Düz 80 il bundan əvvəl Şəmkir rayonunun Seyfəli kəndində dünyaya göz açan Fərəməz Səfiyev burada boya-başa çatıb, 1952-ci ildə indiki Bakı Dövlət Universitetini bitirmişdir. Həmin ildən də «Azərbaycan pioneri» qəzetində xüsusi müxbir kimi əmək fəaliyyətinə başlamış, qısa müddət ərzində Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinə müxbir, 1953-cü ildən təqaüdə çıxana qədər, yəni 1994-cü ilə kimi C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında xronika şöbəsinin rəisi, daha sonra yaradıcılıq birliyinin direktoru vəzifələrində işləmişdir.
   
   Kino istehsalı təşkilatçısı
  

   40 ildən artıq bir təşkilata rəhbərlik etmək o deməkdir ki, Fərəməz müəllim kino istehsalının ən bacarıqlı təşkilatçısı kimi hörmət qazanmışdı. O, kinematoqrafda çalışdığı dövrdə sənədli filmlər istehsalının texnologiyasını yaxşı öyrənmişdi. Azərbaycanda sənədli kinonun inkişafında onun xidmətləri böyükdür.
   Xronikal-sənədli filmlər birliyi kinostudiyanın ən çətin sahəsidir. Kinostudiya rəhbərliyi bu birliyə həmişə ikinci dərəcəli iş kimi baxıb. Birinci planda bədii filmlərin istehsalı durub. Ona görə də sənədli kino həmişə ləng inkişaf edib. Bu sahədə uğur qazanan filmlərimiz çox olmayıb. Xronika operativliyi sevən bir sahədir. Bu sahəyə rəhbərlik edən F.Səfiyevin özü də çevik, fəal və operativ idi, bütün təşkilati işlərdən baş çıxarırdı. Misal üçün, respublikamızda dövlət tədbirləri keçiriləndə bununla əlaqədar bir neçə operator səfərbər edilirdi. Operatorları eyni vaxtda şəhərin müxtəlif guşələrində yerləşdirmək, onları çəkiliş aparatı, kinoplyonka ilə təchiz etmək, hamısını da nəzarət altında saxlamaq çox çətin və olduqca məsuliyyətli məsələ idi. Həm də çəkilmiş materialların hamısı keyfiyyətli olmalı idi. Bunların hamısı birliyin direktorunun üzərinə düşürdü. Belə vaxtlarda Fərəməz müəllim mümkün olmayan işi görürdü. Yaxud gündəlik işləri götürək. Səhərdən axşama kimi F.Səfiyevin kabinetinin qapısı bağlanmırdı. Həmişə də kabineti adamla dolu olurdu. Biri yeni ssenarisini təhvil verir, digəri çəkilişə getmək üçün maşın istəyir, bir başqası isə çəkilmiş materialların aşkarlanmasının sürətləndirilməsini xahiş edirdi. Hərənin öz tələbi, hərənin öz qayğısı. Bütün bunlara cavab vermək, hər kəsin istəyini yerinə yetirmək rəhbər işçidən böyük səbr və hövsələ tələb edir. Fərəməz müəllim də səbrlə hər bir işi yoluna qoymağı bacarırdı.
  
