Əməkdar artist Şövqi Hüseynovun yaradıcılığının özəllikləri barədə düşüncələr

Tamaşaçıların şüurunda müəyyən dərəcədə stereotip formalaşıb ki, aktyor deyəndə ilk olaraq nəzərə ucaboy, qəltanlı gur səs, yaraşıq gəlir. Təbii ki, bu stereotipin həqiqətə söykənən müəyyən reallıqları da var. Amma və di gəl ki, istedad və səhnəyə məhəbbət, məlahətli və cazibəli görkəm də aktyor üçün mühüm şərtdir. Azərbaycanda Ələsgər Ələkbərov, Həsənağa Turabov, Yusif Vəliyev kimi ortaboylu, İsmayıl Osmanlı, Fazil Salayev, Lütfəli Abdullayev kimi bəstəboylu səhnə korifeylərimiz də olub.

Şövqi Hüseynov çağdaş dövrümüzün, müasir Azərbaycan teatr məkanının bəstəboy aktyor nəslinin təmsilçilərindəndir. Səhnəyə ilk addımlarını da hələ Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda oxuyanda özünün zahiri görkəminə uyğun gələn Bakı Kamera Teatrında atıb. O teatrda ki, onu sənət müəllimi, rejissor, Xalq artisti Cənnət Səlimova öz tələbələrinin gücü ilə açıb. Bu kiçik teatrın ilk kövrək addımdan doğan birinci tamaşası 1991-ci ildə olub. Həmin o ilklərin arasında 19 yaşlı Şövqi Hüseynov da vardı. Kamera teatrında kamera estetikasında kamera xarakterli rollar oynayan Şövqi tez bir zamanda kollektivin liderinə çevrildi. Yaxından tanıyanlar yaxşı bilirlər ki, Şövqi Ərəstun oğlu Hüseynov təvazökardır, sadədir, mehribandır və heç vaxt, necə deyərlər, boyundan hündür iddiada olmur. Amma və di gəl ki, istedadına güvənən, işlədiyi kollektivlə qürrələnən, buradakı hər kəsə ehtiramla yanaşan Şövqinin iddiaları yox, istedadı, çalışqanlığı, öyrənməyə ehtiraslı həvəsi onu kamera teatrının lideri etdi. Buna görə də bu liderliyi həm kollektiv, həm teatr ictimaiyyəti, həm də tamaşaçılar qəbul etdilər. O, Əməkdar artist fəxri adına layiq görüldü.
Bunlar hamısı Bakı Kamera Teatrında oldu. Oldu və illər illərin üstünə gəldikcə, kamera teatrı boy atdıqca biz də əminliklə yəqin etdik ki, bu aktyorun yaradıcılıq imkanları görkəmindən qat-qat böyükdür. Gördük və bir daha inandıq ki, daxili zəngin, ehtirası çılğın, idrakı işıqlı olan bəstəboy aktyor da böyük səhnə uğurları qazana bilər. Qazandıqca da səhnədən daha uca görünə bilər. Bütün bunlara görə Şövqi yüksək səhnə mədəniyyətinə, coşqun daxili ehtirasa, emosional duyğulara malik aktyor kimi qəbul olunur, sevilir, dəyərləndirilir.
Mədəniyyət və Turizm Nazirliyi Bakı Kamera Teatrının fəaliyyətinə həmişə qayğı ilə yanaşıb, onun inkişafını yüksək qiymətləndirib, kollektivin üzvlərinə fəxri adlar verilib. 2009-cu ildə Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildi. Təbii ki, Şövqi Hüseynov kollektivdən ayrılmadı. Nəticədə onun üçün yeni yaradıcılıq üfüqləri açıldı.
Şövqi Hüseynov ifa etdiyi rolun, janrından asılı olmayaraq, tamaşanın enerji nüvəsini dəqiq tapır və bu mərkəzdən başlayaraq obrazını müxtəlif ekssentrik dairələrdən keçirib finala aydın xəttlə aparmaqla öz ifasına cazibədarlıq verir.
