında iştirak etdim.
- Festival barədə ilk təəssüratınız necədir?
- Əla! Bilirsiniz, festival həmişə insanları, xalqları birləşdirir. Bu gün gediş-gəliş nə qədər asan olsa da, informasiya nə qədər bol olsa da, kollektivlər, xüsusilə də ayrı-ayrı ölkə kollektivləri bir-birini yaxşı tanımır, teatr prosesini davamlı izləyə bilmir. Amma dünya da gör-götür dünyasıdır. Sənətçi də, inzibati işçi də istənilən tamaşadan nəsə öyrənir, zənginləşir.
- Elə buna görə də toplantıda Xəzəryanı ölkələrin teatr festivalının təşkil edilməsi barədə təklif vermisiniz...
- Bəli. Mən təklif etdim ki, Xəzəryanı dövlətlərin - Qazaxıstan, Azərbaycan, Rusiya, Türkmənistan və İranın teatr festivalı keçirilsin. Məncə, belə bir festivalın keçirilməsi region ölkələrinin mədəni əlaqələrinə kömək edər. Təklif etdim ki, 2018-ci ildə bu festivalı Qazaxıstandan başlayaq, sonra növbə ilə hər dəfə bir Xəzəryanı ölkədə keçirilə bilər. Bu gün beş ölkənin beşinin də belə bir festival keçirməyə imkanı, şəraiti var.
- İstək olarsa, hər işin öhdəsindən gəlmək olar...
- İstək də var!
- Arzu edək ki, sizin təklif etdiyiniz festival baş tutsun. Biz də sizinlə Aktauda görüşək.
- Təki elə olsun! Əslində görüşmək üçün səbəb həmişə tapılar. Noyabrda Bakıda keçiriləcək beynəlxalq teatr konfransında iştirak etmək barədə ərizə vermişəm. Məruzəm də hazırdır. Sağlıq olsun, Bakıda görüşərik!

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar