Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Moskvanın “Aydan” qalereyasında təşkil olunan “Novruz” adlı müasir incəsənət sərgisinin açılışı aprelin 9-da keçiriləcək. Sərgidə Əməkdar incəsənət xadimi Leyla Axundzadə, Əməkdar rəssam Eldar Qurbanov, rəssamlar Tərlan Qorçu, Fərid Rəsulov, Rəşad Ələkbərov, Orxan Hüseynov, Babi Bədəlov və Rəşid Axundzadənin əsərləri tamaşaçılara təqdim ediləcək. Layihənin ideya müəllifi Əməkdar incəsənət xadimi, tanınmış sənətşünas-alim, professor Leyla Axundzadə olub. “Aydan” qalereyasındakı sərgi bir müddət əvvəl dünyasının dəyişmiş Leyla Axundzadənin xatirəsinə ithaf edilir. Ekspozisiyanın təşkili məqsədilə nazirliyin Təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Qalib Qasımov, Əməkdar rəssam Eldar Qurbanov, rəssamlar Fərid Rəsulov, Rəşad Ələkbərov və Orxan Hüseynov Moskvaya yola düşəcəklər. Sərginin kuratoru, Moskvada yaşayan həmyerlimiz, müasir incəsənətin tanınmış nümayəndəsi Aydan Salahovadır.