Tamaşanın sürət-ritmini tutmaq və ideyanın inkişaf xəttinin dinamikasını daim hərəkətdə saxlamaq üçün daxili coşqunluğunu bu sürət-ritmlə həssaslıqla tənzimləyir. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsəri əsasında işlənmiş «Məkkəyə yol» tamaşasındakı Qazı rolu buna parlaq misaldır.
Klassik əsərlərin ideyasında gizlənən əsas fikri psixoloji dərinliklə, fəlsəfi mahiyyəti ilə rejissorun müəyyənləşdirdiyi ali məqsədin məntiqinə uyğun şəkildə təhlilə çəkib öz oyununda təcəssüm etdirə bilir.
Şövqinin sənətdə qazandığı uğurlar yalnız onun istedadı, teatra məhəbbəti ilə bağlı deyil. Aktyor həm səhnəni yaxşı görür, həm tamaşaçı salonunu duya bilir, həm də coşqun ehtirasını, emosional lirizmini ölçü-biçidə realizə etməkdə səriştəlidir.
Şövqi Hüseynovda yüksək səhnə mədəniyyəti var. Səhnədə yöndaşları ilə münasibətdə səmimidir, diqqətcildir, istənilən məqamda ünsiyyət qurmağı bacarır.
Aktyor oynadığı obrazı həm idrakla, həm də emosional duyğularla qavramaqda təcrübəlidir. Qavradığını əlvan və mənalı ifadə vasitələri ilə canlandırır.
Elə aktyorlar var ki, səhnənin hansı guşəsində dayanmasından, monoloq söyləməsindən, dialoqa girməsindən, ya sadəcə mizana uyğun gəzişməsindən asılı olmayaraq, səhnə boş görünür, cansıxıcı təsir bağışlayır. Amma və di gəl ki, Şövqi Hüseynov monotamaşalarda bir saatdan çox səhnədə tək qalır və səhnə dopdolu görünür, tamaşaçı üçün cazibəli olur. Həmin bu doluluğu təmin edən istedad və tamaşaçı salonunu duymaq səriştəsi, onları bütün psixoloji, gərgin məqamlarda da görə bilmək qabiliyyəti, oyuna təbiilik ahəngi vermək vərdişi ilə bağlıdır. Monotamaşalardakı Kontrabasçı («Kontrabas», Patrik Zyüskind), Poprışşin (“Dəlinin qeydləri”, Nikolay Qoqol), Feyerbax (“Mən Feyerbaxam”, Tankret Dorst) rollarını xatırlamaq kifayətdir ki, mənim fikirlərimin reallığı bir daha təsdiqlənsin.
Şövqi Hüseynov həm milli, həm də Avropa karnaval estetikasının poetika səciyyələrini, oyun estetik prinsiplərini yaradıcılıqla mənimsəmiş aktyordur. Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri», “Xırs quldurbasan”, «Müsyö Jordan və dərviş Məstəli şah» komediyalarındakı vəzir Mirzə Həbib, Tanrıverdi və Məstəli şah rollarını aktyor qaravəlli, məsxərə, məzhəkə janrlarının sintezində oynayıb. Oynayıb və bu çoxluğu vahid estetikada həssaslıqla birləşdirməklə onların mayasına bir qədər ironiya, bir qədər satira və bir xeyli də qrotesk elementləri əlavə edib. Əlavə edib və tamaşaçılara dadlı-duzlu, cazibəli-gülməli tip personajlar göstərilib.
Məşhur italyan dramaturqu Karlo Qoldoninin komediyaları del arte xalq oyun-tamaşa poetikasında işlənib. Şövqi dramaturqun “Mehmanxana sahibəsi”ndə ifa etdiyi Kavaler Ripafratta rolunu del arte üslub-formasının başlıca ifadə prinsiplərini mənimsəyərək oynayıb. Üstəlik də obraza Avropa karnaval estetikasının gülüş ruhunu qatmaqla tip-personaja heyrətamiz canlılıq verib. Jan Batist Molyerin «Skapenin kələkləri» komediyasındakı Skapen rolunun ifasında isə əsasən Avropa karnaval estetikasına əsaslanıb. Eyni zamanda Azərbaycan meydan teatrının aparıcı janrlarından olan məişət məzhəkəsinin dadından, şirəsindən, koloritindən də məharətlə barınıb. Nəticədə bizə doğma, anlaşıqlı, hətta məhrəm olan bir komediya personajını qəbul edib rəğbət bəsləyirik və onun “kələklərinə” məmnuniyyətlə haqq qazandırırıq.
