İlk milli kinoaktrisa İzzət Orucovanın anadan olmasının 100, baş rolda oynadığı «Sevil» filminin 80 illiyi münasibətilə
  
   I Yazı
  
   «Milli kino tariximizin səssiz dövrünün ən yaxşı filmləri - Azərbaycan qadınının sosial və mənəvi azadlığı mövzusuna həsr olunmuş «Sevil» və «Almaz» ilk türk aktrisası İzzət xanım Oruczadənin adı ilə bağlıdır» («Ədəbiyyat qəzeti», 23 aprel 1935 - ci il). «Sovetskiy kino» qəzeti hələ İ.Orucovanın sağlığında dərc etdiyi «Öz qəhrəmanlarının yolunu davam etdirərək» məqaləsində yazmışdır: «Sevil» filmində baş rolda çəkilmiş Bakı Sənaye İnstitutunun tələbəsi İzzət Mirzəağa qızı Orucovanın tarixçəsi öz-özlüyündə qeyri - adi və diqqətəlayiqdir. Həm də Sovet Azərbaycanının bir çox qadınlarının həyat yolunu əks etdirir...»
   Azərbaycan Dövlət Film Fondunda 89 il bundan əvvəl çəkilmiş köhnə bir fotoşəkil saxlanılır. Keçmiş Kommunist küçəsi ilə əllərində transparantlar, bayraqlar tutmuş qadınlardan ibarət nümayişçi dəstələri gedir. Çoxları çadraya bürünmüşdür. Onların arasında çox az qızların sifətləri görünür...
   Ölkədə kişilərlə qadınların bərabərliyi elan olunmuş, Bakıda Əli Bayramov adına Qadınlar klubu açılmışdır. Lakin əsrlərdən bəri hökm sürən bəzi köhnəlmiş adət və ənənələr qadınların ictimai yerlərdə görünmələrinin, yeni həyat quruculuğunda iştiraklarının, savadlanmalarının nəinki əleyhinə çıxır, hətta fəal qadınları qətlə yetirirdilər. Buna baxmayaraq ölkədə qadın azadlığı uğrunda mübarizə davam edirdi. Belə bir vaxda əlamətdar hadisə baş verdi...

  
  
