Qax Dövlət Kukla Teatrında istedadlı, öz sənətinin vurğunu olan sənət fədailəri çoxdur. Rəssam Mayis Abdullayev onlardan biridir.
Mayis Abdullayev 1977-ci ildə Qax şəhərində anadan olub. Qax İncəsənət məktəbinin rəssamlıq şöbəsində sənətin sirlərinə bələd olub. Sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində teatr dekorasiya sənəti ixtisasına yiyələnib.
2002-ci ildən Qax Dövlət Kukla Teatrında quruluşçu rəssam vəzifəsində çalışır. Bu illər ərzində onlarla tamaşaya bədii tərtibat verib. Rus xalq nağılı əsasında hazırlanmış “Turp” tamaşası Ukrayna, Gürcüstan, Rusiya və digər ölkələrdə teatr festivallarında mükafata layiq görülüb. A.S.Puşkinin “Qızıl balıq”, Ü.Hacıbəylinin “Ər və arvad” operettasının, Ə.Orucun “Zınqırovlu pişik”, Ş.Peronun “Qırmızıpapaq”, R.Kiplinqin “Başlı-başına gəzən pişik” tamaşalarının böyük uğurlar əldə etməsində tərtibatçı rəssam Mayis Abdullayevin xüsusi xidmətləri var.
İstedadlı rəssamın rayonun Əlibəyli kəndindəki Gürcü Dram Teatrında tamaşaya qoyulan Əli Əmirlinin "Bala, başa bəla" tamaşasına verdiyi bədii tərtibat da böyük maraqla qarşılanıb. O, həmçinin rayonda keçirilən mədəni-kütləvi tədbirlərin, bayram mərasimlərinin bədii tərtibatında fəal iştirak edir. Sənət dostumuza gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Osman Abdullayev
Qax Dövlət Kukla Teatrının ədəbi hissə müdiri