18 sentyabrda açılışını edən möhtəşəm XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kino Festivalı ayın 23-də sona yetdi. Bütün filmləri izləyə bilməsəm də kifayət qədər filmə baxa bildim. İlk izlədiyim estoniyalı rejissor İlmar Raaqın “Sinif” filmi oldu. Bu digər filmlərin arasında öz dinamikası, hadisələrin sürətli dəyişməsi ilə yadda qaldı. Tamaşaçıya psixoloji təsir edən bu film yeniyetməlik yaşına çatmış, keçid dövründə olan məktəblilərin çılğın həyat tərzindən bəhs edir. “Namus nədir?”, “Namusu necə təmizləmək olar?” sualıyla başlayan film elə finalda namusunu təmizləyən iki yeniyetmənin törətdikləri vəhşi cinayətlə də bitir. Ssenaridə filmin finalı əla düşünülmüşdür. Finalın təsir gücü zəif idi. Sanki film qırıq-qırıq təsirlərdən ibarət idi. Müəyyən detallarda, epizodlarda boşluq vardı. Kinonun həyat təsvirlərinə inana bilmirdim. Bəlkə də elə buna görə rejissor Raaq öncədən özünü sığortalayaraq deyir: “Filmimi bəyənməyə də bilərsiniz. Amma mən artıq kifayət qədər Estoniyada filmimin tənqid və təriflərini eşitmişəm”. Düşünürəm ki, bundan gözəl özünü müdafiə ola bilməz.
   
   * * *
   Növbəti baxdığım film isə“Azərbaycan” kinoteatrında nümayiş etdirilən Tunis rejissoru Fadel Cəzirinin çəkdiyi “Otuzuncular” filmi idi. Bu filmlə də bağlı yaddaşımda bəzi məqamlar iz saldı. Bunlar müxtəlif kinokadrlar idi. O kadrlara fotokadr kimi baxmaq insana böyük zövq verirdi. Filmdə rəssamın yarıçılpaq qadını çəkdiyi səhnə və qadının qaranlıqda görünən silueti, dəniz və ay işığı, şairin qızın qulağına pıçıldadığı şeir səhnələri, dənizdə qaçan atlar və s. kadrlar sanki rəssam işi idi. İşıq effektləri isə əla idi. Filmin sonlarına yaxın anladım ki, kinonu təkcə mən yox, elə yarıya qədər boşalmış zaldakı tamaşaçılar da başa düşməyiblər. Yox, düşünməyin ki, film yalnız dərin fəlsəfi məna daşıdığından tamaşaçı sayı azalmışdı. Əksinə qarmaqarışıq cərəyan edən ideya və hadisələr tamaşaçını filmə baxmaq zövqündən uzaqlaşdırırdı. Lakin baş rol ifaçısı, həm də rejissorun oğlu olan Əli Cəziri öz rolunu dolğun oynayırdı. Bəlkə də elə buna görə də “Ən yaxşı kişi rol ifaçısı” mükafatına layiq görüldü.
   * * *
   Növbəti izlədiyim İran rejissoru Rəsul Sədraməlinin “Hər gecə tənhalıq” adlı filmi oldu. Film əvvəldən insana üzücü kədər gətirsə də, finala yaxın bol pozitiv enerji bəxş etdi. Xəstəliyinə görə həyatdan əlini üzmüş bir qadın itən ümidlərini balaca bir qızcığazın gözlərində tapır. Film məhz elə bu körpənin məsumluğundan, onun bəxş etdiyi xoşbəxtlikdən və inamdan bəhs edir. Baş qəhrəmanın dilindən söylənilən : “Biz hər şeyi inama bağlayırıq və inamsız iş görmürük. İnamla da ölümə gedirik” kəlmələri ən çox yadımda qalan oldu. Hətta filmdə insanların dini etiqadları ilə bağlı tamaşaçıya çatacaq cəsarətli mesajlar da var idi. Onları diqqətlə izləyib başa düşmək mümkün idi. Aktyor oyunu mükəmməl olsa da, Azərbaycan dilinə tərcümə bərbad idi. Hətta titrlərdə yazılmış ingilis dilində olan cümlələrin bir neçəsini düzgün tərcümə etməyib, bəzən də heç səsləndirmirdilər. Lakin filmin yaratdığı təəssürat tamaşaçıların alqışlarından hiss olunurdu ki, çox bəyənilib.
   * * *
   Rusiya rejissoru Larisa Sadilovanın “Oğulcığaz” filmi ata-oğul münasibətindən, atanın övladına olan hədsiz məhəbbəti və bir səhv nəticəsində oğlunun həbs olunmasından bəhs edir. Film o qədər də yaddaşımda dərin izlər buraxmadığından təəssüratlarım da məhdud oldu. Həmin gün izlədiyim filmlər arasında qazaxıstanlı rejissor Rüstəm Abdraşevin “Stalinə hədiyyə” filmi oldu. Filmdə baş verən hadisələr və dramatizm, səmimiyyət və humanizm, reallıq o qədər gözəl təsvir edilmişdir ki, vaxtın necə gəlib keçdiyini, filmin necə bitdiyini belə hiss etmədim. Zaldakıların da filmə münasibəti gurultulu alqışlardan bəlli idi.
   Ən sonuncu izlədiyim film isə Rusiyanın “Vəhşi çöllük” kinosu oldu. Rejissoru Mixayıl Kalatozişvili olan bu film sadə, adi, hamıya yardım edib sonda özü köməksiz qalan həkimin həyat hekayəsi üzərində qurulmuşdur. Film gözlənilməz epizodları ilə seçilirdi. Aktyor oyunları maraqlı idi.
    Sevinirəm ki, belə bir fetivalda filmlərə baxıb yeni nələrisə öyrənə bildim. Az da olsa xaricilərlə ünsiyyətdə oldum. Bu möhtəşəm festival Şərq ilə Qərbin qovuşduğu Bakıya çox yaraşırdı...
   
   Yeganə