O, gözünün nurunu itirəndən sonra meylini musiqiyə saldı...
   O, dünyaya ruhun və səsin gözü ilə baxdı...
   O, dünyanın kələ-kötür yollarında gözünün işığı ilə yox, ürəyinin işığı ilə irəlilədi...
   O, böyüklüyü və nikbinliyi ilə hər zaman insanların dostuna, sirdaşına, qardaşına çevrildi...
   

   Azərbaycan Dövlət Radio və Televiziyasının Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının pianoçusu, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Gözdən Əlil Uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin müəllimi Zaur Rüstəmovun pianodakı ifaları bənzərsiz musiqi nümunələridir. Onu siz də yaxından tanıyın...
   
   Zaur Rüstəmov öz taleyindən, sənətdən və bir də ömrünü başa vurub, kökdən düşmüş pianinolardan danışdı:
   
   - Əslən gəncəliyəm. Babalarım bəy olublar. Ata-anamın yeganə oğul övladıyam. 10-11 yaşında bir gözümün nurunu, 13-14 yaşında ikinci gözümün nurunu itirmişəm. 1960-cı ildə atam məni Bakıya müalicəyə gətirdi. Əməliyyat uğursuz alındı, ağır günlər yaşadım... Sonra tanış-bilişlər məsləhət gördülər ki, məni gözdən əlillərin musiqi məktəbinə qoysunlar. O zaman bu məktəb Buzovnada yerləşirdi. Məni ora apardılar. 1963-cü ildə göz işığını tamamilə itirdim. Meylimi musiqiyə saldım. Gözdən əlil insanlar ümumiyyətlə musiqiyə, səsə çox bağlı olur. Radioda Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblında Zaur Əliyev adlı bir pianoçunun ifası qəlbimə yol tapdı. Onun sənətinin pərəstişkarına çevrildim.
   
   Zaur növbəti yay tətilinə gedəndə, atasından xahiş edir ki, ona pianino alsın. Atası onun arzusunu yerinə yetirir.
   
   - Başladım özüm özümlə məşğul olmağa. Zaur Əliyevə qulaq asırdım, dinlədiklərimi oturub düşünmədən pianoda çalırdım. Qısa müddətdə pianoda çalmağı öyrəndim. Elə bil anadangəlmə pianoçu olmuşam. 1968-ci ildə Bakıda keçirilən Cənubi Qafqaz musiqi festivalında “Şur” muğamını ifa edib birinci yerə layiq görüldüm...
   
   1969-cu ildə respublika üzrə keçirilən “Oxu tar” müsabiqəsində isə Zaur Rüstəmov birincilik qazanır və onun ifası münsiflər heyətinin sədri Əhməd Bakıxanovun diqqətindən yayınmır...
   
   - Əhməd müəllim mənimlə tanış oldu, ünvanını verib dedi ki, bizə gələrsən. Evlərində çalğıma qulaq asdı, özü ilə məni ansambla apardı. Yadımdadır, Həbib Bayramov, Zeynəb Xanlarova orada idilər. Məni onlara təqdim etdi, dedi ki, Zaur Əliyev olmayanda, pianinonu bu Zaur çalacaq. Bir şey çalmağımı xahiş etdilər, mən də “Segah” çaldım. Zeynəb xanım ağlayıb qucaqladı məni. Zeynəb xanım böyük sənətkar olduğu kimi, həm də olduqca həssas insandır.
   
   Zaur Rüstəmov böyük səbirsizliklə bu ansamblda çalışacağı günü gözləsə də, arzuları puç olur...
   
   - Əhməd Bakıxanov olduqca nəcib insan idi. Bir gün məni yanına çağırdı. O qədər gözəl insan idi ki, ona deyilən sözləri dilinə gətirmək istəmirdi. O, sovet hökumətinin müəyyən xüsusiyyətlərini tənqid elədi, məni başa saldı ki, televiziyada ansambla çalışmağına icazə vermirlər. Bundan sonra məni radioya aparıb ifamda “Şur” və “Segah” muğamını lentə yazdırdı.
   Bütün bunlar onu sarsıdır və o bir müddət sənətdən uzaqlaşır.
   
   Sənətdən ayrı illər
   
   - 1972-ci ildə pianino çalmağın daşını atdım, hər şeydən küsdüm. O zaman mən kirayədə yaşayırdım. O vaxtkı pulla bəlkə də 8-10 min manat dəyəri olan çoxlu not kitablarım, plastinkalarım vardı - Bethovendən tutmuş Azərbaycan bəstəkarlarının əsərlərinə, operalara qədər. Yayda tətilə gedib-qayıdanda onların heç birini tapmadım. İt-bata düşmüşdülər. Bir tərəfdən də bu zərbəni aldım. Dedim, kimin üçün ifa edirəm. Bir müddətdən sonra toylara getməyə başladım. Gah qarmon çalırdım, gah sintezator. Ta 1999-cu ilə kimi... 1999-cu ildə gənclik dostum tarzən Məmməd Ağasıyev məni axtarıb tapdı, “Qönçə” ansamblını yaratdığını söylədi və dedi ki, ansamblda pianoçu yoxdur, onlara kömək edim. Sözün düzü, çox çətinliklə bu təklifi qəbul etdim. O ansamblda 2001-ci ilə kimi işlədik, 2001-ci ildən bu günə kimi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında çalışıram.
   
   Pianoda muğamlarımızı, xalq mahnılarımızı yüksək peşəkarlıqla və özünəməxsus xallarla ifa edən Zaur Rüstəmov dünyasını dəyişmiş mənəvi müəllimindən - Zaur Əliyevdən də danışdı:
   
   - Pianoda muğam ifa etmək çox çətindir. Allah rəhmət eləsin Zaur Əliyevə, böyük sənətkar idi, mən onun sənətini çox yüksək qiymətləndirirəm. Çox böyük pianoçu idi. Xalq mahnılarını, muğamları ansamblda pianinoda ifa etmək Zaur Əliyevin adı ilə bağlıdır. Ondan əvvəl Mahmud Əliyev, Rüxsarə Mirzəbəyova pianoda muğamları ifa ediblər, ancaq ansambl üçün ən gözəl harmoniya, akkord, ikiəlli muğam çalmaq Zaura məxsusdur. Mən onun ifasından bəhrələnmişəm.
   Eyni zamanda pianoda bütün muğamları çalmaq mümkündür. Ancaq onun öz yolu var, gərək o yolu tapasan. Allah Vaqif Mustafazadəyə rəhmət eləsin, böyük cazmen, əvəzolunmaz musiqiçi idi. Mən ona qulaq asanda arada muğam gəzişmələrində Zaur Əliyevin “barmaqlarını” duyurdum. Bir dəfə radioda Vaqif Mustafazadədən veriliş hazırlamışdılar. Bəstəkar Rəşid Şəfəq dedi ki, Vaqif Mustafazadə Zaur Əliyevin yanına gedirdi, ondan pianoda muğam ifa etməyi öyrənirdi. Zaur Əliyev Asəf Zeynallı adına Musiqi Məktəbini, Dövlət Konservatoriyasının bəstəkarlıq və nəzəriyyə fakültəsini bitirmişdi. Radionun fondunda onun ifasında təkrarsız muğamlar qalıb. Zaur böyük sənətkar idi. Mən həmişə onun ruhuna dua edəcəyəm, əgər o olmasaydı, onun sənəti olmasaydı, bəlkə də indi mən də olmazdım.
   
   Kökdən düşmüş piano
   
   - Əhməd Bakıxanov deyirdi ki, piano ansamblda təkanverici qüvvə rolunu oynayır. Ansamblda bütün alətlərdən iki-üç dənə olur, amma piano bir dənə olur. Piano həm gözəllik, həm harmoniya yaradır. Çünki piano bir ansamblı, bir orkestri əvəz edir. Çox təəssüf edirəm ki, bu gün pianoların əksəriyyəti kökdən düşüb. Sovet vaxtı çoxlu piano kökləyən ustalar vardı. Onlar pianinonu gözəl kökləyirdilər. Gözəl pianino kökləyən, deyərdim ki, dünya səviyyəli Lev Sergeyeviç vardı, sovet vaxtı onu Almaniyaya, Rumıniyaya, Hollandiyaya dəvət edirdilər. Hazırda Moskvada yaşayır. Aleksandr Semyonoviç isə indi Amerikada yaşayır. Odur ki, yaxşı piano kökləyən ustalar yoxdur. Pianoda 400-500 sim var, bunlar hamısı köklənməlidir. Kök düz olmayanda ifaçıya da ləzzət eləmir.
   
   İnsanları səsi ilə duyan Zaur Rüstəmov deyir ki, səs insanın pasportudur - biz dünyaya ruhumuzun gözü ilə baxırıq.
   
   Şükürlü adam
   
   - Allahımdan çox razıyam, iki qızım, iki oğlum, iki nəvəm var. Həyat yoldaşım mehriban, alicənab bir qadındır. Mən həm də o mənada xoşbəxtəm ki, yaxşı dostlarım var. 47 ildir musiqi ilə yaşayıram, balalarımı musiqi ilə böyütmüşəm. Əgər insanlar mənim ifamdan zövq alırlarsa, o mənim üçün böyük sevincdir.
   
   Zaur Rüstəmov sözünə ara verib royalın arxasına keçir. Barmaqları şirmayı dillər üstündə rəqs edir. Analar kimi zərif, analar kimi həssas bir ifa ətrafa yayılır. Cahangir Cahangirovun “Ana” mahnısı Zaur Rüstəmovun ifasında canlanır, nəfəs alır. Məhz onun ifasında bu musiqinin hər yerdə səslənməsini istəyirsən.
   
   60 yaşını yola salmış Zaur Rüstəmov öz taleyini yaşayır. 30 ilə yaxındır Gözdən Əlil Uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbində dərs deyir, ansamblda çalışır, arabir yolunu səsyazma studiyalarından salır.
   Hər zaman qeyri-adilik axtarsaq da, hərdən nadir və maraqlı insanları vaxtında və qədərində qiymətləndirməyi bacarmırıq. Pianoçu Zaur Rüstəmov qayğıya daha çox ehtiyacı olan sənət adamlarından biridir. Tələsək, tələsək ki, geçikməyək...
   
   Təranə Vahid