   «Sevil» filmi haqqında
   
   29 oktyabr 1928-ci il. Azərbaycan Dövlət Akademik Teatrında böyük dramaturq C.Cabbarlının «Sevil» pyesinin ilk tamaşası gedir. Tamaşaçılar nəfəslərini belə dərmədən səhnədə baş verən hadisələri diqqətlə izləyirlər. Nəhayət tamaşa başa çatır. Alqış səsləri ətrafı bürüyür. Tamaşanın güclü emosional təsirindən qadınların çoxu Sevil kimi başlarından çadranı birdəfəlik çıxarırlar.
   Bu hadisədən, pyesin böyük müvəffəqiyyətindən ruhlanan gənc dramaturq C.Cabbarlı «Sevil»in ekran variantını - film üçün ssenari yazmağı qərara aldı.
   O vaxlar rejissor A.Beknazarov «Az. dövlətkino»da Azərbaycan və Ermənistan studiyalarının birgə istehsalı olan «Vulkan üzərində ev» tarixi-inqilabi filminin çəkilişlərini yenicə başa çatdırmışdı. Kinostudiyanın rəhbərliyi «Sevil» filminin də çəkilişlərini ona həvalə edir. Lakin filmin ikinci rejissoru C.Cabbarlı olur.
   Bu gün «Sevil» melodramının yaradılması və ekrana buraxılmasının 80 illiyini qeyd edərkən, filmin necə ərsəyə gəlməsini xatırlamaq yerinə düşərdi.
   Filmin ssenarisi C.Cabbarlının olsa da, sonradan Q.Braginski və A.Beknazarov da ssenarini təkmilləşdirməyə cəlb olundular. Bu ənənə lazım oldu-olmadı sovet hakimiyyəti dağılana kimi bir sıra milli respublikalarda, o cümlədən Azərbaycanda da davam etmişdir.
   Filmin hazırlıq dövründə baş rolu - Sevili kim oynayacağı məsələsi ortaya çıxanda C.Cabbarlı mütləq türk (azərbaycanlı) qızının ifa edəcəyini bildirdi. Lakin vaxt ötür, aktrisa isə tapılmırdı. A.Beknazarov bundan istifadə edərək, heç kimlə razılaşdırmadan İrəvandan Nora Arzumanovanı çağırtdırır və onunla kino sınaq çəkilişləri aparır. Bundan xəbər tutan C.Cabbarlı kinostudiyanın rəhbərliyinə qəti etirazını bildirir və Sevil roluna azərbaycanlı qızı tapdığını söyləyir. O, vaxt itirmədən Azərbaycan Sənaye İnstitutunun tələbəsi İzzət Orucovanı kinostudiyaya gətirir, onu kino sınaq çəkilişlərindən çıxarır və Sevil roluna təsdiq etdirir. A.Beknazarov əlacsız qalıb həmyerlisi, erməni qızı Nora Arzumanovanı gəldiyi kimi də geri qaytarır. Filmin digər personajlarının da təsdiqi ilə C.Cabbarlının özü məşğul olurdu.
   Xalq artisti A.Gəraybəyli ilə sağlığında aldığım müsahibədən: - «Sevil» pyesinin ekran variantı bizim hamımızı maraqlandırırdı. Mən teatr səhnəsində Balaşı artıq oynamışdım. Deyildiyinə görə yaxşı alınmışdı. «Sevil» filminə aktyorları Cəfər özü seçirdi. Bir gün o, teatrda məni görüb dedi :
   - Ağasadıq, sabah bir zəhmət çək, studiyaya gəl, səni, Rza Əfqanlını, - sonra daha bir neçə nəfərin də adını çəkdi, amma yadımda qalmayıb - daha doğrusu, birinizi Balaş roluna çəkmək fikrindəyik. Sağlıq olsun, görək sınaq çəkilişlərindən necə çıxacaqsınız.
   Sınaq çəkilişləri zamanı hiss edirdim ki, Balaş rolunda Cəfər məni görmək istəyir. Sonra Tbilisiyə qastrol səfərinə getdim. Tamaşalarımız yaxşı keçirdi. Zallar həmişə adamla dolu olurdu. Bir axşam tamaşadan sonra Cəfərdən teleqram aldım. Yazırdı ki, «Sevil» filmində Balaş roluna təsdiq olunmusan. Teleqramı dönə- dönə oxudum. Sevincdən özümə yer tapa bilmirdim. Tezliklə Bakıya qayıtdım.
   Bu günə kimi o da yadımda qalıb ki, «Sevil»in ilk çəkilişindən əvvəl məşq zamanı Cəfər mənə rolumla bağlı bəzi məsləhətlər verib axırda dedi:
   - Ağasadıq, Balaş üçün Sevil evin bir küncündə oturub, ərinin buyruqlarını dinməz-söyləməz yerinə yetirən aciz bir qadındır. Əvvəllər bank məmuru, sonralar bank müdiri olan Balaş isə düşünür ki, onun arvadı bozbaş bişirən savadsız bir qadın yox, kübar ailədə böyümüş, yüksək cəmiyyətdə tanınan bir xanım olmalıdır. Sənin Balaşın ekranda belə görünməlidir...
