Gürcüstanda fəaliyyət göstərən «Ceyran» uşaq mahnı və rəqs ansamblı paytaxtımızın qonağı oldu
   
   Gürcüstan paytaxtında fəaliyyət göstərən «Ceyran» uşaq mahnı və rəqs ansamblı bugünlərdə Bakıda səfərdə olub. Ansambl Dövlət Uşaq Filarmoniyasının rəhbəri Fərəh Şəkinskayanın qonağıdır. Ansamblın yaradıcısı və bədii rəhbəri Ceyran Qurbanova ilə də Fərəh xanımın iştirakı ilə görüşdük.
   
   Ceyran Qurbanova əvvəlcə rəhbərlik etdiyi ansambl haqqında danışdı. Ansamblı 2000-ci ildə yaradıb: «İlk vaxtlar ansamblda 10 uşaq vardı. Hazırkı tərkib bizim 5-ci yetirmələrimizdir. 10 ildir «Ceyran» ansamblı beynəlxalq festivallarda, Tiflis meriyasının, Gürcüstanın Mədəniyyət və Təhsil nazirliklərinin təşəbbüsü ilə keçirilən bütün tədbirlərində iştirak edir və Azərbaycan mədəniyyətini təmsil edir. Kollektivimiz dəfələrlə fəxri mükafatlara layiq görülüb. Qeyd edim ki, «Ceyran» uşaq mahnı və rəqs ansamblı Gürcüstanda fəaliyyət göstərən ilk rəqs ansamblıdır. Ansamblın tərkibində çıxış edən uşaqların hamısı azərbaycanlıdır».
   Ceyran xanımın sözlərinə görə, ansamblı yaratmaqda ona həyat yoldaşı Valeri Qurbanov kömək edib. İki il əvvəl isə dəstək üçün Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edib: «Bu ölkədəki səfirimiz Namiq Əliyev bizə çox kömək etdi. Səfirlik ansamblımızın üzvlərinə milli geyimlər bağışladı. Bundan başqa, bizə maddi tərəfdən «Sokar» şirkətinin rəhbəri Mahir Məmmədov da yaxından kömək edir. Türkiyənin Gürcüstandakı səfirliyindən də həmişə dəstək görürük. Ötən il səfirliyin xətti ilə Trabzon, Ankara və Kapadokya şəhərlərinə qastrol səfərləri etdik».
   Ceyran xanım söhbət zamanı maraqlı bir faktın da şahidi olduq. İxtisasca biologiya müəlliməsi olan həmsöhbətimiz həm də ansambldakı uşaqların rəqs müəllimidir. Dediyinə görə, 1995-ci ildə orta məktəbdə müəllim işləyərkən azərbaycanlı uşaqlarda rəqsə böyük həvəs olduğunu görüb: «Əvvəlcə “Şən və hazırcavablar klubu”nu yaratdım. Uşaqlarla bir çox yarışlarda iştirak etdik və çoxlu mükafatlar aldıq. Sonralar bizə rəqs ansamblının yaradılması ilə bağlı təkliflər gəldi. Gürcüstanda hər bir insan rəqs etməyi çox gözəl bacarır. Azərbaycanda muğam və xalq mahnıları nə qədər sevilirsə, orada da rəqsə önəm verilir. Ona görə də “Şən və hazırcavablar klubu”nun üzvlərini rəqsə cəlb etdim. İlk dəfə «Cəngi»ni ifa etdik. Çıxışlarımız hər yerdə çox yaxşı qarşılanırdı. Uşaqların rəqs müəllimi də özüməm. Ansamblımızın üzvləri gürcü rəqslərini də gözəl ifa edirlər. Bunun üçün isə onlara gürcüstanlı xoreoqraf kömək edir».
   «Ceyran» uşaq mahnı və rəqs ansamblı Gürcüstanın bütün rəsmi tədbirlərinə dəvət alır və çıxış edir. C.Qurbanova deyir ki, prezident Mixail Saakaşvili iştirak etdiyi konsert proqramlarından sonra mütləq ansamblın üzvlərinə çıxışlarına görə təşəkkür edir və onlarla şəkil çəkdirir.
