Dünən Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı daha bir tədbir Azərbaycan Dövlət İncəsənət Muzeyində baş tutdu. Rəssam Nazim Məmmədovun «Xocalı harayı» kitabının təqdimatına toplaşanlar eyni zamanda onun soyqırımı bütün çılpaqlığı ilə əks etdirən rəsm əsərləri ilə də tanış oldular.
   
   Tədbirdə çıxış edən İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov rəssamın yaradıcılığı haqqında məlumat verdi. O bildirdi ki, zahirən qapalı insan təsiri bağışlayan Nazim Məmmədov əslində bu faciəni bütün dəhşəti ilə yaşayırdı və bunu onun əsərlərindən də görmək mümkündür.
   Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ağəli İbrahimov dedi ki, Nazim Məmmədov istedadlı rəssam olmaqla bərabər, həm də kinorejissordur. O, Azərbaycan multiplikasiyasının əsasını qoyan şəxsiyyətlərdən biridir: «Nazim Məmmədov həm də balaca oxucuların sevimli rəssamı idi. Onun tərtibatında işıq üzü görmüş bütün kitablar, o cümlədən «Cik-cik xanım», «Qonşular», «Gəncə qapısı», «Yarasa», «Şah və xidmətçi», «Xeyir və şər», «Xoruz» və s. uşaqların böyük maraqla baxdığı kitablar idi».
   Rəssamın oğlu Dadaş Məmmədov tədbir iştirakçılarına təşəkkür etdi və dedi ki, Xocalı bir ilin, bir günün deyil, tarixin yaddaşında həmişəlik qalacaq qanlı faciədir. Bu baxımdan bu günü bütün il boyu xatırlamaq lazımdır: «İnanıram ki, Xocalıda batan günəş yenidən orda parlayacaq».
   Qeyd edək ki, «Xocalı harayı» kitabında rejissor-rəssam Nazim Məmmədovun Xocalı faciəsinin 10 illiyinə həsr etdiyi əsərlər toplanıb. 2002-ci ildə sərgidə nümayiş olunan 40-a yaxın rəngkarlıq və qrafika əsərini Azərbaycan Dövlət İncəsənət Muzeyinə hədiyyə edib. 

   FƏXRİYYƏ