Rövşən İsax: «Azərbaycanda bu əsəri film kimi lentə köçürməyin ən yaxşı variantını işləmişik»
   
   Dövlət sifarişilə istehsal olunan “Aktrisa” filmi də artıq tamaşaçı görüşünə tələsir. Yazıçı İlqar Fəhminin eyniadlı povestinin motivləri əsasında «Pozitiv media» şirkətində istehsal olunan filmin rejissor pultunda Rövşən İsaxdır. Bu film rejissorun ilk tammetrajlı ekran əsəridir.
   
    «Avqust ayından çəkilişlərinə start verilən filmin montajı yekunlaşıb. Səsləndirmənin isə 30 faizi başa çatıb. Martın sonuna yaxın filmin təqdimatını keçirəcəyik. Çəkiliş məkanında səsi qaralama yazmışdıq. Çünki səsləndirmə heç vaxt aktyorun yerində oynadığı kimi alınmır. Məsələn, Fuad Poladovun filmdə taleyini danışdığı monoloqu var. Səsləndirməyə gələndə Fuad Poladov bunun çətin olacağını dedi. Məşq elədi, səsi yazdıq, “mümkün olanı elədim, amma yenə də çəkilişdəki kimi alınmadı” dedi. Bu proses həm çətindi, həm də olduqca bahalıdır. Səsi canlı yazmaq üçün çəkiliş müddəti gərək 2-3 dəfə artsın. Həm də bizim filmdə bu tam da mümkün deyildi. Çünki baş rolu oynayan aktrisa Moskvadan gəlmişdi».
   Filmin yaxşı alınması üçün xarici aktyorlardan da istifadə edildiyini bildirən rejissor, baş rolda milliyyətcə belarus olan, hazırda Moskvada Stanislavski Teatrında çalışan Alisa Kaçeri çəkib. Bundan başqa tamaşaçılar Fuad Poladov, İlham Hüseynov, Şövqi Hüseynov, Rəşad Səfərov, Hicran Qəşəmova, Salam İsmayılov, Günel Məmmədovanı da «Aktrisa»da görə biləcəklər.
   Yaradıcı heyətdən razılıqla danışan rejissor, operator Rövşən Quliyev və bəstəkarlar Vasif Arifoğlu və Nazim Əhmədovun əməyini xüsusi qiymətləndirdi.
   Qeyd edək ki, rejissor filmdə həm də aktyor kimi də rol alıb: «Burada müstəntiq Eldar Əfəndiyev rolunu oynayıram. Doğrusu, öncə bir neçə aktyoru yoxladıq, amma onlar da çox teatral oynayırdılar. Bir tərəfdən də həm çəkilmək, həm də çəkmək çox çətindi. Təsəvvür edin ki, çəkilişdə həmişə bir adam var idi ki, mənim tapşırıqlarımla mənim əvəzimə hərəkət eləyib və mənə kamerada baxıb “yaxşı” deyəndən sonra özüm çəkilməyə başlamışam».
   Filmlə bağlı iddialı danışan rejissor, «Aktrisa»nın tamaşaçı rəyi qazanacağı qənaətindədir: «Tam səmimi deyirəm, mən istədiyimin 75 faizini almışam. Yerdə qalan 25 faizi isə tamaşaçı görməyəcək. Onu bircə mən bilirəm. Amma mənə elə gəlir ki, biz mümkün olanın hamısını etdik. Azərbaycanda bu əsəri film kimi lentə köçürməyin ən yaxşı variantını işləmişik».
   Çəkilişlərin harada aparıldığını soruşduqda, Rövşən İsax bildirdi ki, ssenaridə hadisələrin böyük hissəsi bağda baş verdiyindən çəkilişlər də Bilgəhdə - bağ evində aparılıb. Bəzi səhnələr Bakının küçələrində, təbiət səhnəsi isə Gəncədə olub.
   Filmin nə üçün kinolentə çəkilmədiyinə isə müəllif belə cavab verdi: «Rəqəmsal kameraya çəkdik. Amma texniki parametrləri o qədər yüksəkdir ki, materialı kinolentə köçürəcəyik. Bunu ən azı ona görə cəsarətlə deyirəm ki, filmdən əvvəl müəyyən səhnələri həmin kamerayla çəkib, Almaniyada lentə köçürdük. Keyfiyyət bizi qane etdi». 
   
   Nərmin M.