Mirməmməd Mircəfər oğlu Məmmədov. Bu ad və soyadda sənətkarı kim tanıyır? Yəqin ki, çox az adam. Bəs bir zamanların məşhur rəqqası Böyükağa Məmmədovu necə? Deyəcəksiz onu tanımayan var? Dünyanı dolaşan "Cücələrim" uşaq rəqs ansamblının yaradıcısı və bu gün də bədii rəhbəri olan Böyükağa müəllim həyatını rəqssiz təsəvvür etmir. İndinin özündə də böyük Gününün hissəsini rəqslə keçirir. Gah o, gah da bu kollektivlə. Kollektivlərin söhbətini elə-belə salmadım. Axı o, bir neçə yerdə çalışır. Şəxsən mən özüm də onu məktəbliykən ilk dəfə çalışdığı yerlərdən birində - keçmiş 26 Bakı Komissarı adına Mədəniyyət sarayında görmüşəm. Biz dram dərnəyində məşğuluyduq. Böyükağa müəllimsə rəqs bölməsinə rəhbərlik edirdi. İndi o illəri yadımıza salıb soruşanda ki, vəziyyəti necədi, cavabı belə oldu:
   
   - Şükür Allaha, 300 ilə yaxın stajı olanın nə dərdi-səri. Hə, təəccüblənməyin, nə az, nə çox, təqribən 300 il. Dövlət Mahnı və Rəqs Ansamblı, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı, keçmiş Fioletov klubu və 26-lar mədəniyyət sarayı, bədii və texniki yapadıcılıq evi, xoreoqrafiya məktəbi... deyəsən, qalan oldu. Ansamblnan, xoreoqrafiya məktəbindən savayı, qalanlarında 50-60 ildi çalışıram. Cəmləyəndə görün mən deyən alınır, ya yox (gülür). Xoreoqrafiya məktəbi və ansambldan cavanlıqdan üzülüşənəm. 1966-cı ildə rəqqas kimi təqaüdə çıxdım. 39 yaşım vardı. Bir az öz ansamblımızda rəqslər qurdum, sonra onu da atdım.
   - Maraqlıdı, peşəkar rəqqas fəaliyyətinizi çıxmaqla, ömrünüzün əksəriyyətini uşaqlarla keçirmisiz. Niyə belə, yoxsa işin yüngülünə qaçmısız?
   - Əsla. Uşaqlarla işləmək böyüklərdən çətindi. Hər xırda şeyi uşaqlara öyrətmək üçün vaxt, enerji, əsəb sərf olunur. Böyüyə nə var, hazır rəqqasdı. Sadəcə, böyüklərnən işləməyə meylim ona görə olmayıb ki, şıltaqlıqlarına dözməlisən. Biri xalq artistidi, o biri əməkdar. O bunu bəyənmir, bu onu.
   Elə, misal üçün bir şeyi danışım. Çoxdanın söhbətidi, demək, Sumqayıta konsertə getməliyik. Əminə Dilbazi dedi ki, Cövdət evdə xəstədi (həyat yoldaşı, mərhum Cövdət Hacıyevi nəzərdə tutur-S.E.), Roza Cəlilova dedi, özümü pis hiss edirəm, Kamil Dadaşovun işi çıxdı və ilaxır. Xülasə, ələ keçən olmadı. Əlacsız qalıb konsertdə özüm oynadım. Səhərisi qəzetdə yazı çıxdı ki, bu nə biabırçılıqdı. Bax, onlarla işləmək belə çətindi. Yadımdadı, mədəniyyət naziri, rəhmətlik Zakir Bağırov məni çağırmışdı ki, bəs ansambla pəhbərlik elə. Mən də özümnən validol götürüb getmişdim. Dərmanı göstərib, «Zakir müəllim, ürəyim xəstədi» deməklə canımı qurtardım. Bəhanəsiz mümkün deyildi. Sözün düzü, həm peşəkarların nazıynan oynamaq istəmədiyimə, həm də maddi baxımdan sərf eləmədiyinə görə başqa yolum yoxuydu.
