Böyüklər bədii filmlərə baxıb zövq aldığı kimi, uşaqların da cizgi filmlərinə özəl tələbatı var. “Disney” kimi nəhəng şirkətin istehsal etdiyi cizgi filmləri uşaqlarla bərabər, böyüklərə də qucağını açdığı bir dövrdə bizim öz animator filmlərimizin vəziyyətinin də nə yerdə olduğu hamımız üçün maraqlı olar. Elə bu məqsədlə üz tutdum kinostudiyanın “Azanfilm” studiyasına.    

   Studiyanın direktoru Elçin Axundov məni xüsusi bəh-bəhlə qarşıladığından artıq düşünməyə başladım ki, mütləq müsahibim istehsal etdikləri cizgi filmlərindən də belə bəh-bəhli danışacaq. Çox təəssüf ki, gümanımız düz çıxmadı.
   2009-cu ilin yekunu kimi hansı animasiya filmlərini istehsal etdiklərini soruşanda Elçin Axundov bir qədər fikrə getdi. Aha, dedim, yəqin, bir xeyli cizgi filmi çəkilib. Amma elə bu an Elçin müəllim öz işçisinə müraciət edib “O itlərlə bağlı filmin adı nə idi” deyə sual edəndə barmağımı dişləyib vəziyyətdən xəbərdar oldum. Direktor da filmin adını xatırlaya bilmirsə... Nəhayət, işçi qadının xüsusi səyi nəticəsində ötən ildən çəkilişlərinə başlamış, ancaq hələ də çəkilişləri davam edən 2 cizgi filmi barədə məlumat aldım: “ 1-ci cizgi filmi ssenari müəllifi Yusif Şeyxov, rejissoru Arif Məhərrəmov, rəssamı Rauf Dadaşov olan “İt sərgisi”, 2-ci film isə ssenari müəllifi Gülşən Tofiqqızı, rejissoru Firəngiz Quliyeva olan “Tırtılın arzusu”dur. Həmin bu filmin rəssamının adını isə çox təəssüf ki, qeyd edə bilməyəcəyəm. Çünki Elçin müəllimin məhz “mən bilən filankəs olmalıdır” deyib həmin o filankəsin adını dəqiq deməməsi məni bu adı səhv yaza biləcəyim üçün ehtiyatlandırır.
   Nə isə. Mənzərə aydın olduğundan söhbəti bu gün çəkilən animasiya filmlərimizdə istifadə olunan kompyuter proqramlarına istiqamətləndirdim. Doğrusu bu barədə aldığım məlumat da o qədər də təəccüblü olmadı: “Biz cizgi filmlərimizi plyonkada yox, kompyuter vasitəsiylə çəkirik. Əsasən premyer, avtoeffekt, Photoshop proqramlarından istifadə edirik”. Bəlkə də Elçin müəllim bu sözləri ibtidai icma quruluşu dövründə, yaxud ən yaxşı halda, sovetlər dövründə desəydi, təəccüblənib bu təşəbbüsünə görə ona bir alqış da deyərdim. Lakin yaşadığımız günlərdə dünya animatorlarının məktəblərinin yararlandığı ən son keyfiyyətli proqramlarla işlənildiyini bilmək və bu mənzərəni görmək ürək ağrıdıcı idi. Müsahibimə “Niyə 3D proqramından istifadə etmirsiniz? Axı bu gün yalnız bu proqramla çəkilən cizgi filmləri ilə istehlakçını özünüzə cəlb edə bilmərsiniz” sualını versəm də, Elçin müəllim sualı dəxli olmayan uzun-uzadı nəzəri mülahizələrlə cavablandırdı. Hələ sualıma əmma da qoydu. Əmma da bu idi ki, bizdə 3 D proqramından istifadə edə biləcək kadr yoxluğu... və bu kadrların yetişdirilməsi üçün bir xeyli tələb olunan xərc... Ölümə çarə tapılmayan bu dünyada bu nə çarəsiz məsələdir ki?.. Bu barədə yenə sual vermək istəsəm də müsahibim sözümü yenə ağzımda qoydu. Nə deyirəm, ay Elçin müəllim, söhbətimizə bir dəxli olmasa da siz fikrinizi tamamlayın... Nəhayət fikrin tamamında “Niyə təşəbbüs göstərmirsiniz? Ən azından kurslar açıb gənc rəssamları bura cəlb edə bilər, yeni kadrlar hazırlaya bilərsiniz”. Hə, yaman yerdə axşamladıq... Direktorun deməyinə görə bu xeyli xərc tələb edir. Yenə pul.
   Söhbəti bir daha 3D proqramın üstünə gətirib bəzi kliplərimizdə bu proqramdan istifadə olunduğunu misal göstərsəm də Elçin Axundovun fikri belə oldu: “Bilirəm də, onları kimlər çəkib. Beləsini çəkməkdənsə, çəkməmək daha yaxşıdır”.
   Bu yerdə bir dəli şeytan dedi sazı (diktafonu) alıb əlimə “Ay sizə qurban, bəs bu Nuh əyyamından qalmış proqramlarda çəkilən cizgi filmlərinə pul xərcləyib sonra da onlara lay-lay oxumaq yaxşıdır?..” demək istəsəm də, susdum... Susdum ki, bunu direktor özü etiraf etsin. Əgər bu gün sadə proqramlarda çəkilən cizgi filmləriylə hansısa bir uşağın diqqətini özünüzə cəlb edəcəyinizi düşünürsünüzsə, çox yanılırsınız. Əminəm ki, müasir dövrün uşaqlarının Azərbaycan animatorluğunda görmək istədikləri və tələb etdikləri məhz “Buz dövrü”, “Nemo” və s. bu kimi stildə hazırlanan cizgi filmləridir, nəinki uşaqlar üçün satılan “Özün rənglə” dəftərçələrinə bənzər cizgi filmləri.
   Elçin müəllim bütün günahı üzü qara pulda gördü və çarəsizlikdən şikayətləndi. Çarə isə yeni məktəbin formalaşmasındadır. Az-çox ayrılan pulla yeni məktəb açılmalı, yeni nəsil yetişdirilməlidir.
   
   P.S. Düşünməyə dəyər...
   
   Yeganə CANSAİL