Üns dostlaşma, mehribanlıq deməkdir. 2006-cı ildə Bakıda Azərbaycan tamaşaçısının dostuna çevrilən, ona bəşəri, insani hislər aşılayan bir teatr fəaliyyətə başladı: “Üns” Yaradıcılıq Səhnəsi. Bu il 143 yaşı tamam olan Azərbaycan peşəkar teatrının tarixində indi 10 yaşlı “Üns” də var...

Layihə görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın xatirəsinə ithaf olunub. “Üns” Yaradıcılıq Səhnəsinin yaradıcısı və bədii rəhbəri "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı Filialının rektoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayevadır. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın zəngin teatr sənətinə daha bir yenilik gətirmək, incəsənət və mədəniyyətdə Şərq və Qərb mədəniyyətinin sintezinin bədii əksini göstərməkdir.
Zəngin ənənələri olan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu istiqamətdə fundamental dövlət sənədləri qəbul edilib. 2006-cı ildə qəbul olunan "Teatr və teatr fəaliyyəti haqqında" qanun, 2007-ci ildə imzalanan "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident sərəncamı, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, teatrlarımızın maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı sərəncam və qərarlar dövlətimizin bu sahəyə diqqət və qayğısının göstəricisidir.
Bu dəstək Azərbaycan teatrlarının dünya mədəni məkanına inteqrasiyası, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, teatr sənətimizin dünya teatrının ənənə və yenilikləri ilə zənginləşməsinə də mühüm zəmin yaradır. Bu gün ölkəmizdə dövlət teatrları ilə yanaşı, müxtəlif teatr studiyaları, yaradıcılıq məkanları fəaliyyət göstərir. 10 il öncə əsası qoyulan bu nəcib təşəbbüs də milli səhnə mədəniyyətimizin dünya teatr sənəti ilə inteqrasiyası yolunda əhəmiyyətli addım idi.

“Üns”lə tanışlıq...

“Üns”ü digər teatrlardan fərqləndirən cəhətlərdən biri də onun dizaynında, binasının ümumi görünüşü və interyerində özünü göstərir. Kiçik həyətlə foye həmahənglik təşkil edir. Tamaşaçı teatra daxil olan kimi milli və eyni zamanda ümumbəşəri ideyalarla, mədəniyyət və incəsənətlə ünsiyyətə girir. Qeyd edək ki, ötən əsrin əvvəllərinə aid binanın yeni tikilmiş hissəsinin memarı Oqtay Səttarovdur. Rəssam Altay Sadıqzadənin dizaynı əsasında qurulmuş metal konstruksiyalar teatrın əsas giriş hissəsinə xüsusi yaraşıq verir. Hər iki foyedə güclü obrazlılığa və təsir gücünə malik müasir sənət nümunələri, rəsm əsərləri tamaşaçını düşünməyə vadar edir. Teatrın binasının önündə və foyedə qoyulmuş heykəltəraşlıq əsərləri isə Xalq rəssamı Fuad Salayevin əl işləridir. Burada poetik və satirik obrazlar böyük ustalıqla işlənmişdir. Bütün bu nümunələr isə ona xidmət edir ki, tamaşaçı bilməlidir - teatr dünya haqda anlayışlarının bir hissəsidir və eyni zamanda tamaşaçı inanmalıdır ki, mədəni varlığı onun həyatı üçün çox vacib nəsnədir.
10 il əvvəl açılış mərasimində “Üns Yaradıcılıq Səhnəsi” layihəsinin müəllifi və rəhbəri, professor Nərgiz Paşayeva teatrın yaranma səbəblərini belə açıqlamışdı: “Azərbaycanda 150 illik bir dövrdə milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırmış və ənənələr yaratmışdır. Böyük aktyorlar Şərq mədəniyyəti üçün ənənəvi olmayan sahədə böyük uğurlar qazanmış, özlərindən sonra məktəb və ənənə qoymuşlar. “Üns Yaradıcılıq Səhnəsi”nin əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir səviyyəyə qaldırmaq, bir növ ənənəni və yeniliyi birləşdirməkdir”.
Fikri, ideyanı, mənəvi tələbatı reallaşdırmaq məqsədi daşıyan layihədə teatr tamaşalarına üstünlük verilsə də, burada ədəbi-bədii axşamlar, maraqlı şəxsiyyətlərlə görüşlər, maarifçi xarakterli tədbirlər də keçirilir. Çünki bu teatr mədəniyyətin bir çox növlərini və janrlarını özündə təmsil edir. Azərbaycan mədəniyyəti aləmində forma və məzmunca yeni model olan “Üns” Yaradıcılıq Səhnəsi Azərbaycanın mədəniyyət salnaməsində yeni səhifə açdı. Ötən müddətdə tamaşaçılara bir-birindən fərqli tamaşalar, rəngarəng kompozisiyalar təqdim etdi. “Üns”ün səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş "Beşikdən əbədiyyətə qədər" filminin premyerası, Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən “Məryəm” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib, Rusiyanın və Ukraynanın Xalq artisti Roman Viktyukun rejissoru olduğu "Fedra" mistik dramı oynanılıb, görkəmli sənət adamları ilə görüşlər, ustad dərsləri təşkil edilib. Beş il öncə teatrın ilk yubileyi münasibətilə keçirilən konsertdə əfsanəvi Oleq Lundstrem adına Rusiya Dövlət caz musiqisi kamera orkestri çıxış etmişdi.
Yaradıcılıq səhnəsinin sənətsevərlərlə ilk görüşü isə “Bakı” musiqili tamaşası olub. Tamaşa Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbül adına Orta ixtisas musiqi məktəbinin tələbələrindən ibarət gənclərin birgə əməyi ilə hazırlanmışdı. İlk tamaşada unudulmaz bəstəkar Tofiq Quliyevin mahnılarından istifadə olunmuşdu. Bu mahnıların əksəriyyəti Moskva arxivlərində uzun axtarışlardan sonra tapılmış və musiqisevərlərə yenidən təqdim edilmişdi. Fəaliyyəti dövründə “Üns” ziyalıların, sənətsevərlərin sevimli məkanına çevrildi. Burada keçirilən hər bir uğurlu tədbir bilavasitə Nərgiz Paşayevanın yaradıcılıq istedadı və intellekti ilə bağlıdır. “Üns” öz gəlişi ilə sənət aləminə yeni ab-hava, yeni ovqat gətirdi, az vaxtda geniş tamaşaçı rəğbəti qazandı.
Uzun illər boyu milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırıb və ənənələr yaradıb. “Üns” Yaradıcılıq Səhnəsinin məramlarından biri də Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onun indiki, müasir məcrada inkişafını təmin etmək, bir növ klassika ilə modernliyin harmoniyasını yaratmaqdır. Bu, sadəcə, teatr deyil, ziyalıların ünsiyyət ocağıdır. Qısa zaman kəsiyində öz repertuarı ilə Azərbaycan mədəni həyatında özünəməxsus yer tutan “Üns” sənətdə, səhnədə Şərq və Qərbin sintezini nümayiş etdirə bilib. Teatrın repertuarının hər bir təqdimatı teatrsevərlər üçün sənət bayramına çevrilib. Elçinin əsərlərinin antrepriz tamaşaları, Edvard Radzinski, Sergey Yurski ilə görüşlər, «Gelikon-opera»nın quruluşları, Robert Sturuanın, Roman Viktyukun səhnə əsərləri və neçə-neçə digər yaradıcılıq axtarışlarının maraqlı tapıntıları.