   Kinodramaturq
  

   F.Səfiyev inzibati işlərlə məşğul olmaqdan başqa, həm də kinodramaturq idi. Onun ssenariləri əsasında «Azərbaycanfilm» kinostudiyasında və «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində 50-dən artıq sənədli film çəkilmişdir. Bu filmlərdə Azərbaycanın təbiəti, insanları-tanınmış şəxsiyyətləri, zəhmət adamları və s. mövzular öz əksini tapmışdır.
   Misal üçün, Fərəməz müəllimin ssenariləri üzrə «Tanınmış şəxsiyyətlər» mövzusunda «General Həzi Aslanov», «Sürəyya», «Torpağın sahibi», «Azərbaycanın bölgələri» mövzusunda «Xudafərin olan yerdə», «Sabirabad», «Azıx mağaraları», «Bakıda «Mosfilm» günləri», «Əməkçi insanlar» mövzusunda «Biz şimidçilərik», «Dalğalar dənizə qayıdır», «Şərəfli yol», «Bizim qayğılarımız», «Bizim kolxoz», «Azərbaycan idmanı» mövzusunda «Çempion», «Kamandar Olimpiya çempionudur», «Azərbaycan idmanı dünən, bu gün», «Varis», «Həyat mübarizədir», «Dissonans», «Azərbaycan pəhləvanları», «Böyük Vətən müharibəsi» mövzusunda «Bizim 416», «General Həzi Aslanov», «İgidliyin əbədidir sənin» və s. filmlər yaradılmışdır.
   «General Həzi Aslanov» filmi istedadlı sərkərdə, Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Böyük Vətən müharibəsi illərində şanlı döyüş yoluna həsr olunmuşdur.
   Döyüş vaxtı arxadan xain düşmən gülləsinə tuş gəlmiş qəhrəmanın obrazını yaratmaq məqsədilə müharibə xronikasından, sərkərdənin yaxınlarının, döyüş yoldaşları və dostlarının sinxron xatirələrindən istifadə olunmuşdur.
   Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan ibarət məşhur 416-cı Taqanroq diviziyasının şanlı döyüş yoluna həsr olunmuş «Bizim 416» filmində şəhərlərin azad olunmasını əks etdirən döyüş epizodları göstərilmişdir.
   Vaxtilə keçmiş Sovet İttifaqında məşhur olan pambıq ustası, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimova haqqında şeirlər yazılmış, mahnılar qoşulmuşdur. «Sürəyya» sənədli filmi də manqa başçısı adlı-sanlı pambıqçı, çoxuşaqlı qəhrəman ana Sürəyya Kərimovaya ithaf olunmuşdur. Filmdə onun fəaliyyəti hərtərəfli işıqlandırılmışdır.
   Azərbaycanda görməli, gəzməli yerlər çoxdur. Belə maraqlı yerlərdən biri Yuxarı Qarabağ ərazisində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşən Azıx mağarasıdır. «Azıx mağaraları» elmi-kütləvi filmində Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş Azıx mağaralarından bəhs olunur. Filmdən öyrənirik ki, bu mağaralar öz böyüklüyünə və tarixi əhəmiyyətinə görə dünyada üçüncü, sabiq SSRİ-də isə birinci böyük mağaradır. Arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar və 500-600 min il bundan qabaq həmin mağaralarda qədim insanların yaşadığını bir daha sübut edən insan sümükləri ekranda nümayiş etdirilir.
   Azərbaycan kinosunda ən az toxunulan mövzulardan biri də idmandır. Ona görə də «Dissonans» filminə maraqla baxılır. Həm də bu film idman mövzusunda çəkilmiş ən uğurlu kinolentlərdən sayılır. Film Bakı İdman Malları Fabrikinin həndbolçu qızlarından, daha doğrusu, onların çox gərgin keçən bir oyunundan bəhs edir. Bir çox illər onların üzv olduğu «Spartak» komandası təkcə SSRİ birinciliklərində deyil, beynəlxalq arenada da respublikamızın idman şərəfini qorumuşdur. Reportaj-filmdə həndbolçuların oyunları dinamik və təsirli şəkildə əks olunmuşdur. «Dissonans» filmi 1979-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) VII Ümumittifaq idman filmləri kinofestivaında Qızıl medal, həmçinin Aşqabadda XII Ümumittifaq kinofestivalında münsiflər heyətinin diplomunu, 1980-ci ildə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının prizini, 1982-ci ildə Budapeştdə qısametraşlı filmlərin Beynəlxalq kinofestivalında bürünc medal almışdır.
   F.Səfiyev dövri kinojurnallar üçün yüksək professional səviyyədə yazılmış 150-dən artıq mətnin müəllifidir. Bundan başqa, onun mətbuatda hekayələri, sənədli kinonun problemləri və kino yaradıcıları barədə çoxlu məqalələri çap edilmişdir.
  
   Aydın Kazımzadə,
   əməkdar incəsənət xadimi