   İzzət xanım Orucovanın Sevili kimi, mənim Balaşım da yaxşı alındı. O dövrün mətbuatında, elə sonralar da bu barədə çox yazılıb...»
   «Sevil» filmi qadın azadlığı, məhdud dünyagörüşlü meşşanların, nadanların azadlıq yolunda əngəl olmaları kimi aktual məsələyə toxunur, eyni zamanda cəmiyyətdə öz yerini axtarıb tapa bilməyən, dədə-baba qaydalarına xor baxan, hətta öz doğma atasını belə bəyənməyən balaşları ifşa edir.
   Filmdə tamaşaçı məhəbbət üçbucağı ilə qarşılaşır: bankın müdiri təyin olunmuş Balaş, kölə qadın səviyyəsinə enmiş, sonradan öz azadlığı uğrunda mübarizəyə qalxan gözəl və gənc Sevil və gününü bahalı restoranlarda eyş-işrətdə keçirən Edel.
   Filmdə məhəbbət üçbucağı ilə yanaşı, tamaşaçı inqilab dalğasının Bakını da bürüdüyünü, azad yaşamaq uğrunda mübarizə aparan Sevilləri öz qoynuna aldığını görür. Sevili artıq tanımaq olmur, o, yeni həyat qurucusuna çevrilmişdir. Kino əsəri Sevilin inqilabdan əvvəl və inqilabdan sonrakı ilk illərdə həyat yolunu əks etdirir, Sevil bu inqilabi hadisələrin burulğanına düşür, özünü itirmir, sonra ölkədə gedən proseslərdə yaxından iştirak edir.
   «Sevil» filmi 1929 - cu ildə ekranlara buraxıldı. Az bir vaxtda böyük müvəffəqiyyət qazandı.Bu uğurun qazanılmasında baş rolların ifaçıları İ.Orucovanın və A.Gəraybəylinin əməklərini xüsusi qeyd etmək lazımdır. İzzət xanımın cazibədarlığı, qadın ləyaqəti, çəkiliş meydançasında özünü təbii aparmaq bacarığı, ciddiliyi, A.Gəraybəylinin professional oyunu: Sevil və Balaş obrazlarını baxımlı etmişdir.
   Filmin birinci yarısında biz kölə Sevillə tanış oluruq. Despot ərinin qulluğunda duran bu «dilsiz - ağızsız» qadın filmin ikinci yarısında büsbütün dəyişir, balaşlara, edilyalara qarşı nəinki öz etiraz səsini ucaldır, həm də mübarizəyə qalxır, öz xoşbəxtliyi naminə döyüş meydanına atılır. Sevil Moskvada təhsil alır, savadlı qadın kimi ekranda görünür. Müəlliflər Balaşı və onu əhatə edən fırıldaqçıları - Edilyanı , Əli bəyi satirik boyalarla tamaşaçılara təqdim edirlər.
   Film səssiz olduğu üçün burada qaldırılan məsələlərin geniş şəkildə həllinə imkan verilmir. Bununla belə mövzunun aktuallığı, müasir həyatla səsləşməsi kino əsərinin uğurunu təmin etmişdir. Bu işdə operator İ.Frolov, aktyorlardan B.Beletskaya (Edel), Cənnət xanım (Gülüş) və A.Bəzirganovun da (Əli bəy) xidmətləri az olmamışdır.
   «Sevil» sovet kinematoqrafiyasında 20 - ci illərin ənənələrini davam etdirir. Bu ənənə cəhalətə, köhnəlmiş qayda-qanunlara qarşı çevrilən bir sənətin ilk addımları, eyni zamanda sovet ideologiyasını, inqilabi ideyaların tərənnümü idi.
   C.Cabbarlı pyesi ekran üçün işləyərkən, kino sənətinin imkanlarından istifadə etmiş, ssenariyə bir sıra maraqlı epizodlar, yeni obrazlar daxil etmişdir. Filmdə bir qədər sxematiklik hiss olunsa da ideya-bədii məziyyətlərinə görə «Sevil» uğurlu ekran əsəridir.
   Filmin bəzi nöqsanlarını göstərməklə bərabər «Bakinskiy raboçi» qəzeti ilk tamaşadan sonra yazmışdır: «Film öz tamaşaçısını tapdı. Azərbaycan ictimaiyyəti bu filmdən sonra çox mühüm suallara cavab tapa bildi. Çünki burada hər şey, Azərbaycan qadınının zəngin aləmi, onun neçə vaxtdan bəri lənətlədiyi köhnə qayda-qanunlar dəqiq, anlaşıqlı bir şəkildə nümayiş etdirilmişdir. Bəlkə buna görə «Sevil» filmi nümayiş etdirilən salonlarda tamaşaçıların hiss və həyəcanı bitib-tükənməz, ölçüyə gəlməz idi...»
   Ailə-məişət mövzusunda çəkilmiş «Sevil» filmi təbliğat funksiyasını yerinə yetirsə də, Azərbaycan kinosunda qadın surəti ilk dəfə olaraq burada ikinci planda deyil, böyük həcmdə, qabarıq şəkildə yaradılmışdır. Həm də filmdə o dövrkü azərbaycanlı qadınlarının ümumiləşdirilmiş obrazı öz bədii həllini tapmışdır.
  
   Aydın Kazımzadə,
   əməkdar incəsənət xadimi