Belə məkanda ifaçılardan klassika tələb olunur

Bu günə kimi “Üns”ün səhnəsindən tamaşaçılara səslənən tanınmış sənət adamlarının teatr haqqında fikirləri də maraqlıdır.
Rusiyanın Xalq artisti, “Mono-Due-Trio” Teatrının rəhbəri Aleksandr Filippenko: “Məncə, rəssamlar, şairlər, aktyorlar, yazıçılar, rejissorlar Xarici İşlər Nazirliyinin ən sadiq və səmimi əməkdaşlarıdır. Təəccüblənməyin, onlar əsl diplomat kimi insan münasibətlərinin mürəkkəb, çoxmillətli binasını yaradırlar. «Üns» teatrı bu diplomatiyanın ən parlaq nümayəndəsidir”.
Rusiyanın Xalq artisti, aktyor, rejissor, ssenarist Sergey Yurski: “Üns” gözəl kamera teatrıdır. Tamaşaçı ilə aktyorun yaxın məsafədən ünsiyyət saxlamasına imkan yaradan, yüksək səviyyəli solistlərin, kollektivlərin çıxışına yer verən teatr. Məhz belə kamera məkanında ifaçılardan müxtəlif növ klassika tələb olunur: Avropa, rus, Azərbaycan klassikası...”
Qazaxıstanın Xalq şairi, ədəbiyyatşünas, ictimai-siyasi xadim Oljas Süleymenov: “Mədəniyyət dostluğun, əməkdaşlığın inkişafına və möhkəmlənməsinə xidmət edir. “Üns” teatrı məhz bu işlə məşğuldur; onun səhnəsində görkəmli sənətkarların çıxışı izlənib...”
Rusiyanın Xalq artisti, “Satira” Teatrının rəhbəri və baş rejissoru Aleksandr Şirvindt: “Belə teatrda olmaq hər bir aktyor və rejissorun arzusudur. Əgər belə demək mümkündürsə, teatrın atmosferində nadir rast gəlinən bir mükəmməllik kompleksi mövcuddur. Bu zərif teatrın missiyası bizim qarşılıqlı əlaqələrimizi yoluna qoymaqdan ibarətdir, çünki həm mədəniyyət, həm dünyaya münasibət, həm də ənənələrimizdə çox bağlılıq var. Bunu dağıtmaq olmaz. Və teatr bu məsələdə böyük və başlıca rol oynayır...”
Biz də bu xoş sözlərə qoşularaq zərif teatr missiyasını ötən 10 ildə layiqincə həyata keçirən “Üns”ə yeni-yeni uğurlar diləyirik və səhnəsindən hər zaman dostluq, insansevərlik mesajlarının səslənməsini arzulayırıq!

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar