Türk kinosu menyusuna nəfəs tükədən daha bir film daxil oldu. Artıq 2 ildir ki, çəkilişləri aparılan “Nəfəs-nəfəsə” adlı film bu həftə dünya və xüsusilə də türk tamaşaçılarının intizarına son qoydu. Ssenarisi Levent Semerciyə məxsus filmin rejissoru Hakan Erdenseldir. Vətənpərvərlik mövzusunda olan bu film tamaşaçılara 1 yüzbaşı və 40 əsgərin başına gələn dəhşətli əhvalatları çatdırır. Mətn müəllifinin sözlərinə görə, ssenari həyat həqiqətlərinə əsasən yazılıb. Çəkilişlərində 12 kameradan istifadə olunan “Nəfəs-nəfəsə” döyüş səhnələrinin çoxluğu və təsir gücü, effektləri ilə də diqqəti cəlb edir. Həmin səhnələr soyuq, qarlı havalarda, həm də dağlıq ərazilərdə ekranlaşdırılıb. Çəkiliş qrupu Antalya yaxınlığındakı 2365 metr hündürlüyü olan bir dağdan düz 1 ay aşağı enməyib. Film dünyanın məşhur döyüş filmləri ilə müqayisə edilir. Həm bədii, həm texniki parametrlərinə görə çox yüksək səviyyədə olan bu filmi Amerika kinolarından ayırd etmək asan məsələ deyil.
   
   Könül N.