Dahi rəssam qeyri-adi ömür yaşamışdı
   
   1904-cü ilin 11 mayında İspaniyanın şimal-şərqində, Kataloniyada bir uşaq dünyaya gəldi. Adını Salvador qoyurlar: Salvador Felipe Xasinto Dali. Bu uşaq gələcəkdə avanqardist sürrealizm cərəyanının dahi tərəfdarlarından biri olacaqdı.
   
   Salvadorun rəngkarlığa marağı hələ uşaqlıqdan başlamışdı. O, ilk rəsmini 10 yaşında olarkən, taxta parçası üzərində yağlı boya ilə işləmişdi. Bu impressionizm ruhunda çəkilmiş bir mənzərə idi. Doğma şəhəri olan Fiqerasda ona ilk dəfə rəsmin incəliklərini öyrədən Joan Nunes olmuşdu. Məhz onun təsiri ilə balaca Salvadorun istedadı üzə çıxmışdı, gerçəkləşmişdi. 15 yaşında ikən təhsil aldığı məktəbdən qovulan Dali sənədlərini instituta verir. O vaxtlar İspaniyada bitmiş orta təhsil verən məktəbləri institut adlandırırdılar. 1921-ci ildə Salvador Dali oranı əla qiymətlərlə bitirir və Madrid Rəssamlıq Akademiyasına qəbul olunur.
   Salvador Dalinin rəngkarlıqla bərabər, ədəbiyyata da marağı inkişaf edir. O, 1919-cu ildə “Studium” nəşrində Velaskes, Qoyya, El Qreko, Mikelancelo və Leanardo haqqında oçerklər yazır. Tələbə hərəkatında iştirak edir və həbsxanaya düşür. Sonralar xatirələrində yazırdı: “Məşhur və cəmiyyətdə qazandığı hörmətə görə seçilən şəxslərin əksəriyyətinin müxtəlif vaxtlarda həbsxanaya düşdüyünü bilirdim, ona görə mən də qərara aldım ki, təcili məhkum olmalıyam”.
   20-ci illərin əvvəllərində Dali o zaman çox məşhur olan futuristlərə meyil göstərir, Federiko Qarsia Lorka və Luis Bonyuel ilə tanış olur, dostlaşır. 1923-cü ildə Rəssamlıq Akademiyasından müvəqqəti olaraq qovulan Salvador Dali dahi kubist-rəssam Pablo Pikassonun yaradıcılığı ilə maraqlanır və onun təsiri altında bir neçə tablo işləyir.
   1925-ci ildə ilk sərgisində Salvador Dali 27 tablo və 5 rəsmini nümayiş etdirir. Təhsil aldığı məktəbin səviyyəsi onu getdikcə daha çox məyus edir və o, 1926-cı ildə akademiyadan həmişəlik qovulur. Elə həmin il, o Parisə gedir, Anre Bretonun ətrafında yığışmış qrupa qoşulur və sürrealizm üslubunda ilk əsərlərini yaradır. O zaman çox az adam ehtimal edə bilərdi ki, bu gənc gələcəkdə sürrealizmin ən ekstravaqant rəssamlarından olacaq. 1929-cu ildə Luis Bonyuel və Salvador Dalinin ssenarisi əsasında çəkilən “Andaluz küçüyü” filminin premyerası qalmaqala səbəb olur.
   Salvador Dali 1929-cu ildə Qala ilə tanış olur. Əsl adı Yelena olan, rus mənşəli bu qadın bütün ömrü boyu Salvador Dalinin ilham pərisi olmuşdur. Qala yazıçı Pol Elyarın həyat yoldaşı idi. Bu cütlüyün münasibətləri bir neçə müddət idi ki, get-gedə korlanırdı. Nəhayət, 1934-cü ildə Qala Pol Elyardan boşanır və Salvadorla yeni həyatı başlayır.
   30-cu illərin əvvəllərində Salvadorla başqa sürrealistlər arasında tez-tez anlaşılmazlıqlar yaşanır. Nəticədə Salvador Dali onlarla bütün əlaqələrini kəsir.
   S.Dali Avropanı gəzir, İntibah dövrünün incəsənətini öyrənmək məqsədi ilə İtaliyada olur. 1940-cı ildə, Fransanın işğalından sonra Amerikaya köçür və orada emalatxana açır. 1942-ci ildə Nyu-Yorkda onun “Salvador Dalinin özü tərəfindən yazılmış gizli həyatı” adlı ən yaxşı kitabı çapdan çıxır.
   1943-cü ildə Salvador Dali İspaniyaya qayıdır. Daha sonra onun həyatında bir çox hadisələr baş verir. Romada çox böyük sərgisi keçir, Qala ilə Port-Liqatda ev alırlar. Şöhrət və var-dövlət sahibi olur. Qala ilə münasibətləri soyuyur və birdəfəlik ayrılırlar.
    1973-cü ildə o, öz doğma şəhərində - Fiqerasda “Dali muzeyi”ni açır. Bu muzey dahi rəssamın bir növ həyatını əks etdirir.
   1980-ci ildə Dalinin səhhəti pisləşir, 1982-ci ildə Qala dünyasını dəyişir. Qalanın ölümü Daliyə çox böyük zərbə olur. 1984-cü ildə rəssamın evində yanğın baş verir və onun dərisinin 18%-i yanır.
   Uzun sürən xəstəlikdən sonra 23 yanvar 1989-cu ildə dahi Salvador Dalinin ürəyi dayanır. O, doğma Fiqerasdakı muzeyində, üzərində yazı olmayan bir lövhənin altında dəfn olunur.
   Salvador Dali öz kitabında yazırdı: “Valideynlərim mənə qardaşımın adını veriblər. (Qardaşı Dalinin anadan olmasından 5 il əvvəl vəfat etmişdi). Mənim adım Salvadordur. Görünür mən uçuruma doğru gedən klassik incəsənətin xilaskarı olmaq və müasir incəsənəti boşluqdan xilas etmək üçün dünyaya gəlmişəm”. Oxucuların nəzərinə çatdırırıq ki, “salvatore” sözü ispan dilindən tərcümədə “xilaskar” mənasını verir. Bəziləri onu psixi pozğunluğu olan bir şəxs hesab edirdilər. O isə deyirdi: “Salvador Dali ilə dəli arasında fərq ondadır ki, mən dəli deyiləm!”.
   Sürrealizm cərəyanı XX əsrin əvvəllərində fransız yazıçısı Anri Bretonun təsiri və birbaşa iştirakı ilə yaranmışdı. “Sürrealizmin manifesti”ni yazmaq da məhz ona nəsib olmuşdu.Xatırladaq ki, “sürrealizm” fransız dilindən “yüksək realizm” kimi tərcümə olunur. Dalinin yaradıcılığı sürrealist rəssamlar içərisində xüsusilə seçilir. Ümumiyyətlə, sürrealizm deyəndə, ilk növbədə, Salvador Dali yada düşür. O, nəinki XX əsrin, hətta bütün bəşər tarixinin ən qeyri-adi və dahi rəssamlarından biri olmaqla dünya incəsənətinə misilsiz əsərlər bəxş etmişdir.
   
   Elşad Əliyev,
   Azərbaycan Rəssamlar İttifaqının üzvü