Etiraf edim ki, İsveç yazıçısı Astrid Lindqrenin Uzuncorab Pippisi uşaqlıq çağlarımın ilk və ən sevimli ədəbi qəhrəmanlarındandır. Səkkiz yaşım tamam olanda dayımın mənə bağışladığı o kitab indiyədək şəxsi kitabxanamdadır.

İsveçin ölkəmizdəki səfirliyinin dəstəyi ilə məşhur yazıçının 9 əsəri Azərbaycan dilinə çevrilərək qaçqın məktəblərinə paylanılıb.
Oktyabrın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası baş tutan «Uzuncorab Pippi» tamaşası həmin layihənin davamıdır. Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov və İsveçin Azərbaycandakı səfiri Tomas Donestad çıxış etdilər və bu layihə barədə, 1945-ci ildə ilk dəfə oxucularla görüşəndən bəri şöhrəti azalmayan balaca Pippi barədə tamaşanın teatrın repertuarında sevimli və daimi tamaşaya çevrilməsini arzuladılar.
* * *
Tale elə gətirib ki, Pippinin (Zumrüd Quliyeva) ömrünün ilk illəri evdə, isti ana qucağında yox, dəniz qulduru olan atasının - Uzuncorab Kapitanın (Eyvaz İbrahimov) gəmisində keçib. Özünün etiraf etdiyi kimi, ona tərbiyə verən, özünü cəmiyyət içində necə aparmağı öyrədən olmayıb. Amma Pippinin insanlara, həyata olan sevgisi elə dənizlər qədər geniş və dərindir.
Düzdür, xeyirxah, hətta oğrulara belə acıyan Pippini onun yaşıdlarından başqa kimsə anlamır. Dostlaşdığı Tommi (Anar Seyfullayev) ilə Annikanın (Gülbəniz Mustafayeva) mehriban anası Marian Setterqran (Hüsniyyə Əhmədova) da rəfiqələri - sosial təminat idarəsinin əməkdaşı Xanım Prisselius (Əməkdar artist Nəsibə Eldarova) ilə Xanım Qrenberqin (İlqarə Tosova) təsiri altında övladlarını Pippidən uzaqlaşdırmağa çalışır, onların dostluğuna mane olur. Təkcə Müəllim (Əməkdar artist Gülər Nəbiyeva) Pippiyə nəsə öyrətməyə çalışır, lakin «tərbiyəli ailələr»in «normal» uşaqları onun əsəblərini elə pozub ki, Müəllimin Pippini tərbiyələndirməyə və ona elementar savad verməyə hövsələsi çatmır.
Bəs «Uzuncorab Pippi»nin bir əsər, tamaşa olaraq mahiyyəti, tamaşaçıya yolladığı ismarış nədir?
Bizcə, bu əsərdən uşaqlar dostluq etməyi bacarmağı, özünə dost seçərkən yalnız qəlbinin səsini dinləməyi, böyüklər isə balacaların qayğısına qalmağı, tərbiyə vermək istəyi ilə onları gözümçıxdıya salmamağı öyrənməlidirlər.
Tamaşanın quruluş müəllifi, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov rəssam Elşən Sərxanoğlu ilə birlikdə səhnə əsərinin çevik və lakonik həllinə nail olub.
Pippinin yaşadığı «Toyuq villası» sinif otağına, Tominin evinə, kirəmitli dam örtüyü isə asanlıqla Pippinin atasının gəmisinə çevrilə bilir. Premyera zamanı səhnədə gördüyümüz yaradıcı heyətin (tamaşada Tommi və oğru Blomdan başqa bütün ifaçıların dublyoru var) çıxışı xoş təsir bağışladı. Uşaq rollarının ifaçıları həqiqətən uşaq kimi hərəkət edir, özlərinin artıq peşəkar aktyor olduqlarını unutdururdular. Zümrüd Quliyevanın qəhrəmanı anında dama dırmanan, partanın üstündən döşəməyə asanlıqla hoppananda nəfəsi təngiməyən əsl Pippi idi.
«Uzuncorab Pippi» layihə tamaşası olduğundan səhnə əsərinin bəstəkarı Sebastian (Danimarka), məsləhətçisi isə isveçli rejissor Ronni Danielsondur.
95 il mənalı ömür sürmüş, tükənməz fantaziyaları və uşaq psixologiyasına bələdliklə gözəl əsərlər yazmış Astrid Lindqrenin «Uzuncorab Pippi»si yetmiş ildir ki, bütün dünyada oxunur, tamaşaya qoyulur, onun əsasında filmlər çəkilir. Azərbaycan səhnəsində də ömrü uzun olsun!

Gülcahan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar