Kinomuzun son vəziyyətinə qənaətbəxş də demək olar. Müasir dövrdə çəkilən filmlərimiz kinomuzun inkişafa doğru addımladığını deməyə əsas verir. İnkişaf varsa, demək, cüzi problemlərimiz də var. Elə sorğumuzun məqsədi də həmin problemlərlə bağlıdır. İncəsənətin müxtəlif sahələrində öz sözlərini kifayət qədər deyə bilmiş sənət adamlarının müasir filmlərimizin son vəziyyətinə münasibəti belə oldu:
   
   Füzuli Yavər (teatr rejissoru): Milli kinomuz 1970-80-ci illərdə, deyərdim ki, özünün intibah dövrünü yaşadı: “Ən vacib müsahibə”, “Qızıl qaz”, “Bir cənub şəhərində”, “Gün keçdi”, “Sən niyə susursan?”... Mövzu və forma baxımından fərqli olsalar da, bu filmlərin hamısını birləşdirən ümumi bir cəhət var idi: yüksək zövq, özünəməxsusluq, professionallıq. Bugünkü kinomuzdakı səviyyə bir qədər fərqlidir. Doğrudur, çoxları kimi mən də yeni filmlərimizi ardıcıl izləyə bilmirəm. Lakin gördüklərimə əsaslanıb deyim ki, bizim kinoya ilk növbədə maraqlı, qeyri-adi ssenarilər lazımdır. Rejissorlarımız kimisə təqlid etmək istəyirlər və nəhayət, kino yüksək keyfiyyətli texnika tələb edən sənətdir, bu da ki, bizdə yoxdur. Ən əsası ümumi konsepsiya çatışmır. Tarkovski yazırdı ki, incəsənət duadır. Biz dua edərkən ən gözəl şeyləri arzu edirik. Sənət əsəri də insanları gözəl görməyə çalışmalıdır. Eləcə də kino... Ali insanlar haqqında düşünməliyik, xırda, cılız obrazlar kinomuzu daha da cılızlaşdırır.
   Mehriban Əfəndiyeva (rəssam): Bizim özümüzün çox güclü yaradıcı potensialımız var. Azərbaycan filmlərinin hazırkı vəziyyəti yalnız ümidvericidir və doğru yoldayıq. Filmlərimizə böyük diqqət var, əgər bu qayğı varsa, demək, keyfiyyət də mütləq olacaq. Fikrimcə, balaca bir problemimiz var; - yaxşı ssenari. Müasir zamanda müasir insanı maraqlandırmaq, onu ekran qarşısında saxlamaq üçün bu gün fərqli ssenarilər yazılmalıdır. Bu isə böyük məharət tələb edir. Bəlkə də o vaxtlar üçün statiklik maraqlı idi, lakin bu günün tamaşaçısı kinodan dinamiklik, «action» tələb edir. Hətta mən istərdim ki, bu gün xarici filmlərdə istifadə olunan kompyuter sistemi bizim filmlərə də tədbiq edilsin. İndi tələbatlar dəyişib.
   Firudin Allahverdi (bəstəkar): Kinomuzun daxili bazarı yoxdur. Xarici bazara çıxmaq isə çox müşkül məsələdir. Çünki biz öz filmlərimizdə qlobal problemlərə toxunmuruq. Kinomuzun mövzu problemləri var. Elə özümüzdən götürək- Şərqi və Qərbi Timor arasında baş verən, lokal əhəmiyyət daşıyan döyüşlər barədə və tərəflərin qəhrəmanlığı barədə film bizə maraqlı gələrdimi? Şəxsən məni bundan da çox maraqlandıran mövzular var. Festivallarda uğur əldə etmək üçün dünyanı maraqlandıran filmlər çəkməliyik. Son dövr çəkilən filmlər arasında 3 rejissorun adını çəkə bilərəm ki, onlar məni qane edir: Əli İsa Cabbarov, Asif Rüstəmov və Mirbala Səlimovun filmləri. Bir bəstəkar kimi filmlərin musiqisiylə bağlı onu deyə bilərəm ki, rejissorlar yığma musiqilərdən istifadə etməkdənsə, peşəkar bəstəkarlarla işləməyə üstünlük verməlidirlər. Yox əgər filmdə yalnız pop, rok və ya rep mahnılarından istifadə olunacaqsa, bəstəkarsız da keçinmək olar. Bu zaman prioritet məsələ yaxşı səs rejissorudur.
   Taleh Şahsuvarlı (yazar): Müasir filmlərdən “Cavad xan” kinosuna baxmışam və deyərdim ki, film məni qane edir. Filmlərimizin festivallara qatıla bilməməsinin səbəbini resurs çatışmazlığında, yəni insan, texnika, pul və sair də görürəm.
   Ramal Hüseynov (teleaparıcı): «Milli kinomuz» deyəndə yalnız sovet dövründə çəkilən filmləri xatırlayıram. Bəlkə də müasir dövrdə çəkilən filmlərdən bixəbər olmağım mənim günahımdı, bəlkə də yox. Çünki yaxşı filmlərin sorağını ən azından televiziyadan, qəzetlərdən və insanlardan eşitmiş olardım. Deməli, yeni filmlər kifayət qədər məqsədlərinə nail ola bilməyiblər. Bir az da televiziya kanallarımız bu işdə dəstək olmalıdırlar. Kinonu geniş kütləyə çatdırmağın yeganə yolu TV-lərdi. Ola bilər, maddi problemlər olsun. Bir də ssenarilər güclü, səmimi, gündəmi təqib edən mövzularda yazılmalıdır. Filmlərdə aktyor oyununda bir az süni səmimiyyət var. İnanın, film yaxşı olsa, telekanallar öz reytinqi naminə onu dərhal yayımlayar...   

   Yeganə Cansail