I yazı
  
   Türkiyədə kino 1908-ci ildə əcnəbilərin köməyi ilə yaranmağa başladı. Bu illərdə Cavad Boyer və Murad bəy birlikdə ilk «Türk sineması» şirkətini açırlar. Orada kino gəlir mənbəyi idi. Restoran sahibi Əli Əfəndi (Öztuna) öz adına şirkət təşkil edir. O, bu şirkəti Şakir və Kamal Seden qardaşları ilə birgə açır. Səhmlərin çoxu Əli Əfəndiyə məxsus olur. 
   
   I Dünya müharibəsinin başlanması türk kinosuna əsaslı təsirini göstərdi və dönüşə səbəb oldu. Türk zabiti Fuad Uzkınay «Ayostefandakı rus abidəsinin yıxılışı» adlı tarixi anı əks etdirən film çəkir. Məhz bu gün 1914-cü ildə türk kinosunun yaranışı kimi tarixə düşür. 1915-ci ildən türk kinosu sırf orduya xidmət edir. Hərbi nazir Ənvər Paşa nazirliyin tabeliyində kino departamenti yaratdı. Departament Siqmurt Ucunberq və Fuad Uzkınaya tapşırıldı. Bu departamentlikdə hərbi səhnələr və imperatorların gəzintisi çəkilişinə xüsusi diqqət yetirilirdi. Bu arada «Ləbləbiçi horhor» və «Himmət Ağanın izdivacı» filmlərinin çəkilişinə başlandı. Lakin filmlərin çəkilişi yarımçıq qaldı.
   1934-cü ildə Xəlil Kamilin «Ha-Ka» filmi yenidən çəkildi. İkinci çəkilən film ölkələrarası film şənliyinə qatılıb diplom aldı. Bu film ölkədən kənarda tanınan ilk türk filmi hesab edilir. İkinci filmi isə Fuad Uzkınay müharibədən sonra tamamlayır. F.Uzkınay türk kinosunda misilsiz xidmətləri olan şəxsdir. Kino inkişaf etməyə başlayandan bir müddət sonra teatr kinoya müdaxilə edir. 1919-cu ildə 62 yaşlı Əhməd Fəhim «Mürəbbiyə» və «Binnaz» filmlərini teatr üslubunda çəkir. Rəşid Rza, Behsaq Butaq, Hüseyn Kamal kimi teatr aktyorlarından filmdə istifadə edir.
   Türkiyədə komediya janrı 1921-ci ildə teatr aktyorları Sadı Fikrət Qaragözoğlu, Bican Əfəndi tərəfindən 22 dəqiqəlik film yaradılır. Bundan sonra iki belə film çəkilir. Hər üç filmin rejissoru və baş qəhrəmanı Qaragözoğlu olur.
  
   Film mübadiləsi
  
   Mübadilə inkişafın əsasıdır. Bu baxımdan Əli Əfəndi «Şakir və Kamal S. qardaşları: kino işçiləri şirkəti» yaradaraq xarici filmlərin ölkədə nümayişini təşkil edirlər. Ümumilikdə gəlir götürmək məqsədi ilə edilsə də, ölkəyə xarici filmlərin gəlişi türk kinosunun formalaşması üçün əlverişli şərait yaratdı.
   1916-cı ildə Almaniyada aktyor və rejissor kimi fəaliyyət göstərən Mühsin Ertoğrulun vətənə dönüşü və ilk şəxsi kino evi olan «Kamalfilm» şirkətinin açılışı da kinoda dönüşə səbəb olur. Həmin şirkətdə çəkilən «Boğaziçi əsrarı» (Nur Baba) filmi ilk dəfə ədəbiyyatdan bəhrələnmiş film sayılır. Bu filmin əsasında Yaqub Qədri Qaraosmanoğlunun «Nur baba» romanı dayanır. Mühsin Ertoğrul isə türk kinosunda bir çox sahələrdə yeniliklər etmiş insandır. Onun müraciət etdiyi mövzular olduqca maraqlı və tarixi əsası olan türk xalqının spesifikasını əks etdirən filmlərdir. O, sonralar ədəbiyyata istinad edərək Peyami Səfanın eyni adlı romanı əsasında «Sözdə qızlar» filmini çəkir. O, 1925-ci ildə Rusiyaya gedir, vətənə döndükdə isə «Ankara postası» və «Qaçaqçılar» filmini çəkir. 1935-ci ildə çəkdiyi «Bataqlıq damın qızı» səsli filmi kənd mövzusuna həsr olunmuş ilk filmdir. Bu filmdə Sovet İttifaqının təsiri özünü göstərir.
   Almanyiada fəaliyyət göstərib gəlmiş Mühsin Ertoğrul ilk dəfə olaraq təkbaşına kino birliyi yaradır. Azadlıq mövzusundan bəhs edən «Atəşdən köynək» filmi ilə türk kinosunadaha bir yeniliyəimza atıldı - türk qadını ekrana gətirildi. Ən məşhur türk kinoaktrisası Cahidə Solku olur. O, Aysel roluna görə məşhurlaşmışdı.
  
   Səsli mərhələ və kinoya rəngin gəlişi
  
   Çox maraqlı bir haldır ki, bu mərhələ də Mühsin Ertoğrulun adı ilə bağlıdır. Onun xarici ölkələrə işgüzar səfəri vətənində özünü parlaq şəkildə doğruldurdu. Onun «İstanbul sokaklarında» filmi türk kino tarixinə iki əsas səbəbə görə düşmüşdü. Bu ilk ortaq (Türkiyə-Misir-Yunanıstan) film hesab edilir. İlk səsli film kimi türk kino tarixinə düşən bu filmlə yeni bir mərhələ başlayır. Film çəkildikdən sonra Parisin «Espinay» studiyasında səsləndirilmişdi. M.Ertoğrulun Darül Bədaye Teatrının aktyorlarından istifadə edərək «Bir millət oyanır» filmi həmin dövrə qədər çəkilmiş filmlərin ən yaxşısı hesab edilir. Bu filmin ən ümdə xarakteri o idi ki, onun baş qəhrəmanı xalq arasında tanındı. 1932-ci ildə «İpəkfilm» şirkəti ilk səs studiyası yaratdı. Bundan sonra filmlərin səsləndirmə işi asanlaşdı.
   Mühsin Ertoğrulun «Atlas» studiyasında çəkdiyi «Xalıçı qız» ilk rəngli film kimi yadda qaldı. Lakin bu film ideya baxımından əvvəlki filmlərdən zəif idi. Rejissor rənglərlə işləməyə üstünlük verdiyindən filmi ideya baxımından zəif idi. Bundan sonra o, film çəkilişindən imtina etdi. Bu onun son filmi hesab edilir.
  
   Nazim Hikmət - ölkədən kənarda işləyən ilk ssenarist
  
    Nazim Hikmət Azərbaycanda da kinossenarist kimi fəaliyyət göstərib. Kino sahəsində də Azərbaycan tamaşaçısı onu rejissor İ.Qurin və Əjdər İbrahimbəyovun çəkdiyi «Bir məhəlləli iki oğlan» filmindən tanıyır. O, Türkiyədə ssenarist kimi N.Hikmət adı ilə deyil, Mümtaz Osman təxəllüsü ilə çalışıb. O, «Düyün gecəsi», «Qanlı nigar» filmlərinə ssenari yazıb. Sonradan Darül Bədaye Teatrının aktyorları «Yeni Qaragöz» filmini işləyir..
  
   Uğurlu kinorejissor
  
   1949-cu ildə türk kinosu yeni axara düşdü. Məhz bu yeni axar Lütfi Akadın adı ilə bağlıdır. Onun «Vurun kahveyi» filmi düşüncə baxımından yeni idi. Dayanmadan filmlərinin sayını artıran Akad öz avtobioqrafiyasını əks etlirən «Qanun naminə» filmini çəkdi. Onun bu filmi türk kino dilinin dəyişməsinə güclü təsir etdi. O sadə yaşam tərzini, adi həyatı kinoya gətirdi. Bu arada Akad, A.Arakon, H.Bozak, B.Arpad kimi yazıçı və rejissorlar bir araya toplanaraq «Türk film dostları cəmiyyəti»ni yaratdılar. Dərnəyin əsas funksiyası kinonu sənət kimi inkişaf etdirmək, millətlərarası danışıq dilinə çevirmək olmuşdu. O, kinoya yeni aktyorlar gətirdi. Onun «Ağ altun» filmi ilə Atıf Yılmaz, Fatma Girik, Leyla Suyar kimi aktyorlar özlərini kinoda təsdiq edə bildilər. Lütfi Akad özünü kinoda ssenarist kimi də sınamışdı. «Yalnızlar rehtimi», «Attila İlhan» ssenarilərində xarici ölkələrin təsiri özünü göstərirdi. Xüsusilə «Attila İlhan»ın ssenarisi bu baxımdan mübahisəyə səbəb oldu. Türk filmi də digər ölkələrin kinosu kimi müəyyən mərhələlər keçmiş, öz həyatlarını, dünyagörüşlərini əks etdirə bilmişdi. Türk kinolarına nəzər saldıqda, istisnaları çıxmaq şərti ilə, ən çox hərbi və melodram janrına müraciət edilib. Son dövrlər türk kinosu bu janrlardan uzaqlaşaraq yeni və dünyanın diqqətini çəkən filmlər istehsal etməkdədir. Müasir türk kinosu isə başqa bir yazının mövzusudur.
  
   Aytək