Ötən illərdən, yəni 90-cı ildən bu günə nəzər salsaq kino sahəsində durğunluğun açıq şəkildə büruzə verdiyini anlamış olarıq. Lakin, onu da qeyd edək ki, son zamanlar Azərbaycanda kino sahəsinə xüsusi diqqət ayrılır. Bir çox filmlər çəkilir, festivallara göndərilir. Bəzən uğurlu, bəzən uğursuz nəticələr əldə olunur. Ancaq buna baxmayaraq kino sahəsində dinamika hiss olunur. Artıq tamaşaçıların zövqünü oxşaya biləcək filmlər ərsəyə gəlməkdədir. Bu da bizim uğurumuzdu. Görəsən, kinosevərlər kinolara baxırlarmı, maraq dairələrində olan kinolar hansı janrda olur və ümumiyyətlə 2000-2005-ci ildən bu günədək kino sahəsində baş verən yeniliklərdən məlumatları varmı? Bu məqsədlə tamaşaçıların fikirləri ilə maraqlandıq:
   
   Əbdülhüseynova Nasiyə (gənc yazıçı):
   Kinoya hər birimiz baxırıq. Birimiz az, birimiz çox, bəzilərimiz ötəri, bəzilərimizsə həmin hadisələri yaşayaraq baxırıq. Mən daha çox Azərbaycan filmlərinə baxıram. Çünki öz filmlərimiz daha zəngindir. Bir çox janrlı kinolarımız çəkilir. Hamısı bir-birindən gözəldir. 2000- 2005 ci illədən bu günə kimi kino sahəsində atılan addımlar təqdirəlayiq olmuşdur. Məsələn, “Qala” filmi buna misal ola bilər.
   
   Sadıqov Afiq (operator):
   Kinoya baxmağına baxırıq. Fərqi yoxdur ki, film bizim Azərbaycan istehsalıdır və ya hər hansı bir xarici ölkənin istehsalıdır.
   Gənc operator olsam da, kinonun səviyyəsi, indiki vəziyyəti haqqında yetərincə məlumatım var. Məncə, Avropaya meydan oxuyacaq, yüksək səviyyədə çəkilən filmlərimiz də var. Sadəcə onlardan bizim tamaşaçının xəbəri yoxdur.
   
     Əsədov Amil (tələbə):
    Əlbəttə, kinolara baxıram. Baxır hansı kinolara. Çünki efirə verilən filmlər (bir neçəsi istisna olmaqla), baxılası səviyyədə deyil: istər dublyaj olunmuş, istərsə də öz filmlərimiz. Bəlkə də, buna səbəb filmlərin həm ssenari, həm də müasir avadanlıqlarla az təmin olunmasıdır. Daha çox detektiv janrlı filmlərə üstünlük verirəm. Amma əfsuslar olsun ki, bizim deyil, xarici filmlərə baxıram. Bu illər ərzində kino sahəsində tamaşaçı nəzəri ilə baxsam, cüzi dəyişikliklər baş verib. Çəkilən filmləri tamaşaçı görə bilmir.
   
   Şabanova Ülkər (yazar):
   Hər bir insan ictimai problemlərdən az da olsa uzaqlaşmaq üçün üz tutur filmlərə. Bu günümüzlə səslənən filmlərə baxmağa daha çox önəm verirəm. Məsələn, “Axırıncı aşırım”, “Təhminə və Zaur”, “Əhməd haradadır?” kimi fimləri sevə-sevə izliyirəm. Halbuki, indi bu filmləri izləyənlər demək olar ki, azdır. Əksər kinosevərlər müasir xarici filmlərə üstünlük verirlər. Əlbəttə mən özümdə belə filmlərə baxmaqdan geri qalmıram. Ümid edirəm ki, gələcəkdə kino sahəsinə daha çox vəsait ayrılacaq və kinomuz inkişafa doğru gedəcək! Əgər bu sahədə inkişaf varsa, nədənsə görünmür. Çünki kinoteatrlarımız yox, telekanallarımız da yeni filmləri nümayiş etdirmir.
   
   Nə deyə bilərik?! Necə deyərlər, “İstəməyənin gözü kor olsun”. Kino sahəsində əldə edilən uğur həm bizim, həm də dövlətimizin uğurudu. “Bəyin oğurlanması” filmindən bir sitat yadıma düşdü: Kino həm vacib, həm də çox qəliz məsələdir.   

  Yeganə Yaşar