Türk kinosunun uğurları danılmaz bir haldadır. Əlbəttə, dünya kinosu aspektindən "Türk kinosu" deyə bir ifadə işlətmək, böyük kinoya, bir fəlsəfə olaraq gəlişmiş kinoya yamaq kimi görünərdi. Amma bir qədər fərqli nöqtədən, məsələn, yerli kinomuzun səviyyəsi aspektindən yanaşanda, təkcə ekranları təsir gücüylə zəbt eləmiş türk seriallarının reytinqi buna şahidlik edir. Ölkə kinoteatrlarının afişaları məhz yerli filmlərdən kəm olmur və yalnız daxili bazarda türk filmləri əməlli-başlı gəlir gətirə bilir. Qaldı ciddi kinonun uğurlarından danışmağa, şəxsən mən bir tamaşaçı kimi əvvəl-əvvəl adı məşhuri-cahan olmuş Bilgə Ceylandan, Fatih Akından, Zəki Dəmirkübüzdən yox, müasir türk komediyalarından başlamaq istərdim. Amma, əvvəlcə tarixi xatırlamalıyıq.
Cüneyd Akından Fateh Akınadək
Türk kinosu bizim yaddaşımızda Cüneyd Akından başlayır. Türkiyədə ilk film 1896-cı ildə sultan II Əbdülhəmidin zamanında sarayda bir fransız tərəfindən göstərildi. "Ayastefosda rus abidəsinin yıxılması" adlı ilk türk filminisə Fuat Uzkınay 1914-cü ildə çəkdi. Ötən əsrin 20-ci illərində artıq Türkiyədə iki özəl istehsalçı şirkət vardı - "Kemalfilm" və "İpəkfilm". Bu illərin kinosunun ən qeyd olunmalı ismi bir neçə filmin rejissoru Möhsün Ərtoğruldur. İlk müştərək filmi də o çəkdi. Misir-yunan-türk kinematoqraflarının birgə çəkdiyi film "İstanbul sokakları" adlanırdı. Türk teatr aktyorlarının çəkildiyi filmlər daha çox xırda komediyalar, vodevillər, operettalar idi. Əksərən süjetlər ibrətamiz pritça təsiri bağışlayırdı. Ssenarist və rejissor olaraq Nazim Hikmətin "Qanlı Nigar" və "Düyün" (Toy) filmlərini də qeyd etmək gərəkir.
İlk yerli film müsabiqəsi 1948-ci ildə yerli Film Yapanlar Cəmiyyəti tərəfindən keçirildi. Müsabiqənin ən yaxşı filmi "Unudulan sirr" (Şakir Sırmalı), ən uğurlu rejissor Turqut Demirağ ("Bir dağ masalı") oldu. 50-ci illər türk kinematoqrafında məhsuldar illərdir. Bu illər həm də Sübhi Kaner, Fatma Gedik, Leyla Sayar kimi aktyorların debüt etdikləri zamanlar idi. 50-ci illərin sonlarında qəhrəmanları uşaqlar olan filmlər çəkilməyə başlandı.60-cı illərdə film istehsalı rekord hala çatdı. Bəzən il ərzində 200-dən artıq film istehsal olunurdu ki, bu filmlərlə də saysız-hesabsız adlar məşhurlaşdı. Filmlərin bədii-estetik səviyyəsinə gəlincə isə, əksər filmlər milli türk əhvalatları üzərində avropalı qəhrəmanları, bəzənsə aktyor, xüsusən aktrisaları yamsılamaq meylləri güclü idi. 70-ci illər bu da "sintez" həvəskarlarının yaxşı tanıdıqları Türkan Şoray, Kadır İnanır, Erol Taş, Cüneyd Akının məşhurlaşdığı illərdi. Bu illərdə rejissor Zeki Öktenin "Düşmən" filmi fərqləndi. Həmçinin bu film ölkədən kənarda mükafatlar da qazandı. 70-90-ci illər türk kinosunda qadın mövzusu önə gəldi. Qadının iç dünyası, cinsi bərabərsizlik kimi mövzular cözülməyə başlandı. Sanki bütün bu illər ərzində türk kinosu Qərbdən duyulan demokratiya çabalarında idi. 80-ci illərdə isə artıq sayılıb-seçilən üç qadın rejissor vardı. Bu illər yerli kinofestivalların bolluğu ilə də yadda qaldı.
90-cı illərdə gənc rejissor isimlərindən Fatih Akın parladı. Almaniyada yaşayan türkəsilli rejissorun ilk uğuru 1996-cı ildə Hamburqda keçirilən qısametlı film müsabiqəsində "Sənsin" Filminə görə aldığı mükafat oldu. Onu ən məşhur edənsə 2004-cü ildə çəkdiyi "Divara qarşı" filmi idi. Filmin süjeti sevgi üzərində qurulmasa da, film mental dəyərlərin Qərb demokratik dəyərləri ilə toqquşmasından bəhs edirdi. Demək, Fatih Akının bu filmi illərlə türk kinosunun demokratiya mücadiləsində bir nöqtə idi ki, adıyla bu mücadiləni obrazlaşdırırdı - "divara qarşı".
