Sizə adı geniş ictimaiyyətə və sənət aləminə hələ yaxşı tanış olmayan 53 yaşlı rəssam - Nəcməddin Hüseynov barəsində söz açmaq istəyirik. Bu pünhanlığın min bir səbəbi olsa da, birincisi Bakıdakı geniş və işıqlı sərgi salonlarından, axırıncısı isə çoxlarının pənah apardığı fəvvarələr meydanındakı «sənət bazarı»ndan belə gen düşməsi, doğulub boya-başa çatdığı Qazax rayonunun Çaylı kəndində hələ də tikib tamamlaya bilmədiyi yurd-yuvasına tapınmasıdır. 1981-ci ildə paytaxtdakı məşhur «Əzimzadə məktəbi»ndəki təhsilini başa vuran Nəcməddin Çaylının sayagəlməz gözəlliklərini Bakının cəlbedici gur işıqlarından üstün tutdu. Yaşıdları arasında istedadına görə duyulası hörməti olan gənc rəssamın paytaxt «propiska»sının əyalətə dəyişməsini o vaxt çoxları Don Kixotluq saydı, təkcə özündən başqa... Nəcməddin hesab edirdi ki, Bakıda onu ilhamlandıracaq heç nə yoxdu, uşaqlıqdan göz yaddaşına hopan nə gözəllik vardısa, hamısı Qazaxdadı... Göyəzən dağı, Damcılı bulağı, Dibvan qalası, Sınıq körpü... gecə yatanda da yadından çıxmırdı. Hələ göz açıb ünsiyyətdə olduğu adamları demirik.
   
   Bakıya yola düşəndə onlara qayıdıb portretlərini çəkəcəyi barədə verdiyi vədini də unutmamışdı. Beləcə, hamı irəliyə getdiyi halda, o «geriləməyə» qərar verib. Amma arxada qalan 27 illik yaradıcılıq yolu göstərir ki, elədikləri gec də olsa, onu Bakıda qalanlardan da qabağa aparmaq gücündədir. Bunun əvvəllər baş verməsində özü nə qədər təvazökarlığı üzündən günahkardırsa, ondan da çox bu məsələdə zəmanəmizin Firdovsisinin olmaması, bir də biganəlik səbəbkardır.
   Bir vaxtlar Rüstəm Zalın igidliyini dünyaya yayan Firdovsi kimi bir sənətkar ortaya çıxmışdısa, Nəcməddin Çaylı kəndində yaratdıqlarını başqalarına tanıdacaq bir kəs tanımamışdı. Təbii ki, bu, davamlı ola bilməzdi. Əsl Allah adamı olan Nəcməddin də buna inamlıydı, nə vaxtsa “Ağ atlı oğlan”ın kənddə peyda olacağına, onun da küçəsinin bayram libasına bürünəcəyinə ümidliydi.
   Nəhayət, lap nağıllarda olduğu kimi Çaylı kəndinə tanınmış şair-publisist Taleh Həmid gəldi. O, Qazax Rəsm Qalereyasında onun fırçasından çıxan bir neçə əsəri görəndən sonra vaxt itirmədən kəndə üz tutmuşdu. Yaradıcı adamların bir-birini yaxşı başa düşməsinin nəticəsi idi ki, Bakıya dönən Taleh Həmid Çaylı kəndindəki əsl istedaddan tanış-bilişə söz açdı. Şairin səyləri nəticəsiz qalmadı. Tezliklə Regionların İnkişafı İctimai Birliyi rəssamın rəngkarlıq və qrafika əsərlərindən ibarət çox nəfis bir kataloqunu çap etdi. İndi əyalət rəssamının Bakıda sərgisinin açılmasına hazırlıq görülür. Bu yerdə belə xeyirxahlara təşəkkür bildirməyi lazım bilirik.
