Sovet hakimiyyəti süqut etdikdən sonra incəsənətimizin bir çox sahələri bərbad vəziyyətlə üzləşdi. Rəssamlıq da belə sahələrdən biri oldu. Son zamanlar mədəniyyət sahələri özəl dirçəlmə proqramları üzərində işləyir. Amma proqramları hazırlamaq və həyata keçirmək üçün peşəkarlıq tələb olunur. Peşəkarların azlığı isə böyük bir maneədir. Çünki sovet sistemi ilə işləyən insalarımızın kapitalizm qaydaları ilə işləmək bacarığı hələ zəifdir. Bu sahəni az-çox bilən qismən orta və gənc nəsillə də əməkdaşlığa risk edilmir. Azərbaycan rəssamlarının bugünkü işləri, onların maliyyə imkanları və keçirdikləri tədbirlərin hansı vəziyyətdə olması da bu aspektdən maraqlıdır. Bütün bunlara cavab tapmaq üçün Birləşmiş Rəssamlar Klubunda olduq. İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzi rəssamların sərgiləri üçün daimi bir məkandır. Burada həmçinin rəssamların əsərləri də satılır. Nəzərə alaq ki, İçərişəhər həm də turistlərin Bakıda ən çox baş çəkdiyi yerdir.
Birləşmiş Rəssamlar Klubunun rəhbəri Bəhram Xəlilov Müasir İncəsənət Mərkəzində gənc rəssamlara sərgilərini keçirmək üçün hər cür şərait yaradıldığını deyir. Bəhram Xəlilov rəssamların hazırkı vəziyyətini bu cür qiymətləndirdi: "Müasir İncəsənət Mərkəzində gənc rəssamlar əsərlərini həm sərgiyə, həm də satışa qoya bilərlər. Onlar öz kiçik layihələrini burada keçirirlər. Buradakı əsərləri həm xarici, həm də yerli müştərilər alır. Qeyd edim ki, abstrakt əsərlərin alıcısı azdır. Bəzən turistlər ən zəif sandığın əsərlərə də pul xərcləyirlər. Amma buna baxmayaraq, mükəmməl əsərlər də alınır. Ən çox Yavər Sultanovun, Namiq Məmmədovun, Mirnadir Zeynalovun əsərləri satılır".
Rəssamların ən böyük problemi ilə bağlı Bəhram müəllim bunları söylədi: "Rəssamların yaradıcılıq baxımdan elə də böyük problemi yoxdur. Əsas problem təbliğatdır. Sərgilərimiz, tədbirlərimiz sönük keçir. Bu problemlərin həlli ilə əlaqədar işlər görülür. Yaradıcılıq baxımdan isə, nailiyyətlər çoxdur. 2007-ci ildə Venesiyada keçirilən məşhur sərgidə Azərbaycan pavliyonunu yaratdıq. Bundan sonra hər il orada iştirak edə biləcəyik".
Bakıda kütlənin diqqətini cəlb etmək üçün parklarda, meydanlarda açıq sərgilərin keçirilməməsinin səbəbini B.Xəlilov belə izah etdi: "İndi rəssamlıq sənəti müasir texnika ilə sintez şəkildə yeni əsərlər yaradır. Bunu açıq meydanlarda göstərmək imkanı yoxdur. Düzü maliyyə tapmaq da çətindir. Daha doğrusu bu yöndə işləyən kadrlarımız yoxdur. Rəssamlar əsasən yaradıcılıqla məşğul olur, təşkilatçılıq isə başqalarının işidir. Birləşmiş Rəssamlar Klubu bu istiqamətdə müəyyən işlər görməyi planlaşdırır. Bir də dəqiq desək, açıq sərgiyə tələbat yoxdur. Amma bu o demək deyil ki, biz bundan imtina etməliyik. Əvvəllər belə tədbirlər keçirirdik. Bundan sonra da bu işi bərpa etməliyik. Əsasən Bakı meriyası belə tədbirlərin sayını çoxaltmalıdır. Biz getdikcə rəssamlıq sahəsində dünyada baş verən prosesləri Bakıda da həyata keçirəcəyik".
İntiqam