Bunu Sumqayıt Rəsm Qalereyası yaradır
Sumqayıt Şəhər Dövlət Rəsm Qalereyası 1967-ci ildə Azərbaycan Rəsm Qalereyasının filialı kimi yaradılıb. Yarandığı vaxtdan bu mədəniyyət ocağında təkcə Sumqayıtda yaşayan professional və həvəskar rəssamların yox, həm də məşhur təsviri sənət ustalarının fərdi sərgiləri, eləcə də müxtəlif tematik sərgilər nümayiş etdirilib.
1968-ci ildə xalq rəssamları Nadir Əbdürrəhmanov və Tahir Salahovun bu qalereyada açılan fərdi sərgiləri ilə gözəl ənənənin təməli qoyulub. Sonralar ayrı-ayrı illərdə SSRİ xalq rəssamı Mikayıl Abdullayevin, Azərbaycanın xalq rəssamı Bədurə Əfqanlının, əməkdar rəssam Nadir Zeynalovun fərdi sərgiləri də sumqayıtlı sənətsevərlərin ixtiyarına verilib.
Nəhayət, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 dekabr 1981-ci il tarixli 583 saylı sərəncamı ilə bu mədəniyyət müəssisəsinə Sumqayıt Dövlət Rəsm Qalereyası kimi müstəqil fəaliyyətə başlayıb.
Hazırda qalereyanın fondunda 175 müəllifin 290 rəsm əsəri saxlanılır. Sumqayıtda yaşayan iyirmi nəfərdən artıq rəssam qalereyanı öz doğma ocaqları sayırlar. Sumqayıtlı rəssamlar arasında xalq dekortiv-tətbiqi sənətini yaşadanlar, keramikaçı, qrafik, karikaturaçı da var. Qalereyada ardıcıl olaraq müxtəlif tematik, qrup və fərdi sərgilər təşkil olunduğundan ekspozisiya daim dəyişir.
Son illər Sumqayıt Dövlət Rəsm Qalereyasında rəngarəng mövzulara həsr olunan sərgilər daha tez-tez nümayiş olunur. «Sumqayıt - doğma şəhərim mənim», «Narkomaniya - əsrimizin bəlasıdır» tematik sərgilərini, III Respublika karikatura sərgisini, Sumqayıtda məskunlaşan məcburi köçkün uşaqlarının rəsm və şəhər məktəblilərinin dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiləri xatırlamağa dəyər.
Vətən tarixinin əlamətdar günlərinə həsr olunan əsərlər də davamlı olaraq nümayiş etdirilir. Sumqayıt Dövlət Rəsm Qalereyasında 2007-ci ildə 12, 2008-ci ildə 22, bu il isə hələlik 15 sərgi keçirilib.
Şəhərin yaranmasının 60 illik yubiley tədbirləri sırasında ilin əvvəlindən bəri «Doğma şəhərim mənim» adlı səyyar sərgi, şəhərin baş rəssamı Vaqif Nəsirovun fərdi sərgisi, Bülbül adına Şəhər İncəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi sənətsevərlərin ixtiyarına verilib. İyun ayında isə Bakıdakı Muzey Mərkəzində sumqayıtlı gənc rəssamların «Xəzərin rəngləri» adlı sərgisi paytaxt sakinlərinin diqqətinə təqdim edilib.
Sumqayıtda yaşayıb-yaradan təsviri sənət ustalarının doğma ocağı sayılan rəsm qalereyası Xəzər sahilində, şəhər bulvarının ərazisində yerləşir. Qalereyanın binasına çatınca hər fəslin gözəlliyini əks etdirən təbiətin ovqatı insanı təsviri sənətə bir qədər də yaxınlaşdırır. Şair demişkən, adamın lap rəssam olmağı gəlir. Təbii ki, gördüyünü, duyduğunu sənət əsərinə çevirmək hər kəsin hünəri deyil. Amma sənətlə nəfəs almaq, sənətkar əlindən çıxan əsərlərdən zövq almaq hər kəsin bacaracığı işdir. Ona görə də biz Sumqayıt Dövlət Rəsm Qalereyasına maraqlı sərgilər, bir də sənətin dəyərini bilən seyrçi bolluğu arzulayırıq.
Qumru Qədirli