Bu sözləri söyləmiş ilk professional Azərbaycan kinorejissorunun 100 yaşı tamam olur
   
   II yazı
   
   Səməd Mərdanov 1909-cu ildə Tiflis (indiki Tbilisi) şəhərində anadan olmuşdur. O, görkəmli kino və teatr xadimi Mustafa Mərdanovun qardaşıdır. 1935-ci ildə ÜİDKİ-nin rejissorluq fakültəsini (S.Eyzenşteynin emalatxanasını) bitirmişdir. S.Mərdanovun institutu bitirməsi tarixi barədə məlumat müxtəlif mənbələrdə ayrı-ayrı rəqəmlərlə oxuculara təqdim olunmuşdur. Məsələn, "Kommunist" qəzetində (6 avqust 1939-cu il) bu rəqəm 1931-ci il, "Azərbaycan Sovet Ensiklopediyası"nda (1982, Bakı, VI cild) 1935-ci il, "İstoriya sovetskoqo kino" fundamental kitabında (1973, Moskva, II cild) 1936-cı il qeyd olunmuş, 1986 və 1970-ci illərdə Moskvada çapdan çıxmış "Kinoslovar"larda isə bu barədə ümumiyyətlə heç bir rəqəm göstərilməmişdir.
   
    Kinorejissor S.Mərdanovun tələbəlik illəri gah Moskvada parta arxasında, gah da Bakıda çəkiliş meydançalarında keçirdi.
   "Köçərilər" tammetrajlı sənədli filmini məhz tələbəlik dövründə, 1933-cü ildə çəkmişdir. Filmin operatoru B.Pumpyanski, operator assistenti M.Dadaşov idi. Köçərilərin təsərrüfat həyatından lirik planda söhbət açan bu kinolentdə konkret olaraq onların oturaq həyata keçmələri üçün görülən tədbirlərdən danışılır. Filmdə respublikamızda yeni kəndlərin, şəhərlərin salınması, köhnəliklə yeniliyin mübarizəsi əyani misallarla poetik tərzdə təsvir olunmuşdur.
   Maraqlıdır ki, tanınmış rus kinorejissoru B.Barnet "Mavi dənizin sahilində" kinokomediyasının çəkilişinə başlayanda S.Mərdanov institutu hələ qurtarmamışdı, sonuncu kursda oxuyurdu. Buna baxmayaraq o, filmə ikinci rejissor təsdiq olunmuşdu.
   1986-cı ildə "Mavi dənizin sahilində" kinokomediyasının yaradılmasının 50 illiyi münasibətilə Lənkəranda Sara adasında keçirdiyimiz yubiley gecəsində Alyoşa rolunun ifaçısı N.Kryuçkov söhbət zamanı mənə dedi ki, B.Barnetlə Səmədin bir-birini yaxşı başa düşmələri, mehribançılığı bütün çəkiliş qrupunda işgüzar əhval-rühiyyə yaratmışdı. Səməd cavan olmasına baxmayaraq, öz işini yaxşı bilirdi. O, cəsarətli fikirlər irəli sürürdü, aktyorlarla işləməyi xoşlayırdı. Onun mənimlə, Yusif rolunun ifaçısı L.Sverdlinlə və Y.Kuzmina ilə məşqləri bütün aktyor ansamblında xoş ovqat yaratmışdı. Bu gün, həmin çəkilişlərdən neçə illər keçməsinə baxmayaraq, inana bilmirsən ki, filmdə mənim tərəf-müqabilim Yusifi azərbaycanlı deyil, bu rolu başqa millətin nümayəndəsi oynayır, özü də necə oynayır! Filmdə Sverdlin bir mahnı oxuyur, həmin mahnını ona da, mənə də Səməd öyrətmişdi. Mahnı belə başlayırdı:
   "Uca dağlar başında bir sürü qoyun,
   Uzaqdan baxmaq ilə mən necə doyum…"
   Nikolay Afanasiyeviç bu mahnını filmin yubiley gecəsində yadına salıb avazla elə oxudu ki, hamımız heyran qaldıq. Axı, Rusiyada yaşayıb-yaratmış görkəmli rus aktyoru azərbaycanca mahnı oxuyurdu. Özü də 50 il bundan əvvəl öyrəndiyi xalq mahnısını.
   Dünya kinosunun 100 illiyi münasibətilə müxtəlif ölkələrin ən nüfuzlu kino tənqidçiləri, tarixçiləri və nəzəriyyəçiləri arasında sorğu keçirilmişdir. Təsadüfi deyil ki, bu sorğuya əsasən "Mavi dənizin sahilində" kinokomediyası Bernar Eyzenşisin (Paris) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adıçəkilən I siyahısına (kino sənət kimi tarixi inkişafda) daxil edilmişdir.
   Eyni zamanda bu film sıravi tamaşaçı kimi Naum Kleymanın (Moskva) bütün dövrlərin ən yaxşı 12 əsərinin adıçəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilmişdir.
   Təəssüf ki, "Kəndlilər" S.Mərdanovun müstəqil quruluş verdiyi ilk və son bədii film oldu. Buna baxmayaraq, o elə "Kəndlilər" filmi ilə də adını Azərbaycan kino tarixinə əbədi yazdı.
   Məsələ burasındadır ki, "Kəndlilər"i çəkmək S.Mərdanovun planında yox idi. O, C.Məmmədquluzadənin "Ölülər"ini ekrana çıxarmağa hazırlaşırdı. Hətta filmin rejissor ssenarisini də yazıb qurtarmışdı. Özü bununla əlaqədar belə demişdir: "Bir gün kinonun rəhbərləri mənə dedilər ki, "Ölülər"i bir yana qoyun, XIX əsrin Azərbaycan və ya Rusiya şəraitində gənclərin əhvalatları ilə məşğul olmaq vaxtı deyil, Sovet Azərbaycanının XX ildönümünə lazım olan film çəkin. Ona görə də mən "Kəndlilər"i lentə almağı qərarlaşdırdım.
   Səmədin məramı, hər şeydən əvvəl, qabarıq və dolğun xarakterlər yaratmaq idi. Rejissor aktyorlarla işləməyi sevir və bacarırdı. Ona görə də "Kəndlilər"də biz müxtəlif məktəb görmüş və müxtəlif xarakterli aktyorların vahid və parlaq ansamblı ilə qarşılaşırıq.
   S.Mərdanov 1937-1938-ci illərdə Bakı Teatr Texnikumunun kino şöbəsində dərs deyirdi. O, hətta kino aktyorlarının düzgün və məqsədyönlü tədrisi ilə əlaqədar proqram da hazırlamışdı. Kinostudiyada keçirilən istehsalat müşavirələrinin birində S.Mərdanov çıxış edib ürək ağrısı ilə demişdir: "Bizim kino şöbəsinin texnikumda heç bir hüququ yoxdur. Kinodramaturgiya, bədən tərbiyəsi, Şərq rəqsləri, qrim yoxdur, optika öyrədilmir, ixtisas fənlərinə xüsusi diqqət yetirilmir, hər şey ümumtəhsil fənləri üzərində qurulur. Fabrikin günahı ondadır ki, tələbələri təcrübə ilə təmin etmir… Dəfələrlə məsələ qaldırmışam ki, kino şöbəsində dərs demək üçün pedaqoqları fabrikdən çağırmaq lazımdır".
   "Kəndlilər" filmi maraqlı rejissor işi ilə də diqqəti cəlb edir.
   Təsadüfi deyil ki, görkəmli rus kinorejissoru M.Romm deyirdi ki, hər dəfə Azərbaycanın gənc kinematoqrafçılarının adı çəkiləndə, hər şeydən əvvəl, Azərbaycan bədii filmlərindən bəzi epizodlar aramla, öz koloritli nüansları ilə gözümün qabağından keçir. "Şaxsey-vaxsey" ("Bismillah"), "26-ların qumlu səhrada güllələnməsi ("26 komissar"). "Təyyarədən çadranın uçması" ("İsmət"), "Barmaqlıqlar arasından qara çadranın çətinliklə süzülüb düşməsi" ("Sevil"), "Əlifba" ("Səbuhi"), "Toy-döyüş" ("Kəndlilər") və başqa epizodları xatırlayanda, həmin mənalı və özünəməxsus kinematoqrafiyanın əsasını qoyan sənətkarlar gözlərimin qarşısında canlanırlar. Bunların arasında həmişə bizim Səmədi görürəm. Sədini, Hafizi, Füzulini, Xəyyamı əzbər oxuyan Səməd Mərdanovu…
   "Kəndlilər"in ədəbi ssenarisi zəif olduğuna, həm də bəzi epizodlar ideoloji baxımdan Moskvanın xoşuna gəlmədiyinə görə, o bir neçə dəfə, hətta filmin çəkilişi prosesində dəyişikliklərə məruz qalmışdır. Məsələn, "Kəndlilər"in ssenarisi ilə bağlı rəydə yazılmışdır: "Kəndlilər"in ssenarisinin təqdim olunmuş 2-ci variantı bizim əvvəlki rəylərimizdə göstərdiyimiz səhvlərdən hələ də tamam azad olmamışdır. Belə bir göstərişi yenidən təkrar etməyimiz lazım gəlir ki, "Kəndlilər"in ssenarisi (hətta yeni variantda belə) Azərbaycanda kəndli hərəkatını bədii cəhətdən kifayət qədər dolğun aça bilmir. Hadisələrin məhdud mənada göstərilməsi, kəndli hərəkatı rəhbərlərinin yaddaqalan və parlaq obrazlarının olmaması hələ də onun başlıca çatışmazlıqlarındandır.
   Ssenarinin 2-ci variantında müəlliflər bir sıra səhvləri aradan qaldırmışlar. Əşyaların ekspozisiyası yaxşılaşdırılmışdır. Eldar obrazı indi daha düzgün və həyati təsvir olunur. Göydəmirin azad edilməsi epizodunda detektiv və ştamp elementləri çıxarılmışdır. Lakin bu düzəlişlər ssenaridəki başlıca çatışmazlığı aradan qaldırmağa, Azərbaycanın sovetləşməsi uğrunda kəndli inqilabının tarixi kimi belə bir məsul siyasi mövzunu tələb etdiyimiz bədii səviyyəyə qaldırmağa kömək etməmişdir. BKİ-nin rəis müavini (Usiyeviç).10.IV.1937".
   Müəlliflərin qarşısında ssenarinin həddindən artıq siyasiləşdirilməsi və inqilabiləşdirilməsi, ayrı-ayrı epizodların yenidən işlənməsi tələbi onunla nəticələndi ki, əsərin vahid üslubda həll olunmasına mənfi təsir göstərdi.
   Ədəbi ssenariyə görə film belə başlanmalı idi: Mehmandar bəy, oğlu, pristav, onun qonaqları-rus zabitləri ovdan qayıdırlar, hamı sərxoş haldadır. Onların qarşısına ceyran çıxır. Bəy əmr edir ki, ceyran diri tutulsun. Eldar cəld tərpənib ceyranı tutur. Bəy ceyranı rus polkovnikinə hədiyyə edir. Polkovnik Eldarı göstərib deyir: "Əgər 20 min belə dəliqanlım olsaydı, mən Rusiyada qayda-qanunu bərpa edərdim…"
   Məlumdur ki, rus polkovnikinin Eldar kimi qoçaq azərbaycanlı balalarına həsəd aparması, Rusiyanın nicatını belə qanıqaynar oğlanlarda görməsi heç vaxt mərkəzdəki kino komitəsi başçılarının xoşuna gələ bilməzdi. Ona görə də filmin çəkilişi zamanı həmin epizod bu gün bizim baxdığımız ilk səhnə ilə əvəz olundu: "1919-cu il. Bakı komissarlarının ölümündən sonra Azərbaycanda qanlı müsavat hökmranlıq edirdi". Bu yazıdan sonra zümzümə edən qoca kəndlinin səsi eşidilir. Bilmək olmur ki, o ağlayır, yoxsa oxuyur. Təhməz kişi kiçik torpaq sahəsində işləyib oxuyur, sonra deyir: "Payızda toy edərəm… Hacı Həsən mənə yenə də torpaq verər…". Atasını dinləyən Ülfət oturub ağlayır. Təhməz qızına deyir: "Sən, qızım, xoşbəxt olacaqsan! Dövlətli Hacı Həsənin oğlu sənin ərin olacaq…Və sən də dövlətli olacaqsan, uşaqların da sənin dövlətli olacaq. Daha mənim kimi, bütün ömürləri boyu xışla fırlanmayacaqlar…"
   Dördüncü epizodda polkovnik çayxanada Göydəmiri, onun sazını ələ salır və s. Filmdə 20 epizod dəyişdirilmişdir. Bu epizodların dəyişdirilməsində məqsəd bu idi ki, guya Eldar kimi dəliqanlıların Rusiyada qayda-qanunu bərpa etməklərindənsə, Bakı komissarlarının ölümündən sonra Azərbaycanda "qanlı Müsavat hökmranlığına" son qoymaları daha yaxşı olardı.
   "Toy" səhnəsi kinostudiyanın həyətində gecə lentə alınmışdı. Rejissor S.Mərdanov həm çəkiliş, həm də texniki imkanlar baxımından bu çətin epizodun çəkilişini bilərəkdən axıra saxlamışdı.
   S.Mərdanov vəfat edəndən sonra onun öz xahişi ilə rejissor A.Beknazarov montaj işini başa çatdırdı. Montajın strukturunu isə Səməd özü hazırlamışdı. Moskvada yenicə montaj olunmuş "Kəndlilər"ə baxandan sonra B.Barnet Kislovodskda ağır xəstə yatan gənc dostu S.Mərdanova belə bir teleqram vurmuşdu: "Əziz Səmədcan. Lap indicə sənin istedad nümunəsi, səmimi filminə baxdım. Ürəkdən şadam. Ayrı-ayrı səhnələr sadəcə olaraq adamı heyrətə gətirir. Hələ montaj etmək, süjet xəttini sadələşdirmək, montajdakı qırıqlığı yox etmək lazımdır. Kömək etməyə söz verirəm. Sabah müfəssəl yazaram. Tezliklə sağalmağını arzulayıram. Öpürəm, qucaqlayıram, təbrik edirəm. Sənin Boris Barnetin. Təbrikə qoşuluruq: Rayzman, Beknazarov.
   Bu teleqramdan aydın görünür ki, S.Mərdanov müalicə olunarkən A.Beknazarov, sonradan B.Barnet filmi montaj etmişlər.
   Azərbaycan kinorejissoru M.Mikayılov "Kəndlilər"ə baxandan sonra demişdir: "Mən şəxsən bu filmi, öz dövrünə görə, kino sənətimizin ən yaxşı nümunəsi hesab edirəm".
   Azərbaycan filmlərinin retrospektiv baxışında uğurla nümayiş etdirilmiş, bu böyük film mövzunun gözəl rejissor həlli, materialın dərindən öyrənilməsi və hər bir aktyorun istedadının üzə çıxarılması baxımından istər kino mütəxəssislərinin, istərsə də fransız tamaşaçılarının rəğbətini qazanmışdır.
   Onun arxivində saxlanılan cib dəftərcəsində maraqlı bir qeydi var: "Qartal həmişə zirvədə uçar". Sanki gözəl sənətkar bu sözləri özü üçün yazmışdı. Çünki qısa ömür yaşasa da o artıq yaradıcılıq zirvəsini fəth etmişdi. İrəlidə isə onu daha yüksək, daha uca zirvələr gözləyirdi.
   
   Aydın KAZIMZADƏ,
   əməkdar incəsənət xadimi