Bu il 60-cı Berlin Film Festivalı iki il öncə “Qızıl ayı” mükafatını qazanmış çinli rejissor Vanq Quananın “Tuan Yuan” filmi ilə edib.
   
   Berlin divarlarının dağıdılmasından sonra sıfırdan inşa edilən şəhərin modern mərkəzi - Potsdam meydanı bu il festivala ev sahibliyi edəcək. Artıq aylardır davam edən hazırlıq işləri builki festivalın daha rəngarəng olacağından xəbər verir. 21 fevraladək davam edəcək festivalda 400 filmin nümayişi nəzərdə tutulur. «Qızıl ayı» mükafatı uğrunda mübarizə aparacaq 20 filmdən 18-i isə premyeralarını məhz bu festivalda edəcək. Təxmini hesablamalara görə, festivalın proqramı çərçivəsində 300 mindən çox tamaşaçının olması gözlənilir.
   «Qızıl ayı» mükafatı uğrunda rəqabət aparılacaq festivalın münsiflər heyətində alman rejissoru Verner Hersoq, italiyalı rejissor Françeska Començini, somalili yazar Nurəddin Fərah, almaniyalı aktyor Kornelia Frobes, ispaniyalı prodüser Joze Maria Morales, çinli aktyor Yu Nan və amerikalı aktyor Rene Zelveqer olacaqlar.
   
   Polanskiyə nə oldu?
   
   Bu il amerikalı ulduzlar Pirs Brosnan və Evan Mak Qreqor da oynadıqları yeni “Ghostwriter” filminin tanıtımı üçün Berlinə gəliblər. Bütün kino aləmini şoka salan hadisə isə bu filmin rejissoru Roman Polanskinin festivala gələ bilməməsidir. Belə ki, məşhur rejissor 13 yaşlı qıza cinsi zorakılıq ittihamı ilə İsveçrədə ev şəraitində saxlanılır. Pirs Brosnan və Evan Mak Qreqor mətbuat konfransı təşkil edib bu xəbəri təkzib edərək Polanski ilə hər gün əlaqə saxladıqlarını və bunların şaiyə olduğunu deyiblər. Aktyorlar bildiriblər ki, Polanskinin nəzarət altında olmasının səbəbi onlara məlum deyil.
   
   Yeməkdənsə, ümid yaxşıdır...
   
   İndi də bir az qonşu ölkə Türkiyənin bu festivalda təmsil olunduğu filmlərdən danışaq. Berlin festivalının Panorama bölümündə bu il türkiyəli rejissorlardan Semih Kaplanoğlunun “Bal”, Reha Erdemin “Kosmos” filmləri, Forum bölümündə Nuri Bilgə Ceylanın “Qəsəbə”, Tayfun Pirselimoğlunun “Pus” filmləri, “Hommage” bölümündə isə Fateh Akının “Həyatın sahilində” filmi nümayiş olunacaq. Hətta türkiyəli kinosevərlər festivaldan bir neçə gün öncə filmlərin təbliği məqsədiylə Almaniyada “Türk sinema gecəsi” də təşkil ediblər. Bu məqamda adamın beynində mexaniki olaraq belə bir fikir doğur: Əcəba bizim döşünə döyərək çəkdiyi filmlərdən ağızdolusu danışan kinorejissorlarımız niyə bu festivala qatılmır? Yaxud buna heç təşəbbüs belə göstərmir? Çox qəribədir ki, bu vaxtadək filmlər çəkən əksər rejissorlar “filmi bir çox festivallara göndərməyi düşünürük, onların arasında Berlin Kino Festivalı da var” desələr də, məqam yetişəndə ilbiz yuvasına çəkilən kimi onlar da sükuta çəkilir. Sonda isə bizə yenə də nə vaxtsa bizim də filmlərimizin sorağının belə festivallardan gələcəyinə ümid etmək qalır. Atalar demiş, yeməkdənsə, ümid yaxşıdır.
   
   P. S. Vay o gündən o ümidlər də tükənə...
   
   Yeganə C.