Bəzən kino tənqidçiləri geniş tamaşaçı kütləsi qazanmış Bollivud filmlərinin estetik səviyyədə Hollivuddan geri qaldığını desə də, müəyyən rakursdan bu fikrin əksini də görə bilərik. Musiqiləri ilə özünə geniş tamaşaçı auditoriyası qazanmış bu filmlərdə aktyor oyununda da inkişaf göz önündədir. Belə ki, hind filmləri bu gün heç bir ölkənin həyatını, düşüncəsini, yaşayış şəraitini öz əsərlərində yamsılamır.
   Hollivudun dünya kinosuna sahiblik etdiyini bu gün inkar edə bilmərik. Getdikcə insani mövzulardan uzaqlaşan Hollivud filmləri birinciliyini əldən verməkdədir. Hollivud bitməkdə olan qüvvəsini son zamanlar aktyor oyunundan daha çox, kompyuter effektlərinə yer ayırmaqla ört-basdır edir. Təbii ki, belə filmlərin sayının artması dinamika sevən tamaşaçını bezdirmək dərəcəsinə gətirib çıxara bilər. Öz yerini və adını filmlərdən qazandığı külli miqdarda pul ilə qoruyan Hollivudun son durumu hələ də sual altında qalaraq bir çox kinosevərləri düşündürür.
   Hollivudun birinciliyi əldən verməsi təhlükəsi həm də Bollivudun bu yeri əldə edə bilməsi deməkdir. Bollivud artıq bu gün maddiyyatın mənəviyyatı qabaqladığı, duyğuları həzlərə dəyişən Avropanın da diqqətini cəlb edib. Çünki qərblilər bu gün hər mənada geridəqalmış ölkənin həyat tərzini və onların duyğularını kresloda əyləşib izləməkdən böyük zövq alırlar.  Tarix boyu feodallar ölkəsi olmuş Hindistanın ssenarilərində də duyğuların mərkəz nöqtəsində tarixi, siyasi və iqtisadi məsələlərlə yanaşı, dinlər arasında gedən mübarizələrə geniş mənada toxunulur. Hind filmləri də nöqsanlardan xali deyil. Hadisələrin dramatik anında səsləndirilən melodram xarakterli musiqi və rəqslər filmin təsir gücünü azaldır, hətta bəzən müvəffəqiyyətli istehsalı belə heçə endirir. Digər tənqid edilə biləcək məqam isə keyfiyyət və kəmiyyət məsələsidir. Hindistan kinematoqrafçıları hər il təxminən 800 film istehsal edir. Film bazarında kəmiyyət baxımından bu rəqabət müsbət dəyərləndirilsə də, keyfiyyət sarıdan qüsurlar çoxdur.
   
   Hind kinosunun tarixi
   
   Hindistan ilk kino nümayişini edən Asiya ölkəsidir. Hindistanın adı kino tarixinə 1897-ci ildə Bombeydə Tivoli teatrında nümayiş etdirilən “Kan-kan rəqsi” filmi ilə yazılmışdır. Hindlilər 1912-1998-ci illər ərzində 30.500 filmə imza atıblar. Bu filmlərin də bəziləri ayrı-ayrılıqda 30 müxtəlif dil və ləhcələrdədir.
   Şübhəsiz ki, Bollivudun ən məşhur filmlərindən olan “Avara” öz musiqisiylə bütün tamaşaçıların qəlbinə yol tapıb, onları sehrləyə bilmişdir. Hind kinosunun Çarli Çaplini sayılan Rac Kapur və Nərgiz bu gün də öz səmimi məhəbbətləriylə yaddaşlardadır.
   1951-ci ildə böyük gəlir əldə edən “Avara” filmi Bollivudun sonrakı taleyində əvəzsiz rol oynadı. Belə ki, “Avara hoon” mahnısı ilə böyük tamaşaçı kütləsi və şöhrət qazanan Rac Kapur sonralar digər uğurlu filmlərin çəkilişlərinə də dəvət aldı.
   Ucuz tamaşaçı kütləsinə hesablanmış bu filmlərin hazırda əsas istehsal mərkəzləri Bombey, Çennai, Heydərabad, Kəlküttə, Thiruvanantapuram, Dehli və Guvahatidir.
   
   8 «Oskar» almış hind filmi
   
   Sonda isə “Slumdog Millonaire” filminə toxunaraq mövzunu yekunlaşdıraq. Həyatla mübarizəsinə Mumbay şəhərində başlayan bir uşağın böyük çətinliklər içərisində böyüməsi, sevgi oxunun daşa dəyməsi və s. filmin əsas mövzusudur. Bütün bunların əvəzini qatıldığı bir müsabiqədə geri alan «Slumdog Millonaire» «ən yaxşı film», «ən yaxşı rejissor», «ən yaxşı uyğunlaşdırılmış ssenari», «ən yaxşı quruluşçu rejissor», «ən yaxşı səs effektləri», «ən yaxşı fantastika», «ən yaxşı film musiqisi» və «ən orijinal mahnı» mükafatlarına layiq görülmüşdür. Təbii ki, filmin bu müvəffəqiyyətində ingilis rejissoru Danny Boylanın böyük payı var. Amma filmə əsas uğur gətirən amil tamaşaçının bu filmdə insan faciəsini mərhələli şəkildə duyaraq hiss edə bilməsi və qəhrəmanla bərabər yaşamasıdır.
   Xülasə, hind kinosu Hollivudun taxtını silkələsə də, onu yerindən hələ sala bilmir. Lakin dünya kinosunun son nəticələri Bollivudun bu taca sahib çıxmaq ehtimalını gücləndirir.
   
   Yeganə Cansail