Rejissor Tahir Əliyev “Salnamə” sənədli filmlər studiyasında Naxçıvan torpağının qorunmasında böyük xidmətləri olan Kazım Qarabəkir Paşa haqqında sənədli filmə quruluş verib.
Rejissor “Şərqin fatehi” adlı yeni sənədli filmi barədə bizə verdiyi açıqlamasında bildirdi ki, XX əsr Azərbaycan hərb tarixində böyük rolu olan Kazım Qarabəkir Paşa böyük nüfuza malik insandır. Bildiyimiz kimi, 1918-1920-ci və ondan sonrakı illərdə Naxçıvan düşmən əlinə keçmək təhlükəsini yaşadığı vaxtlarda türk orusuna rəhbərlik edən Kazım Qarabəkir Paşa, Andranikin təcavüzkar dəstəsini məğlub etdi. Naxçıvan Muxtar Respublikasının bu günkü varlığında Kazım Qarabəkir Paşanın əvəzsiz xidmətləri olub. 1920- ci ildə Qars müqaviləsini imzalamaqla Qarabəkir Paşa bu gün 85 illiyi keçirilən Naxçıvan Muxtar Respublikasının, demək olar ki, özülünü qoyub.
Rejissorun dediyinə görə, elə buna görə də Kazım bəy Qarabəkir Paşa ilə bağlı çəkilən film, çox böyük bir maraqla qarşılanmalıdır. O qeyd etdi ki, bu ideyanı ona Qars Dövlət Universitetinin doktoru Əqidə Ələkbərli verib: “Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə biz filmin çəkilişlərinə başladıq. Artıq filmin çəkilişlərini tamamilə yekunlaşdırmışıq. 42 dəqiqə davam edən film yazıçı Güllü Məmmədovanın “Qarabəkir əfsanəsi” romanının motivləri əsasında ekranlaşdırılıb. Operatorlar Taleh Məhərrəmov və Elşən Əliyev, prodüsser Böyükağa Məmmədovdur. Film İstanbul, Ərzurum, Qars və Ankarada lentə alınıb. Oktyabr ayının 6-sında filmin ilk baxışını keçirmək istəyirik. Düşünürəm ki, filmə baxdıqdan sonra hamı Kazım bəyin necə böyük bir şəxsiyyət olduğunu görəcək.
Filmdə iştirak edən şəxslərin böyük əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Azərbaycan tərəfindən isə yalnız Qarabəkir Paşanın sağ qalmış tələbəsi Lətif Hüseynzadə çıxış edir. Hansı ki, ötən il o da dünyasını dəyişdi.
Qarabəkir Paşanın fəaliyyəti Azərbaycanda tam açılmayıb, öyrənilməyib. Onun Osmanlı və Cümhuriyyət dövrü dönəmindəki fəaliyyəti danılmazdır. Nədənsə Azərbaycana, Naxçıvana aid fəaliyyəti çox da işıqlandırılmır. Onu çox az tanıyırlar. Buna görə də, düşünürəm ki, film həm azərbaycanlılar, həm də türkiyəlilər tərəfindən maraqla qarşılanacaq.
Filmdə Moskva Dövlət Kino Arxivinin və İstanbuldakı fondun arxiv materiallarından istifadə olunub. Biz film üçün Türkiyədən ona aid 1942-44-cü illərdə canlı olaraq lentə alınmış kadrları gətirmişik. Lakin Azərbaycanda ona aid arxiv materialı yoxdur.
Bu gün Kazım Qarabəkir Paşanın adı Naxçıvanda çox böyük bir hörmətlə anılır. Təxminən 10 il bundan qabaq Heydər Əliyev tərəfindən Kazım Qarabəkir Paşanın adı əbədiləşdirilib”.
Onu da qeyd edək ki, sentyabrın 28- i Qarabəkir Paşanın Azərbaycana ayaq basdığı gündür.
Könül N.