   - Göz dəyməsin, elə həmin templə davam edirsiz. Yəqin indi maddi sıxıntı keçirmirsiz?
   - Prezident təqaüdçüsüyəm. Təqaüdlərimizi də ötən il artırdılar, oldu min manat. Üstəlik, öz təqaüdüm və işlədiyim yerlərdən maaş. Allah bərəkət versin. Özümə qalsa, nəyimə bəs deyil? Səksəni adlamışam. Allah ölənlərinizə rəhmət eləsin, yoldaşım da dörd ildən çoxdu dünyasını dəyişib. Üç qızdı, onları da köçürmüşəm. Baba kimi əlimdən gələni əsirgəmirəm. Həm də qızlarımdan ikisinin yoldaşı şəhid olub. Nəvələrim gəncdilər. Mən kömək eləməyim, kim edəcək? Düzdü, qızlarımın hamısı təhsillidi, çalışırlar, amma baxma... Şükür, heç kimə yük deyiləm. Allahın qismətindən də razıyam...
   - Gərək ki, ailədə yolunuzu davam etdirən yoxdu.
   - Pis çıxmasın, bu sənət qızlıq deyil. Özüm bilirəm də nə var, nə yox. Nəvələrin də marağı olmayıb. Üç nəticəm var, onlar da hələ balacadı, sonrasını deyə bilmərəm.
   Bu gün respublikamızın üzdə olan rəqqaslarının çoxu yetirmələrimdi. İki yetirməmsə SSRİ xalq aptistidi: biri Rudik Xocayan, o biri də Gena... Soyadı yadımdan çıxıb. Rudik məşhur İqor Moiseyev var ha, onun kollektivində çalışır. Oğlu, gəlini də rəqqasdı. Mənim rəqs öyrətdiyim uşaqlardan bir çoxu Amerikada, Kanadada, Rusiyada, Türkiyədə, Misirdə yaşayırlar. Bir yəhudi balası var - Mişa, Amerikada yaşayır. Bayramlarda həmişə zəng vurur. Hər ilin axırı da mənə beş yüz dollar göndərir. Yaxud Rudik, erməni də olsa, haqq-sayı itirməyib. Moskvaya gedəndə neçə dəfə məni evində qonaq saxlayıb, zəhmətimi çəkib. Yeri gəlmişkən, Polad Bülbüloğlu, rəhmətlik Müslüm Maqomayev də uşaq vaxtı bir müddət yanımda rəqs öyrəniblər. Hələ desəm, inanmazsız, Əbdürrəhman Vəzirovnan Lidiya Rəsulovaya da iki-üç aj rəqs keçmişəm. Bu bilirsiz necə olmuşdu? O vaxt Moskvada tələbə-gənclər festivalında Azərbaycandan iştirak edəcək adamların siyahısına Sənaye İnstitutundan (indiki Azərbaycan Dövlət Neft Akademiyası-S.E.) Əbdürrəhman Vəzirovun, universitetdənsə Lidiya xanımın adı salınmışdı. Ona görə onlarla birlikdə bir dəstə tələbəyə qısa vaxtda rəqs öyrətdik.
   - Adınız Mirməmməd ola-ola, bəs niyə Böyükağa?
   - Babamın adıdı. Hamı belə çağırır. Sənəddə Mirməmməddi. Xaricə gedəndə bütün yerlərdə Mirməmməd yazılır. Əslimiz hardarandandı. Atam molla olub. Rəqsi sevən deyildi. Anamın himayədarlığı olmasaydı, Allah bilir tale məni haralara aparacaqdı. Rəqsin sayəsində onlarla ölkə gəzmişəm. Bu gün də "Cücələrim"nən hər yana səfər edirik.
   - Bəlkə bir maraqlı əhvalatla söhbətimizi bitirək.
   - O qədər əhvalat olub. Birdi, ikidi? İnşallah, gələn dəfəyə qalsın. Bir əhvalat mən borclu...
   Beləcə, "Naz eləmə" rəqsinin ifaçısı bu dəfə sanki naz elədi. Neynək, borclu borclunun sağlığını istər.
   
   Seymur Elsevər