«ÜMİD ELƏYİRƏM, BİR DƏ QAYITMAYACAM»
Əksəriyyətimiz onu «Frida» filmindən tanıdıq, onun rəngli, orijinal şəxsiyyəti, maraqlı həyatı, özünəməmxsus yaradıcılığı ilə aktrisa Salma Hayekin təqdimatında tanış olduq. Bəlkə çoxlarımızın xəbəri yoxdu ki, bu qadın XX əsrin kumirlərindən biridi, Hollivud onun xatirələrini ekranlaşdırmaq hüququ uğrunda mübarizə aparır, onun xatirələri əsasında baletlər yaradılır, ona poemalar həsr olunur, faksimiledə işıq üzü görmüş gündəliyi isə təkrar-təkrar nəşr edilir.
Amerikalı feministlər onu öz sələfləri sayır, lesbiyanlar və geylər onu göylərə qaldırırlar. «Sürrealizmin Roma papası» Andre Breton sağlığında bu xanımı öz həmfikiri adlandırmışdı, baxmayaraq ki, onun özünü sürrealizmin süniliyi və qeyri-səmimiliyi həmişə əsəbləşdirirdi.
QƏHRƏMANIMIZ
FRİDA KALO - ispan. Maqdalena Karmen Frida Kahlo y Kalderon - 1907-ci ilin 6 iyulunda Mexikoda dünyaya gəlib. O, Qilermo və Matilda Kalonun üçüncü qızı idi. Mənşəcə yəhudi, ixtisasca fotoqraf olan atası Almaniyadan, mənşəcə ispaniyalı olan anası isə Amerikadan Meksikaya gəlmişdi. Altı yaşında poliomelitə tutulan və nəticədə topal qalan Fridanı yaşıdları «taxta ayaq» deyə ələ salırdılar. O isə hamının acığına üzür, oğlanlarla futbol oynayır, hətta boksla məşğul olurdu. Sağlam görünmək üçün ayağına üç-dörd corab geyinirdi. Fiziki qüsurunu uşaqlıqda şalvarın, ərə gedəndən sonra isə uzun milli geyimlərin köməyilə gizlədirdi.17 sentyabr 1925-ci ildə dəhşətli avtomobil qəzası baş verdi. Frida və məktəb yoldaşının getdiyi maşın tramvayla toqquşdu. Zərbənin gücü oğlanı maşından atmışdı. Amma o, sadəcə kontuziya ilə canını qutardı. Frida isə… Tramvayın cərəyanqəbuledici dəmir çubuğu qarnından girib çanaq-bud sümüyünü parçalayaraq qasığından çıxmışdı. Onurğa sümüyü üç yerdən zədələnmiş, iki budu, körpücük sümüyü, qabırğaları, ayağı on bir yerdən qırılmış, sağ pəncəsi və çiyni çıxmış, qarnı və uşaqlığı deşilmişdi. Həkimlər onun sağ qalacağına zəmanət vermirdilər. Frida Kalo 18 yaşındaydı və... Qalib gəldi.
Hərəkətsiz, əzablı aylar başladı. Məhz, elə həmin vaxt Frida atasından fırça və boya istədi. Onun üçün uzanıqlı vəziyyətdə rəsm çəkməyə imkan verən xüsusi çərçivə hazırlandı, özünü görə bilsin deyə çarpayının üzərinə güzgü bərkidildi. Frida avtoportretlərdən başladı.
«Mən özümü çəkirəm, çünki təklikdə çox vaxt keçirirəm. Çünki hər şeydən yaxşı bildiyim mövzu elə mən özüməm».
FRİDA VƏ DİYEQO...
15 yaşında Frida tibbi öyrənmək məqsədilə «Preparatoriyaya» (Milli hazırlıq məktəbinə) daxil olur. Məktəbdə oxuyan iki min şagirddən cəmi otuz beşi qız idi. Digər yoldaşları ilə birlikdə qapalı «Kaçuças» qrupu yaradan Frida dərhal məktəbdə nüfuz qazanır. Onun davranış tərzini epataj hesab edirdilər. Preparatoriyada Fridanın gələcək həyat yoldaşı, tanınmış meksikalı rəssam Diyeqo Rivero ilə ilk görüşü baş verir. Məktəbin divarlarına şəkillər çəkən Rivero gənc qızın xəyallarının qəhrəmanına çevrilir. Frida onu izləyir, «qoca Fasto» deyə ələ sataşır, diqqətini cəlb etməyə çalışırdı. Bir dəfə isə sanki gələcəyi bilirmiş kimi məktəb yoldaşlarına bəyan eləyir ki: «Mən mütləq bu maçoya ərə gedəcəm və ondan oğul doğacam».
22 yaşında Meksikanın ən nüfuzlu institutlarından birinə daxil olan Frida yenidən Rivera ilə rastlaşır. Və elə həmin il onlar evlənərək Mexikonun bohema rayonunda yerləşən və tezliklə «Mavi ev» kimi məşhurlaşan Koyaokane Londres küçəsindəki ilk mənzillərinə köçürlər...
Bütün dünyanın Diyeqo Rivera kimi tanıdığı ispaniyalı hindu Diyeqo Mariya de la Konsepsyon Xuan Nepomuseno Estanislao de la River-i-Barryentos da Akosta-i-Rodriqes Meksikada o dövrün rəssamları arasında «ən birinci oğlan» idi. Çox böyük və gombul bədənindən bir xeyirxahlıq yağırdı. Qadınlar ondan ötrü bayılırdılar. Diyeqo da qarşılıq verirdi, amma bir dəfə təsadüfən etiraf elədi: «Qadınları nə qədər çox sevirəmsə, onlara o qədər çox əzab vermək istəyirəm».
