Ali məktəblər üçün fundamental dərslik yaratmaq tədqiqatçıdan təkcə nəzəri cəhətdən hazırlıqlı olmağı tələb etmir, həm də zəngin pedaqoji təcrübə, analitik təfəkkür tərzi və səriştə istəyir. Bu mənada Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının "Ədəbiyyat və dillər" kafedrasında nəşrə hazırlanan professor M.İ.Əliyevin "Ədəbiyyat nəzəriyyəsinin əsasları" ("Elm və Təhsil", 2009, 678 s.) adlı dərsliyi hər şeydən əvvəl gərgin elmi zəhmətin məhsulu kimi diqqəti cəlb edir.
  
   Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçilər AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Teymur Kərimli və filologiya elmləri doktoru Tərlan Quliyevdir. Uzun müddətdir ki, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün ədəbiyyat nəzəriyyəsi fənnindən mükəmməl bir dərsliyə ehtiyac duyulurdu. Belə ki, artıq ali məktəblərimizin yeni tədris proqramlarına keçdiyi, dünyaya inteqrasiya edildiyi bir zamanda sovet dövrü ideologiyasının təsiri altında yazılmış dərsliklərdən fərqli, siyasi meyllərdən uzaq bir dərsliyin ortaya qoyulması vacib idi. İndiyədək çap olunmuş dərsliklərdə diqqətdən kənarda qalan nəzəri-metodoloji məsələlərin əks olunmasına tələbat yaranmışdı. Ədəbiyyatımızda özünü göstərən bəzi təmayüllər, ənənələrdən kənara çıxma halları və s. kimi məsələlər elmi-nəzəri fikir müstəvisindən yeni dərsliyin yazılmasını diktə edirdi.
   Bəs görək bütün bu kimi tələblərə yeni dərslik cavab verirmi?
   Dərslik "Giriş"indəki ilk cümlə diqqəti çəkir: "Bədii sözün "allahlara" belə təsir edəcək sehrkar qüvvəsinə, qüdrətinə inanan insan zəngin söz xəzinəsi yaradaraq onu Ədəbiyyat adlandırdı".
   Elə bu ibarədən buradan professor Məmməd İracoğlunun dərsliyin hazırlanmasına çox ciddi yanaşma istəyi özünü göstərir. Müəllif Maksim Qorki, Aristotel və başqa nəzəriyyəçilərə müraciət etməklə özünün söyləyəcəklərinə zəmin hazırlayır.
   Müəllif Aristotelin ədəbiyyatda tipiklik və obrazlılıq məsələsini xatırladaraq yazır: "Şairin vəzifəsi həqiqətən olmuş bir şeydən danışmaq deyil, ola biləcək şeydən, deməli, ehtimal, yaxud zərurət üzrə mümkün olan şeydən danışmaqdır".
   Bu kimi ciddi tələblərə əsaslanan müəllif "Ədəbiyyatşünaslıq elminin sahələri" adlanan hissədə "Varlığın bədii inikası. Surət, xarakter, tip", "Bədii portret", "Bədii konflikt", "Daxili ziddiyyət", "Bədii əsərin mövzu və ideyası", "Məzmun və forma", "Bədii əsərin kompozisiyası və süjeti", "Peyzaj", "Bədii detal", "Bədii dil", "Bədii üslub", "Bədii təsvir və ifadə vasitələri" və "Bədii ədəbiyyatda gülüş. Satira və yumor" adlı yarımbaşlıqlarla birici bölmə üzrə mülahizə və düşüncələrinişərh etmişdir.
   Kitabın "Bədii üslub" bölməsində professor Məmməd Əliyevin fərqli şriftlə verdiyi tərifə fikir verək: "Üslub - yazıçının fərdi yaradıcılıq qabiliyyətini əks etdirən elementlər toplusudur".