Müasirlərimiz olan obrazların səhnədən canlandırılması tamaşaçıları hər deyəndə tam razı salmır. Çünki səhnədə hər gördüyümüz insanın hərəkətlərinə, əməllərinin reallığına bizi dramaturqun, rejissorun, bilavasitə aktyorun bədiiliklə inandırması çətindir, istedad və axtarış zəhmətinə qatlaşmaq tələb olunur. Deməli, həyatilikdən uzaq müəllif qənaətlərini qəbul etmək çətindir, yaxud da həmişə uğurlu alınmır. Bunları bilən, öz oyununda həssaslıqla gözləyən, obrazların həyati canlılığına ilhamla, məhəbbətlə can atan Şövqinin ifa etdiyi Ramiz («Şirəbənzər», Rüstəm İbrahimbəyov), Narahat adam («Ruh», Kamal Abdulla) personajları, bu qəbildən olan digər obrazları bizə doğma gəlir. Onları duyuruq, başa düşürük, qəbul edirik, əməl və hərəkətlərinə qiymət verməkdə sərbəstik.
Şövqi Hüseynov dünya dramaturgiyasına maraq göstərən, mütaliəni xoşlayan aktyordur. Hətta Kamera teatrında oynanan bir neçə pyesi tərcümə edib, müəyyən nəsr əsərlərini səhnələşdirib. Sözüm bunda da deyil. Demək istədiyin odur ki, aktyor oynadığı tamaşalarda müxtəlif dövrlərə mənsub irland, alman, fransız, rus, amerikan, italyan, yəhudi, ingilis həyat tərzini, obrazların xas olduqları cəmiyyət təbəqəsinin ədəb-ərkan, məişət davranışları qaydalarını dərindən öyrənib-mənimsəmədən səhnəyə çıxmır. Elə buna görə də onun Don Quan, Salyeri («Daş qonaq» və «Motsart və Salyeri», Aleksandr Puşkin), Lopaxin («Albalı bağı», Anton Çexov), Kin («Edmund Kin», Qriqori Qorin), Şifone («Mizantrop», Ejen Labiş), Motl («Mavi yuxular», Şolom Aleyxom və Mark Şaqal), Yaqo («Otello», Uilyam Şekspir), Kral («Eskorial», Mişel de Gelderode), Vladimir («Qodonun həsrətində», Samuel Bekket) rollarını təbii reallıqla qəbul edirik. Onlara istedadın bəxş etdiyi nümunələr kimi yanaşırıq.
Bakı Kamera Teatrında Şövqi romantik teatr estetikasında Aydın (“Aydın”, Cəfər Cabbarlı) və poetik teatr zəminində Şeyx Sənan (“Şeyx Sənan”, Hüseyn Cavid) rollarını oynayıb. Cənnət Səlimova həmin əsərlərə kamera teatrı tələblərinə uyğun elə quruluş vermişdi ki, aktyor bu nəhəng dramaturqların möhtəşəm oyun tələb edən obrazlarına qəribə faciə cazibəsi aşılamışdı. Monumental səciyyə daşıyan Aydın və Şeyx Sənan obrazlarını teatrın kiçik səhnəsində maraq dairəmizə uyğun tərzdə qəbul edirdik. Bakı Kamera Teatrı Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildikdən sonra “Aydın” və “Şeyx Sənan” böyük səhnə üçün, GTT-nin üslub-formasında repertuarda yer aldı. Tamaşaçılar böyük səhnədə monumental-romantik janrda ərsəyə gətirilmiş tamaşada Şövqinin qəhrəmanlarını tamam yeni oyun-ifadə prinsiplərində gördülər.
Bu müqayisəyə aktyorun hər iki teatrda şövq və ilhamla oynadığı Raffaelle («Don Raffalle-trambonçu», Repino de Filippo), Kontrabasçı («Kontrabas», Patrik Zyüskind) rollarını da daxil etmək olar.
Deməli, istedadının, daxili çılğınlığının, emosional coşqunluğunun cilovu əlində olan aktyor üçün səhnənin böyük-kiçikliyi yeganə və mütləq meyar ola bilməz. Şövqi Hüseynovun istedadına inananlar, ancaq onun böyük səhnədə kamera tamaşalarındakı qədər uğur qazana biləcəyinə şübhə edənlər bəlkə də haqlı idilər. Amma və di gəl ki, Şövqinin istedadı, cəsarəti, zəhmətsevərliyi, nəhayət, hələ tam açılmamış daxili imkanlarının zənginliyi göstərdi ki, aktyor daha böyük qələbələr qazanmağa qadirdir. Dediklərimi aktyorun əyani şəkildə Gənc Tamaşaçılar Teatrında oynadığı Merkusio, Savalan («Məhv olmuş gündəliklər», İlyas Əfəndiyev), Hacı Kamyab («Xortdanın cəhənnəm məktubları», Əbdürrəhim bəy Haqverdiyev), İnqilab («Miras», Hüseynbala Mirələmov), III Riçard («III Riçard», Uilyam Şekspir) obrazlarının ifadəli, ecazkar səhnə həlli də açıq-aydın göstərdi.
Aktyor Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının tamaşasında dəvətlə Məşədi İbad rolunu ifa edib. Aktyor obrazı ənənəyə uyğun olaraq bir rəngdə oynamırdı. Onun Məşədi İbadı səriştəli tacir, əyyaşlıqdan uzaq olan, dini inancına sadiq tacirdir. Eyni zamanda pulu ilə qürrələnən, var-dövlət hesabına 15 yaşlı Gülnazla evlənməyə can atan əbləh təsiri bağışlayır. Şövqinin Məşədi İbadı maymaq deyil, müəyyən mənada aldadılan zavallıdır. O, əhatəsində olduğu Rüstəm bəydən, Həsənqulu bəydən, qəzetçi Rzadan, intelligent Həsəndən, Qoçu Əsgərdən səmimi adamdır.
Aktyor Moskvada keçirilən “Əsrin gəncliyi” beynəlxalq televiziya-teatr festivalının laureatıdır. Moldovanın Kişinyov şəhərində keçirilən beynəlxalq mono-tamaşalar festivalında münsiflər heyətinin xüsusi mükafatını alıb. İranın Ərk şəhərində keçirilən teatr festivalında ən yaxşı kişi rolu mükafatına layiq görülüb (“Dəlinin qeydləri”, Poprışşin). Belarusun Brest şəhərində keçirilən “Belaya Veja” beynəlxalq teatr festivalında ən yaxşı kiçik formalı tamaşa mükafatına yiyələnib (“Kontrabas”, Kontrabasçı). Mən bu siyahıya aktyorun Sankt-Peterburq, ayrı-ayrı vaxtlarda İranın Əhvaz və İsfahan şəhərlərində keçirilən festivallardakı uğurlarını da əlavə edə bilərəm. Məsələ bu faktların sadalanmasında deyil. Sözümün canı, məğzi ondadır ki, Şövqi Hüseynov 25-30 yaşlarından başlayaraq Azərbaycanın hüdudlarından kənarda da tanınıb, oyunu bəyənilib, ifalarına layiq olduğu qiymətlər verilib. Bu tanınma, bu qiymət Şövqi Hüseynova məxsus olsa da, geniş mənada Azərbaycan teatrının uğuru, milli səhnə sənətimizin dünya meridianlarında inamla addımlamasının daha bir səhifəsidir.
Şövqi Hüseynovun istedadına güvəndiyim, zəhmətsevərliyinə əminliyim olduğu üçün inamla deyirəm ki, sevimli aktyor qarşıdakı illərdə də özünün yaradıcılıq səhifələrinə yeni-yeni naxışlar əlavə edəcək.

İlham Rəhimli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar