Nurəddin Mehdixanlı: “Cavad xan” filmi bütün işğallara qarşı çəkilmiş bir filmdir”
Ramiz Novruzov: “Sisianov rolunu rus aktyoru oynasaydı, mütləq ona aristokrat don geyindirəcəkdi”
“Bizim kino” prodüser mərkəzində dövlət sifarişi ilə istehsal olunan “Cavad xan” filmi bu gün 2 avqust Kino Günü münasibəti ilə Heydər Əliyev Sarayında nümayiş olunacaq. Ssenari müəllifi Sabir Rüstəmxanlı, rejissoru Rövşən Almuradlı olan “Cavad xan” filmi hələ ki, Azərbaycanda ən bahalı ekran əsəridir. Filmdə vətənpərvərlik mövzususunun nə qədər kinematoqrafik dildə verildiyi haqqında baş rolların ifaçıları xalq artistləri Nurəddin Mehdixanlı (Cavad xan) və Ramiz Novruzov (Sisianov) danışdı.
- İlk olaraq vətənpərvərlikdən başlayaq. Yəni filmin kinematoqrafik keyfiyyətini kənara qoyaq. “Cavad Xan” filmi vətənpərvərlik mövzusunu özündə əks etdirə bilib, yoxsa...
Nurəddin Mehdixanlı: - Vaxtilə bu mövzu bizim tariximizin qadağan olunmuş səhifələrindən biri idi. Cavad xan dövründə çar imperiyasının işğalına qarşı mübarizə edənlərin aqibəti müxtəlif oldu. Kimlərsə mübarizəni sonacan apardı, kimlərsə satıldı, kimlərsə sındı və ya sındırıldı, kimlərsə mübarizəsiz məglub oldu və s. Cavad xan da çar imperiyasına qarşı vuruşmuşdu, yüz il sonra bolşeviklər də. Maraqlıdır ki, çar Rusiyasını devirən bolşeviklər onun təbəəliyini qəbul edən Fətəli xan haqqında film çəkilməsinə icazə verdilər, amma Cavad xan barəsində nəinki film çəkmək, hətta adı belə yasaq olundu. Torpaqlarımız zaman-zaman işğal olunub. Çar Rusiyası dövründə də, sovet dövründə və müstəqillik qazandığımız dövrdə də. Bu gün Cavad xan işğala qarşı dayanan bir obrazdır. Bu mənada Cavad xan obrazı daha vacibdir. Həm də saxta qəhrəmanlardan qurtulmaq üçün. Hər bir xalq özünün əsl qəhrəmanını tanıyanda böyük olur. Bu gün müstəqil bir dövlətin xalqına məlum olmalıdır ki, düşmənlər bizdən nələri istəyiblər, nələri istəyirlər. Əsl keçmişimizə söykənməliyik ki, sabahımız möhkəm olsun. Bu mənada “Cavad xan” filmi bütün işğallara qarşı çəkilmiş bir filmdir. Bu,həm İraq, Əfqanıstan, Fələstin, Qarabağ, həm də bütövlükdə işğalçılığa qarşı lentə alınmış əsərdir.
- Siz əvvəlki müsahibələrinizdə də “Cavad xan”ın, ümumiyyətlə, işğala qarşı bir film olduğunu demişdiniz...
N.M: - Əvvəldən bu ideyanı ortaya qoymuşduq. Biz nəticə etibarı ilə öz qəhrəmanımızı meydana çıxartmaqla, yəni işğala qarşı mübarizə aparan Cavad xanın simasında işğala qarşı etirazımızı bildiririk. Cavad xan bəlkə də yeganə Azərbaycan kişisidir ki, öləcəyini, uduzacağını bilə-bilə eli, obası, vətəni uğrunda ailəsi ilə birlikdə mübarizə apararaq həlak olub. Yəni işğalçıya öz mübarizəsi ilə mesaj göndərdi ki, sən məni qolubağlı, qul görə bilməyəcəksən, ailəmi mən ölü ikən belə əsir götürə bilməyəcəksən, vətənimə isə yalnız meyitimin üstündən adlaya biləcəksən. Cavad xan tarixdə nadir qəhrəmanlardan biridir.
- Ramiz müəllim, Cavad xan haqqında bütün bu deyilənləri onun obrazını yaradan Nurəddin Mehdixanlı dedı. Bəs sizin Sisianov obrazınız Cavad xanın bu qəhrəmanlığını hiss etdimi, daha dəqiq desək, rejissor Rövşən Almuradlı bunu Sisianova dadızdıra bilmişdimi?
Ramiz Novruzov: - Sualınızın cavabına gəlməmişdən öncə film barəsində bəzi şeyləri demək istəyirəm. Bu film vətənə qarşı böyük məhəbbətdən yaranıb. Yəni bu filmin ssenarı müəllifi, rejissoru, Cavad xan obrazının ifaçısı və digərlərində bu sevgi alovu güclü idi. Bu film azərbaycanlıların öz məhsulu oldu. Bu tip filmlərin əksərində xaricdən və əsasən də Rusiyadan çağırılan aktyorlara rast gəlmək mümkündür. Amma “Cavad xan” filmində Sisianovu da azərbaycanlı aktyor oynadı. Baxmayaraq ki, bəzi tarixçilər və yazıçılar onu böyük sərkərdə adlandırıblar, amma tarix onun Polşada, Bolqarıstanda, xüsusən də Gəncədə törətdiyi vəhşilikləri heç vaxt unutmayacaq. Filmdə Cavad xanla Sisianovun birbaşa görüşü olmur, yalnız məktublaşırlar. Bu, tarıxdə də belə olub. Yalnız bir yerdə Cavad xan qaranlıqda, mən isə aralıdakı çayın qırağında dayanıb bir-birimizə baxırıq. Biz bir-birimizi iki yüz metrdən də duyurduq. O ki, qaldi sualınıza, məncə, Sisianova bunu yetərincə hiss elətdirmişdilər. Sisianov obrazının ifaçısı kimi bunu hiss etdim. Bu filmdə bir kəlam var və mənə elə gəlir ki, həmin kəlam Azərbaycan xalqının, əsgərinin və gəncinin şüarına çevriləcək. O da Cavad xanın dilindən səslənir ki, “ya vətən, ya kəfən”. Biz torpaqlarımızı işgaldan azad edərkən bu kəlamla irəli getməliyik. Filmdə mən bir düşmən tərəfi olaraq, Gəncənin dirənişini, qəhrəmanlığını, Cavad xanın mərdliyini tamamilə hiss etdim.
- Azərbaycanda fəaliyyət göstərən teatrların öz dəsti-xətləri olub. “Cavad xan” filminin rejissoru Rövşən Almuradlı da Akademik Milli Dram Teatrında bir neçə tamaşaya quruluş verib. Deməli, filmin ərsəyə gəlməsində əsasən Akademik Milli Dram Teatrının kollektivi rol oynayıb. Teatrın dəsti-xətti filmə nə qədər öz təsirini göstərib?
R.N: -Söhbət aktyor ştatında oturanlardan yox, aktyordan gedirsə, Azdramanın aktyorları harada olurlarsa olsunlar, daim seçiliblər. Bu filmdə əsas rolları bizim teatrın aktyorları oynayıb. Rejissor Rövşən Almuradlı ilə də birgə işləmişik və bir-birimizi yaxşı anlayırdıq. Bir də filmdə təkcə Akademik Teatrın aktyorları yox, bütün teatrlardan aktyorlar çəkilmişdi. Cavad xanın məqsədi Azərbaycan xanlıqlarını birləşdirmək idisə, “Cavad xan” filmi də bütün teatrların aktyorlarını öz ətrafında birləşdirdi. Elə bir teatrın aktyoru yox idi ki, orada...
N.M: - Yox, mən bu sualı daha yaxşı başa düşdüm. Jurnalistin nə demək istədiyini tutdum...
R.N: - Elə mən də. Azərbaycan filmlərinin əksəriyyətində azərbaycanlı olmayan obrazları xarici aktyorlara həvalə ediblər. Bu filmdə isə həmin rolların hamısını azərbaycanlı aktyorlar oynayıb, özü də yüksək səviyyədə. Aktyorlarımız sübut etdilər ki, istənilən obrazın öhdəsindən gəlmək üçün potensialı var. İndiyəcən kinostudiya bu rollara çəkilmək üçün Moskvaya müraciət edib. Amma “Cavad xan” filmi bu ənənəni qırdı.
N.M: - Biz birləşmə nöqtələrini qoyub həmişə ayrılma nöqtələrini axtarmışıq, önə çəkib qabartmışıq. Sizin dediyiniz teatrlar, elə götürək Hüseynağa Atakişiyevi, o özü Akademik Milli Dram Teatrda rejissor işləyib. “Yuğ” Akademik Milli Dram Teatrının bazasında yaranıb. Hesab edirəm ki, Vaqif İbrahimoğlu ən uğurlu tamaşalarına Akademik Milli Dram Teatrında quruluş verib. Azərbaycanda ayrı-ayrı teatrlar var. Bəlkə də Akademik Milli Dram Teatrının missiyası ondan ibarət olub ki, zaman-zaman bu teatrları bir fikir altına yığsın. Çox təəssüflər ki, bəzi teatrlarımız Azərbaycan teatr mühitini parçalamaqla məşğuldur. Amma Akademik Milli Dram Teatrı “Cavad xan” filmi ortaya çıxdıqda, Azərbaycandakı bütün teatrların aktyorlarını bir yerə toplayıb göstərdi ki, biz bir yerdə olanda çox güclü oluruq. Hər şeyə vicdanla yanaşanda istedadlı gənc aktyor da, aktrisa da və digər aktyorları da tapırıq. Daha nə İrana, nə də Rusiyaya getmək lazımdır. Akademik Milli Dram Teatrı Azərbaycan teatrının bir ata yurdudur. Bu yurddan doğulub törəyirlər, istedadlı aktyor və aktrisalar yetişir, yeni teatrlar əmələ gəlir. Mənə elə gəlir ki, Cavad xanın da, mənim də, sənin də və hamımızın faciəsi odur ki, bir-birimizə dəyər vermək, birləşib güclü olmaq istəmirik. Bəli, İbrahim xan, Mustafa xan, Fətəli xan “mən deyən olmalıdır” dedi, nəticədə nə oldu, bəllidir. Film, həm də bütün faciələrimiz haqqındadır. Gəncədə savaş gedir, rus qoşunları əhalini qırır və bu vaxt Azərbaycanın digər xanları Sisianovun çadırında onunla bərabər dayanıb bu mənzərəni seyr edirlər. Biz bunları filmə gətirmədik! Heç burda da o xanların adlarını çəkmək istəmirəm...
- Niyə göstərmirik və niyə çəkmirik?
N.M: - Yenə də deyirəm, biz bizi birləşdirən nöqtələrin üstünə getməliyik. Bizi ayıran şeylər kifayət qədər olub. Məsələ budur ki...
- Axı qüsurlarımızı gizlədə-gizlədə bu neqativ hallar davam edir.
R.N: - Yox, filmdə xanların həmin vəziyyətini göstərən belə bir səhnə var.
N.M: - Məsələ budur ki, faciəni yatırdan, aradan qaldıran yalan vacibdir.
R.N: - Əgər deyilən problemlər filmdə qaldırılsaydı, filmin ideyası parçalanacaqdı, ayrı səmtə yönələcəkdi.
N.M: - Akademik Milli Dram Teatrı 136 illik Azərbaycan teatrının şah damarıdır. Və uzun illər bizi gənclik illərimizdə kinoya dəvət etməyiblər. Bunlar “teatr aktyorlarıdır” deyiblər. Amma Azərbaycan kino tarixinə baxanda da görürsən ki, ən uğurlu filmlərdə obrazları məhz teatr aktyorları yaradıblar. Adil İsgəndərov, Həsənağa Turabov, Məlik Dadaşov, Həsən Məmmədov, Hamlet Xanızadə, Şəfiqə Məmmədova, daha kimlər-kimlər...
- Deməli, teatr aktyorlarını dəvət ediblər ki! Kimlərəsə qarşı bu olub. Elə deyil?
N.M: - Söhbət hamıdan gedir. Teatr aktyorları kinoda öz sözlərini deyiblər, amma kino aktyorları teatra gələndə iflasa uğrayıblar. Nəyi demək istəyirəm? Hər şey düzgün olsaydı, Azərbaycan kinosu daha uğurlu olardı. Əgər əlli yaşımda kinoya gəlirəmsə, mən itirdiyimdən artıq da Azərbaycan mədəniyyəti itirib. Bu təkcə mənə aid deyil, çoxdur belə aktyorlar. Nədən bizi Azərbaycan kinosu görmədi, amma Amerika kinosu, Almaniya kinosu gördü? Alman rejissoru 10 gün bizimlə işlədikdən sonra bilirsiz nə dedi? “Absurdistan” filmində çəkilən digər Avropa aktyorlarına dedi ki, siz dünyanın böyük ölkələrinin böyük aktyorlarısız, hər biriniz 50-60 filmə çəkilmisiz, amma kamera qarşısında dayanmağı və işləməyi Azərbaycan aktyorlarından öyrənin. Biz bir-birimizə dəyər verə bilmirik, bizim hər yerdə dəyərimiz var. Akademik Milli Dram Teatrı son bir il ərzində 5 dəfə qastrol səfərinə gedib. Tatarıstanda və Türkiyədə olduq. “Özümüzü kəsən qılınc”la getmişdik. Bu tamaşayla biz Türkiyənin şəhərlərini gəzirdik və insanlar ayaq üstdə dayanırdı. Türkiyədə Akademik Milli Dram Teatrını bütün türk dünyası teatrının lideri adlandırdılar. Burda isə bir-birimizi dəyərdən salmaqla məşğuluq.
- Nurəddin müəllim, “Absurdistan” filminin premyerasında iştirak etmədiz? Ümumiyyətlə, bu filmə münasibətiniz necədir? Bir də xarici rejissorlarla bizim rejissorlar arasında hansı fərqi hiss etdiniz?
N.M: - Filmin premyerasında çəkilişdə olmuşam. Filmə gəldikdə isə, yenə deyirəm, yaxşı ki, “Cavad xan” filmindən əvvəl “Absurdistan” filmində çəkildim. Söhbət filmin mövzusundan getmir. Mən “Absurdistan”da kino necə çəkilir, operator necə işləyir, rejissor necə çəkir, çəkiliş qrupu necə işləyir və işləməlidir, onu gördüm. Onlar filmə on milyonlarla, yüz milyonlarla pul ayırırlar. “Cavad xan” filmi isə 2 milyona çəkilirdi. Heç bir xarici rejissor bu qiymətə gəlib Azərbaycanda film çəkməz. Amma bizim kino işçilərimiz qəhrəmandılar. 150-180 manata istidə və şaxtada qalıb işləmək fədailikdir. İnanıram ki, bu yaxınlarda bizim də kino sənayemiz inkişaf edəcək və kino işçilərimiz rahat işləyəcək.
- “Cavad xan” filmində kinematoqrafik vəziyyət və düşüncə hansı səviyyədə idi?
R.N: - Bu filmdə yalançı vətənpərvərlik, pafos yoxdur. Azərbaycan kinematoqrafiyasının məhsulu olan bu film dünyanın başa düşəcəyi bir dildədir. Mən “Cavad xan” filmini belə görürəm. Çünki bu filmdə Azərbaycan ailəsi, xalqımızın davranışı, dosta-düşmənə, ata-anaya, övlada münasibəti çox gözəl verilib. Bu filmə baxanlar bizim kim olduğumuzu biləcək.
N.M: - “Cavad xan” filminin çəkilişləri zamanı camaat gecə-gündüz bizimlə birgə idi. Nəyin ifadəsi idi bu? Çünki xalq öz əsl qəhrəmanını axtarırdı və bu qəhrəmanın adının ortaya çıxması üçün hərə bir şey gətirirdi. Gəncədə bir kişinin dükanından həmişə atım üçün yem alırdım. Bir gün o kişi çəkiliş meydançasına iki zənbillə gəlmişdi. Dedi ki, Cavad xan kişi olub, mənim də əlimdən bu köməklik gəlir.
- Bəs görəsən Sisianova və onun atına Gəncə camaatının münasibəti necə olub?
- Filmin çəkilməsi üçün bütün kollektivə münasibət eyni idi. Amma Cavad xan kimi güclü qəhrəmanın qarşısında da güclü düşmən obrazı var idi. Dəqiq deyə bilərəm ki, əgər Sisianov rolunu rus aktyoru oynasaydı, mütləq ona aristokrat don geyindirəcəkdi. Yəni rus mövqeyindən çıxış edəcəkdi.
- Danışdığınız bu kiçik əhvalalar nə qədər kinematoqrafikdir. Deməyim odur ki, film özü kinematoqrafik vəziyyətə gətirilibmi?
R.N: - Film istehsalata buraxılarkən dedilər ki, gəlin bunu peşəkar bir rejissora verək. Rövşən Almuradlı az film çəkib. Yəni film ətrafında müxtəlif oyunlar gedirdi. Kimlərsə Cavad xanın adının kölgəsində tarixə düşmək istəyirdi. Biz kollektiv də məsələ qaldırdıq ki, gətirin o peşəkarı görək nə çəkib. Bəlkə “Əsgər atası”nı çəkib xəbərimiz yoxdur. Elə yaxşı oldu ki, filmi Rövşən Almuradlı çəkdi və kinematoqrafik vəziyyət də alındı.
N.M: - Bir misal gətirim. Biz Cavad xan üçün at axtarırdıq. Deyirdilər ki, onun atı qara, qaşqa ayaqları ağ olub. Çoxlu axtarışdan sonra bir sahibkarda bu atı tapdıq. Izah etdilər ki, Cavad xan, qəhrəmanımız və millət məsələsi-filan. Bilirsiz, o nə demişdi? Demişdi ki, nə millət, pulumu verin, atı verim. Özü də yüksək bir qiymətə. Amma görün bizə atı kim tapdı? Atı bizə gənclər və idman naziri Azad Rəhimov verdi. Hətta atı daşımaq üçün xüsusi maşını da təşkil etdi. Bütün bunlar təmənnasız oldu. Bu, bizim milli iş adamının münasibəti, bu da dövlət təşkilatı rəhbərinin atdığı addım...
R.N: - Amma belədə bəyənmirlər dövlət işçilərini...
N.M: - Gəncədə çəkilən döyüş səhnələrində daxili qoşunların əsgərləri idi. Zaqatalada da bu missiyanı daxili qoşunların əsgərləri yerinə yetirdi. Vurğun Abbasov adında komandir gecə-gündüz bizimlə idi. Evə niyə getmədiyini soruşduqda dedi ki, əsgərlərimi qoyub gedə bilmərəm. Düz üç ay həmin əsgərlər bizimlə oldu. Bu da Daxili İşlər Nazirliyinin “Cavad xan” filminə münasibəti. Amma Gəncənin 23 təşkilatına yardım üçün məktub yazdıq, zərfin içində 23 təşkilat 200 manat pul göndərmişdi. Həmin pul eləcə də geri qaytarıldı. Belə bir münasibətdən sonra prezidentimiz İlham Əliyevə məktubla müraciət olundu. Çünki filmin maliyyəsi qurtarmış və artıq çəkilişlər dayanmışdı. Bir həftə keçmədi prezident filmə yenidən bir milyon manat ayrılmasına göstəriş verdi. Bu da prezidentin mövqeyi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də daim filmin taleyi ilə maraqlanıb və əlindən gələn köməyi əsirgəməyib. Deməyim odur ki, millətin pulunu qazanan iş adamı Tağıyev ola bilməyəcəksə, nə parası, nə də villası ilə tarixdə qala bilməyəcək. İş adamı 500 manat xərcləsə, xalq bunu 5 milyona qaldırıb dastana çevirəcək. Azərbaycanın iş adamları tarixlərinə, mədəniyyətlərinə sahib çıxmalıdırlar. Bu missiyanı təkcə dövlətin üzərinə atmaq lazım deyil.
- Ramiz müəllim, Nurəddin müəllim filmdən azı 3 ay sonra Cavad xan olaraq qaldı...
N.M: - Mən hər zaman Cavad xanam və biz hamımız Cavad xan olmalıyıq.
- ...Siz necə, heç olmasa 3 gün Sisianov olaraq qala bildinizmi?
R.N: - Aktyor olaraq Sisianov olmaq peşəkarlıq işidir. Amma mən hələ də Həzi Aslanov olaraq qalmışam.
İntiqam Hacılı