Niyə belə yazdıq? Şəxsən Sizinləyik, Səkinə xanım! Ad gününüzlə bağlı bu yazının başlığını niyə belə verdik? Əvvəla, «əcəb elədik». Bəs Siz niyə bütün ifalarınızı o sayaq özgür, orijinal, yalnız özciyəzinizə məxsus təqdim edirsiz bizlərə?! İndi bizlərin ixtiyarı yoxmu - bu sevgili təbrikimizi trafaret «ad günü təbrikləri»ndən fərqli qələmə almağa?..
   Ay «Səmayi-Şəms» xanım! İfalarınızdakı o EŞQ nədir, nəyədir, kimdir, kimədir? Təbii, öncə Tanrıyadır - şükür dərgahına! Bəs sonra, bəs sonca nəyədir, kimədir? Vətənədirmi? Şükür gözəlliyinə, əzəlliyinə, qəzəlliyinə! Adına «lirik mən» deyilən «yar»adır, yoxsa? Xoş halına - əlli ildir dəbdən-dildən düşməyən o kəsin!
   Kəsin, kiriyin, göydə uçan quşlar! «Qatar». Oxuyur Səkinə İsmayılova».
   Dil-qəfəsə qoymazmısız, a bülbüllər? «Bağçada güllər...» Yandırır Səkinə İsmayılova».
   Dördəmdən, yorğadan düşün, a kəhər-köhlənlər! «Heyratı». Qələbələnih Səkinə İsmayılova».
   Heç bir kərə də olsun ifa etdiyini eşitmədik, Səkinə İsmayılova! Elə müdam yandınız, yandırdınız, qəlbimizi işğal edib, mərhum Bəxtiyar demişkən, «ahəstəcə qandırdı»nız bizi...
   Siz Allah, budəfəki ad gününüzdə bir «Arazbarı» oxuyarsız, Xanım Səkinə. «Dedim ey gül, həmdəmin kimdir?» misrasından sonra da deyərsiz «Dedi, belə həəm-dəə-mim eel-dir». Nədən ki, Sizi bütün el, bütün xalq sevir, Səkinə xanım!
   Səkinə xanım... Xanım Səkinə!
   Niyə belə? Çünki Siz bütün qadınları təyin-tamamlayan «xanım» titulundan bir oktava yuxarısınız. Bax elə məhz buna görə, hamının «Səkinə xanım» çağırdığı Sizi Xanım Səkinə deyə ağırlayırıq biz...
   Hörmətlə,
   Şəxsinizə uzun ömür, səsinizə cəh-cəh, həyatınıza bəh-bəh arzulayan:
   
   «Mədəniyyət»