   Fikirlərini davam etdirən tədqiqatçını ümumxalq dilinin ifadə tərzi kimi meydana çıxan bədii üslubun özəl xüsusiyyətlərindən söz açması dərsliyin orijinallığınışərtləndirir. Bədii üslubun digər üslublardan fərqli cəhətlərini göstərən müəllif bu zaman "obrazlılıq", "ekspressivlilik", "bədii surət", "modallıq" anlayışlarına aydınlıq gətirir. Məsələn, "ekspressivlik" termininə belə şərh verir:
   "Bədii üslub özünün estetik-ekspressiv xüsusiyyəti, ekspressivlik sistemi ilə də digər dil üslublarından fərqlənir. Latın mənşəli ekspressio sözündən olub, "ifadəlilik" mənasını ifadə edən ekspressivlik termini bədii üslubda ifadəlilik əlamətlərinin məcmusu, qarşılıqlı əlaqəsi və sistemli təzahürü kimi meydana çıxır və bədii əsərdəki obrazlılığı daha da qüvvətləndirir. ...Bədii əsərlərdəki müxtəlif emosional məqamlar ekspressivliyin ifadəsi kimi meydana çıxır, əsərdəki obrazlılığı daha da qüvvətləndirir".
   Dərsliyin "Ədəbi növlər və janrlar" bölümündə də epik, lirik və dramatik növlər və onların janrları barədə müfəssəl məlumatlardan oxucular yetərincə faydalanırlar.
   Kitabın "Şeir sistemləri və vəznlər haqqında" bölməsində "Heca vəzni", "Sərbəst şeir" və "Əruz vəzni" adları altında təhlil edilir. A.İ.Potebinya, Y.D.Polivanov, F.Korş, V.İ.Şapovalov, M.C.Cəfərov, V.Radlov, Q.Şenqeli, V.Xolşevnikov, İ.V.Stebleva və başqa görkəmli alimlərin fikirlərinə söykənən professor M.Əliyev yazır "Sillabizmin əsas prinsipləri yalnız şeir misralarının bir-biri ilə ümumi müqayisə olunmasının təyin edilməsi ilə məhdudlaşmır. M.Cəfərovun, Z.Əhmədovun qeyd etdikləri kimi, əgər sillabika bütün hallarda şeirin misralarında hecaların miqdarının adi bərabərliyini bildirsəydi, deməli, biz türk xalqlarının və həmçinin Azərbaycan poeziyasının bir sıra mühüm şeir xüsusiyyətlərini izah edə bilməzdik".
   "Azərbaycan şeirinin ritm vasitələri" adlanan bölmədə qafiyə, ritm, təkrir, alliterasiya, assonans və başqa məsələlərə geniş müstəvidən yanaşıb, alliterasiya, assonans tipli hadisələrin guya monqollardan gəlməsi kimi yanlış fikirlərə aydınlıq gətirir. "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış" kimi dastanlarını dili ətrafında maraqlı mülahizələr irəli sürür.
   Müəllif həminçinin ədəbiyyatımızda mövcud olan əruz qafiyə sisteminin ərəblərdən gəlmə deyil, folklormuza təşəkkül tapdığını vurğulayır. Ümumilikdə dərslikdə müəllifin şeir vəznləri, onların tərkibi, quruluşu barədə mülahizələri əsaslıdır.
   "Azərbaycan şeirinin bənd quruluşu", "Azərbaycan xalq şeirinin forma və şəkilləri", "Azərbaycan klassik şeirinin poetik formaları" və başqa yarımbaşlıqlarda apardığı təhlillərdə M.İracoğlu özündən əvvəlki dərsliklərdən fərqli olaraq problemə yeni münasibət bəsləyir, mövcud nəzəri fikirlərə fərqli mövqedən yanaşır.
   Bütövlükdə, professor M.İ.Əliyevin "Ədəbiyyat nəzəriyyəsinin əsasları" kitabı müasir ədəbi prosesin meyarları çağdaş təhsilimizin tələbləri baxımından əhəmiyyətli və faydalıdır.
  
   Şakir Albalıyev,
   filologiya elmləri namizədi