Avtomobil qəzasının ağır nəticələrindən təzəcə dirçəlmiş Frida yataqda keçirdiyi bir il ərzində çəkdiyi avtoportretlərini göstərmək üçün don Diyeqonun yanına gəldi. Çılğın Rivera artıq ikinci arvadı Lupe Marindən ayrılmışdı və iyirmi iki yaşlı hazırcavab, cəsur, istedadlı rəssam qızla «maraqlanmağına» heç nə mane olmurdu.
Diyeqo elə toy günündə çılğın xarakterini göstərdi. 42 yaşlı bəy tekila ilə bir az ağ elədi və havaya atəş açmağa başladı. Gənc həyat yoldaşı valideynlərinin yanına getdi. Səhər Diyeqo üzr istədi və bağışlandı. Yenievlilər öz ilk mənzillərinə köçdülər. Onların ailə həyatı çox fırtınalı keçirdi. Nə birlikdə ola bilirdilər, nə də ayrı qala. Dostlarından birinin dediyi kimi: Diyeqo ilə Fridanı «ehtiraslı,dəlisov, hərdən də əzablı» münasibət birləşdirirdi.
1934-cü ildə Diyeqo Rivera Fridaya rəsmini çəkdiyi kiçik bacısı Kristina ilə xəyanət elədi. Bu, Frida üçün ağır zərbə idi. Qürurlu qadın ağrısını heç kimlə bölüşmədi - yeganə sirdaşı kətan oldu. Nəticədə yaradıcılığının bəlkə də ən faciəvi əsəri yarandı: çılpaq qadın bədəninə qanlı yaralar vurulub. Qadının yanında əlində bıçaq, üzündə laqeyd ifadə yaraları vuran adam dayanıb. Frida rəsmi ironik olaraq «cəmi bir-iki sıyrıq!» adlandırdı.
Diyeqonun xəyanətindən sonra Frida qərara gəldi ki, onun da sevgi macəraları yaşamağa haqqı var. Arvadının qərarı Riveronu özündən çıxartdı. Məşhur rəssam son dərəcə qısqanc idi. Bir dəfə arvadını tanınmış amerikalı heykəltəraş İsama Noquçi ilə birlikdə tutan Diyeqo tapançanı qapdı, amma xoşbəxtlikdən atəş açmadı.
Frida Kalonun Trotski ilə münasibətləri haqqında da çoxlu söz-söhbət gəzir. Amma onlar arasındakı əlaqənin real sübutu yoxdu. 1939-cu ildə Diyeqo ilə Frida boşandılar.
Bir müddətdən sonra cütlük yenidən evləndi.
«Mənim həyatımda iki qəza baş verib: birinci dəfə maşın tramvayla toqquşanda, ikinci dəfə Diyeqo ilə tanış olanda» - deyə Frida təkrar eləməyi sevirdi.
FRİDA KALO...
Frida hər şeydən çox həyatı sevirdi. Bu, kişiləri də, qadınları da maqnit kimi ona cəlb edirdi. Dəhşətli fiziki ağrılarına baxmayaraq, o, bir anda yumor hissini itirmir, əldən düşənə qədər qəh-qəh çəkir, özü ilə məzələnir, ürəkdən əylənirdi. Tez-tez söyüş söyürdü, çoxlu siqaret çəkirdi, içirdi (xüsusilə tekila), xeyli ədəbsiz lətifələr bilir, məclislərində qonaqlarına məmnuniyyətlə danışırdı, açıq biseksual idi və sair.
Yalnız əlinə fırça alanda ciddiləşirdi. O, uşaq sahibi olmağı arzulayırdı, amma ağır travma ona imkan vermirdi. Üç hamiləlik - onun vəziyyətində bu əsl qəhrəmanlıq idi - faciəvi bitdi və Frida uşaq rəsmləri çəkməyə başladı. Adətən, bu, ölü uşaqlar olurdu. Deyilənə görə, stolunun üstündə, içində spirtlənmiş insan embrionu saxlayırmış - dünyaya gəlməmiş uşaqlarının xatirəsinə.
Frida avtoportretlərinin heç birində gülümsəmir - ciddi, hətta hüznlü sima, qalın, çatma qaşlar, sıxılmış dodaqların üzərində azacıq nəzərəçarpan qara bığ. Onun rəsmlərinin ideyası Fridanın yanında, fonda görünən detallarda, fiqurlarda gizlənib.
Frida kommunist idi. 1928-ci ildə Kommunist Partiyasına daxil olmuş, lakin bir ildən sonra Diyeqo Rivera partiyadan kənarlaşdırılanda o da çıxmışdı. Öz əqidəsinə sadiq rəssam, bir də on ildən sonra yenidən partiya sıralarına qayıtmışdı.
* * *
Amma Frida Kalo 13 iyul 1954-cü ildə, 47 yaşını qeyd edəndən bir həftə sonra ağciyər sətəlcəmindən öldü. Yaxınları onun sevimli bəzəklərini, qədimi boyunbağısını, balıqqulaqlarından hazırlanmış əşyalarını toplayaraq Zərif Sənətlər Sarayında - «Belyas Artes»də qoyulmuş boz tabutuna yığdılar. Sonra Fridanı kremasiya elədilər və külünü hamilə qadın şəkilli qədim hindu vazasına yerləşdirdilər.
«Sevinclə getməyimi gözləyirəm. Ümid eləyirəm, bir də heç vaxt qayıtmayacam. FRİDA» (gündəliyindəki ölümqabağı qeyd).
Bütün bunları eyni ilə həm də onun haqqında çəkilmiş və baş rolu Salma Hayekin oynadığı məşhur «Frida» filmində görmək olar.
Hazırladı: Aylin