   Martın 27-də «Ceyran» uşaq mahnı və rəqs ansamblı Bakıda Dövlət Uşaq Filarmoniyası ilə birlikdə geniş konsert proqramı ilə çıxış edib. Konsertdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, «Borçalı» cəmiyyətinin üzvləri də iştirak ediblər. Həmsöhbətimiz deyir ki, paytaxtımıza gəlməkdə əsas məqsədi ansambl üzvlərinin Azərbaycanın tarixi, mədəniyyəti, qədim abidələri, turizm imkanları ilə yaxından tanış olması, ölkəmiz haqqında daha geniş bilgilərə sahib olmasıdır: «Uşaqlar orada gürcü məktəblərində təhsil alırlar. Onlar Azərbaycan haqqında nə isə yazmaq lazım olanda çətinlik çəkirlər. Bu səbəbdən də istədim ki, Azərbaycanı öz gözləri ilə görsünlər».
   Ceyran xanım Dövlət Uşaq Filarmoniyasının rəhbəri Fərəh Şəkinskaya və filarmoniyanın kollektivi tərəfindən olduqca isti münasibət gördüklərini də xüsusi vurğuladı: «Qatardan düşəndə bizi Fərəh xanım uşaqlarla birlikdə gül-çiçəklə qarşıladı. Bizim ansamblın üzvləri filarmoniyanın uşaqları ilə yaxından tanış oldular, dostlaşdılar. Bir neçə gün ərzində Bakının görməli yerləri ilə tanış olduq. Atəşgaha, Yanardağa getdik, Muğam Teatrında, İçərişəhərdə, Karansarayda, Qız qalasında olduq. Olduqca zəngin təəssüratlarla qayıdırıq».
   Bu məqamda söhbətimizə Fərəh Şəkinskaya da qoşularaq bildirir ki, C.Qurbanova ötən il Gürcüstanda keçirilən Azərbaycan mədəniyyəti günlərində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüşüb, Azərbaycana gəlmək istəyini bildirib: «Nazir ona bu işdə kömək edəcəyinə söz verib. Bundan sonra cənab nazir «Ceyran» ansamblının Bakıya səfərinin təşkili ilə bağlı əmr imzaladı. Bu işin mənə tapşırılmasından çox məmnunam. Ansamblın üzvləri filarmoniyanın uşaqları ilə cəmi bir neçə günün içərisində elə qaynayıb-qarışdı ki, sanki illərin tanışıdırlar».
   Söhbətimizi bitirib filarmoniyanın foyesinə düşəndə uşaqların bizə maraqla baxdığını gördük. Hiss olunurdu ki, onlar öz təəssüratlarını bölüşmək istəyirlər. Onlara bu fürsəti veririk.
   Camal Allahverdiyev: «Bakı çox gözəl şəhərdir. Qız qalası xüsusilə xoşuma gəldi. Böyüyəndə burada yaşamaq və iş adamı olmaq istəyirəm».
   Nərminə Qocayeva: “Burada olduqca isti münasibət gördüm. Özümə çoxlu dostlar qazandım. Bizi çox mehriban qarşıladılar. Gəzdiyim yerlər içərisində isə məni ən çox cəlb edən İçərişəhər oldu. Oradakı qədim binalar diqqətimi çəkdi”.
   Ənvər Qədimov, Səbinə Hüseynova, Maya Qurbanova, Fəridə Norzalova, Çingiz və Əminə Qurbanilər (bacı-qardaşdılar) də Azərbaycandan yaxşı təəssüratla ayrıldıqlarını dedilər.
   
   Fəxriyyə ABDULLAYEVA