Filmin qəhrəmanı sonda da, əvvəldə də avtomobilini divara qarşı çırpır. Bu iki hadisənin arasında isə bütöv bir dram yaşanır. Bir sevgi əhvalatı. Hər iki gənc Almaniyada yaşayır. Onlar bir xəstəxanada tanış olublar. Hər ikisi özünü öldürməyə cəhd edib. Cahitin arvadı ölmüş, Sibelsə azadlığını əngəlləyən ailəsinə hikkə etmişdir. Sibel azadlığını təmin etmək üçün ərə getməkdən başqa qurtuluş qoymayan mentalitetdən yaxa qurtarmaq üçün Cahitlə evlilik barədə razılığa gəlirlər. Cahitinsə, sadəcə yaşamaq üçün seçim alternativləri yoxdur. Sibel istədiyi həyata qovuşur, Cahitsə içkiyə qurşanır. Razılaşmadan başqa heç bir məna ifadə etməyən evlilik müddətində Cahit Sibelə - qanuni arvadına vurulur. Amma artıq işlər qarışıqdır. Sibelin məşuqları ilə dalaşmada Cahit adam öldürüb həbsə düşür . Çıxdığında isə Sibel ərdədir, bir qızı da var. Göründüyü kimi, filmin ideyası insanı, onun istəklərini buxovlayan mentalitetlə insanı, onun istəklərini tanıyan Qərb demokratisi arasında bir divar keçilməzliyi üzərində qurulub. Amma filmin maraqlı bir alt məntiqi var: nəticə etibarilə Sibelin mentalitet keşikçisi olan valideynləri haqlı çıxır. Bütün faciəli sonluq Sibelin "azadlıq" iddiaları üzündən başa gəlmədimi? Onlar sadəcə qurbanlardır - Türkiyə və Almaniya arasında olan divara çırpılan qurbanlar. Nə olursa olsun, bu mentalitet, onun qanunları genetikdir və beyinlərdən arınması çox uzun çəkə bilər, hətta bəlkə mümkünsüzdür. Cahit divarın bu tərəfinə, Sibelsə o tərəfinə çırpılıb - qərbliləşmiş, düşüncələrində qərbliləşmiş Cahiti feodal təfəkkürlü Türkiyə, azadlıq üçün hər riskə gedən və bu Türkiyədən canını qurtarmaq istəyən Sibelisə Almaniya məhv etdi...
Nə qədər çözülməli bir problem olsa belə, sələfləri ilə müqayisədə sıradan olmasa belə, bunca məşhurluğun fonunda "Divara qarşı" böyük kinonun, fəlsəfə olaraq böyük kinonun parametrlərinə, əyninə kiçikdir.
"Uzak", "Üç maymun"
1990-2000-ci illərdə Nuri Bilgə Ceylan kimi isimlərin məşhurlaşması fonunda türk kinosunda qəribə bir tendensiya yarandı. Uzun, darıxdırıcı kadrlar... Sanki, kadr nə qədər uzun və darıxdırıcı olarsa, film o qədər "fəlsəfi"dir. Bunu ən yaxşı halda türk kinosunun Tarkovskidən təsirlənməsi adlandırmaq olar. Çünki, Tarkovskinin filmlərində tamaşaçı Tarkovskinin darıxmağına darıxır. Bu müəllif kinosudu və qəhrəmanlar cismən dəyişir. Hər film Tarkovskidir. Amma dərin və uzun kadrlı türk filmləri Tarkovski olmaq istəyi ilə darıxır.
Nuri Bilgənin yalnızca "Uzak" filmi bu mövzuda bəraətləndi. Filmin qəhrəmanı fotoqrafdı. Tarkovskinin pərəstişkarı olan bu adam uğursuz rejissordu. Bəlkə də buna səbəb məhz Tarkovski özüdür. Əgər Tarkovskini yamsılayan uzun kadrlı müasir filmlərdə tamaşaçı darıxırsa, "Uzak"da tamaşaçı qəhrəmanın darıxdığını hiss edir və bunu Tarkovskiyə bağlaya bilir. Tarkovski pərəstişkarı olan uğursuz rejissor. Bu artıq qondarma deyil. Qəhrəman darıxmaq istədiyi üçün darıxır və bu qondarma patologiya deyil.
"Üç maymun" süjet etibarilə nə qədər çəkici olsa da, iddiasından az məqsədə çatıb. Yəni, filmin məqsədi özündən böyükdür. Film əhvalat üçün çox gen biçilib. Əhvalatsa ağır və sadədir. Ər pul müqabilində şirkət rəhbərinin cinayətini - təqsirini üstünə götürüb həbsxanaya razılıq verir. Ər həbsdə olarkən şirkət rəhbəri onun arvadını özünə məşuqə edə bilir. Oğul bunu bilir. Ona görə susur ki, bu aşiq-məşuqə əhvalatından bir avtomobil qazanıb. Sonda xəyanətin üstü açılır. Ər arvadının məşuqunu öldürür və eynən onun kimi qəhvəxanada gecələyən ofisianta cinayəti boynuna götürərsə, pul təklif edir.
Rejissorun yenə də uzun kadrlar çəkməklə psixoloji vəziyyəti anlatmaq, anbaan çatdırmaq istəyi bu vəziyyəti daha da bayağılaşdırıb. Çünki əsas məsələ psixoloji vəziyyətin ağırlığında və uzandıqca daha da ağırlaşmasındadır. Bunu bir siqara çəkimi qədər vaxtda, durumda həll etmək olardısa, külünü ağzını, gözünü, qulaqlarını bağlayan meymunların dövrələdiyi bir külqabıya tökmək olardısa, müəllif bura daha bir günah kompleksi əlavə edir. Ailənin şikəst övladı qardaşı tərəfindən öldürülür. Bu oğlan uşağı vaxtaşırı kabus kimi evin içində gəzəcək ki, bu yenə də Tarkovskinin məşhur kadrlarını xatırladacaq. Şəkil kimi gözəl kadrlar var. Elə kadrlar ki, kompyuter proqramlarında işlənmədiyinə inana bilmirsən. Amma yalnızca gözəl kadrlar-şəkillər... obraz yox, əhval ötürən. Hər an filmin rejissorunun fotoqraf olduğunu xatırladan...
Aliyə