Mayın 11-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Birliyinin “Uşaq Dünyasi” Rəsm Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə həvəskar rəssamların və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi açılıb. 
      Tədbirdə çıxış edən nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət seksiyasının müdiri, Əməkdar rəssam Ənvər Qarayev ulu öndərin mədəniyyətimizə, rəssamlarımıza diqqət və qayğısından, ümummilli liderin çoxşaxəli fəaliyyətinin rəssamların yaradıcılığında işıqlandırılmasından danışıb, iştirakçılara uğurlar arzulayıblar.
   Sərgidə respublikanın müxtəlif şəhər və rayonlarından 70-dək müəllifin 270 əsəri nümayiş olunur.