   Rəssamın yaradıcılığı mövzu və janr baxımından çox rəngarəngdir. Bunu ilk növbədə onu düşündürən məsələlərin çoxluğu şərtləndirmişdir. Çoxsaylı əsərlərindən alınan ilkin təəssüratda səmimilik, təbiilik qabarıq duyulur. Gerçəkliyi ifadədə bu cür yanaşmanın, bədii şərhin zamanında qiymətləndirilmədiyinə əvvəllər də şahidlik etmişdik. Düzdür, belə sənətkarlar gec də olsa, öz dəyərlərini alıblar. Axı biz niyə həmişə sənətkarlığın fərdi və fərqli ifadəsini dəyərləndirməkdə gecikməliyik? Nə vaxta kimi dahi Sabirin «Çıxmaz, çıxa da bilməz bu adət başımızdan» sözlərindən nəticə çıxarmaq əvəzinə, onu özümüzə bayraq edəcəyik? İnanmaq istərdik ki, sovet dönəmində Vaqif Mustafazadə, Əşrəf Muradoğlu, Tofiq Cavadov, Əlövsət Əliyev, Mircavad Mircavadov, Şahid Əbdülkərimov, Bəhram Nəsibov, Namiq Abdullayev və digərlərinə qarşı göstərilən soyuq münasibət Nəcməddindən yan keçəcək. Yaddaşı korşalmayanlar xatırlayır ki, adlarını böyük ehtiramla çəkdiyim bu sənətkarların qeyri-adiliyini yalnız onlar ölümlə çarpışanda etiraf edildi. Onda da artıq gec idi. Onda kommunist rejimi bu istedadları qiymətləndirməyə mane olmuşdu, indi bizə mane olanlar kimlərdirlər? Aşıra bilsək, onun adı tez-tez tuş gəldiyimiz biganəlikdir...
   Qeyd etmək lazımdır ki, Nəcməddin Hüseynov ilk növbədə fikir rəssamıdır. Onun süjetli əsərləri və portretləri insanı düşündürür, mənzərələri tamaşaçını ətrafına, gerçəkliyə diqqətlə baxmağa məcbur edir. Onun «Qaçqınlar», «Hücumdan sonra», «Xocalı faciəsi», «Həlledici an», «Müharibəli Novruz», «Savaşın sonu» və «Rejim» əsərlərində müstəqillik dövründə tuş gəldiyimiz təzadlı hadisələr, tarazlığı pozulmuş haqq-ədalət tərəzisinə münasibət özünün obrazlı-assosiativ bədii həllini tapıb. «Müharibəli Novruz»dakı görüntü sözün əsl mənasında rəssamın bədii tanıntısıdır. Boşqabın içərisində bir-birinə «qısılmış» güllələri dövrələyən al parça, mizin üzərindəki iki əl qumbarası qırmızı yerliyin qarşısında çox həyəcanlı qəbul olunur. «Savaşın sonu» əsərində isə kətanı atılmış top gülləsinin üzəri ilə əvəzləyən rəssam, təsvir etdiyi bir ayağını itirmiş qoltuq ağaclı müharibə veteranı ilə ədalətsiz nəticəni çağırışa çevirməyə nail olub. Belə təsvirin önündə yağı düşmənə qarşı nifrət hissini boğmaq çox çətindir.
   Rəssamın çəkdiyi portretlərdə də təsvir olunanların daxili aləminə əsl sənətkar nüfuzu duyulur. Bu səbəbdən də onun «Mustafa kişi»si, «Bizim qonağ»ı, «Keçəl»i, «Aygün»ü, «Mənim balam»ı, «Xəyalə»si, «Ömrün payızı», «Təbəssüm»ü, «Portret»i psixoloji yükünə və bədii vasitələrin təsirliliyinə görə özünəməxsusdur.
   Nəcməddin Hüseynov çəkdiyi çoxsaylı mənzərələrdə isə ovqat ifadəçisidir. «Külək», «Bizim məhəllə», «Ay işığı», «Göyəzən», «Çaylı», «Noyabr» və s. əsərlərində təbiətin və günün müxtəlif anlarının yaddaqalan, duyğulandırıcı bədii həllini tapıb.
   «İstək», «Sevinc», «Təbəssüm», «İblis», «Şeytan», «»Fikrimin sübh çağı, «Bir dünya» əsərlərindəki şərtilik, stilizə və deformasiyalar isə rəssamın yaradıcılığındakı evolyusiyanın təzahürü olmaqla yanaşı, həm də onun yaşantılarını fəlsəfi qayə ilə bələyə bilməsinin görüntüsüdür. Bütünlükdə isə Nəcməddin Hüseynovun duyğularının gerçəkləşdirə bildiyi görüntülərini duyulası bədii-estetik məziyyələrinə görə uğurlu və yaddaqalan hesab etmək olar. Rəssam bütün insanları üçüncü - ata-anasının yaratdığı varlıq kimi qəbul edir. Yəqin ki, bu ifadəni bilavasitə yaradıcı insanlara, o cümlədən Nəcməddin Hüseynova yönəltməli olsaq, onun yaratdıqlarını da üçüncülərdən hesab etmək olar. Özü də əbədiyyət qazanmışlarından...
   
   Ziyadxan Əliyev,
   əməkdar incəsənət xadimi