Mayın 7-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş “Unudulmaz tarix” adlı sərgi açıldı. Muzey direktoru İsrafil İsrafilov giriş sözü ilə tədbiri açaraq sözü Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanova verdi. Tədbir iştirakçılarını salamlayan Firudin Qurbanov Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakı və Qələbənin qazanılmasına verdiyi töhfələrdən danışdı: «Bu müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Onların 300 mini müharibədən qayıtmayıb”.
   Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev sərgidə nümayiş olunan əsərlər barədə söz açdı.
   Sərgidə Böyük Vətən müharibəsinin iştirakçıları olmuş rəssamların (Vidadi Nərimanbəyov, Hafiz Məmmədov, Həbib Hüseynov) və sonrakı illərdə bu mövzuda işləyən sənətkarların 40-dək əsəri nümayiş olunur. Burada Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə kimi görkəmli fırça ustalarının əsərləri də yer alıb.
   
   Yeganə