Noyabrın 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qalereya 1969” sərgi salonunda Əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisinin açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəssamın zəngin yaradıcılığından söz açdı, onun rəssamlıq fəaliyyətini yüksək qiymətləndirdi. 
  
 
   Nazir vurğuladı ki, istedadlı rəssam Sakit Məmmədov öz dəst-xətti ilə fərqlənən, yaradıcılığı ilə insanları heyrətləndirə bilən rəssamdır. Bu gün onun əsərləri şəxsi kolleksiyalarda saxlanılır, müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilir: “Bu, Sakit Məmmədovun Bakıda açılan ikinci sərgisidir. Sərgidə nümayiş olunan əsərlər bir daha sübut elədi ki, onun yaradıcılığı inkişaf edir, müxtəlif janrlarda yeni sənət nümunələri yaranır. İnanırıq ki, bu sərgidən sonra digər böyük salonlarda, digər şəhərlərdə, bölgələrdə Sakit Məmmədovun yaradıcılığı təbliğ olunacaq, sərgilənən əsərlər Azərbaycan rəssamlıq məktəbinin hansı səviyyədə olmasını dünyaya bir daha sübut edəcək”.
   “Azərbaycan dünyası” beynəlxalq jurnalının redaktoru, “Dədə Qorqud” fondunun prezidenti Eldar İsmayılov rəssamın əsərlərində vətənə bağlılıq, insana sevgi duyğularının hiss olunduğunu bildirdi. O, fondun təsis etdiyi “Dədə Qorqud” Milli Mükafatını Sakit Məmmədova təqdim etdi.
   Sakit Məmmədov fərdi sərgisini təşkil edənlərə minnətdarlığını ifadə etdi. O, artıq Azərbaycanın dünyada mədəniyyət ölkəsi kimi tanındığını, Şərqin mədəniyyət paytaxtına çevrilən vətənində incəsənətin yüksək səviyyədə inkişaf etdiyini bildirdi. Rəssam onu da vurğuladı ki, sərgi daha əvvəl Avropa Parlamentində nümayiş etdirilib və sonra Bakıda təşkili qərara alınıb. Sərgi daha sonra Florensiya və San-Marinoda nümayiş olunacaq.
   Sonra sərgiyə baxış keçirildi. Rəssamın 75 əsərinin nümayiş olunduğu sərgi bir həftə davam edəcək.
   Sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirinin həyat yoldaşı Sevim Könül sərgi iştirakçıları arasında idi. O, azərbaycanlı rəssamın əl işlərinin onu valeh etdiyini söylədi.
   Onu da qeyd edək ki, Sakit Məmmədov yaxın vaxtlarda məşhur aktrisa Monika Belluçinin portretini naturadan yaratmaq məqsədi ilə İtaliyaya gedəcək. Rəssam bildirdi ki, artıq aktrisanın portretinin bir qismi hazırdır: “Bu əsərlə bağlı İtaliyada sərgim təşkil olunacaq. Sərgidən bir ay əvvəl isə mən İtaliyaya gedəcəyəm ki, bu əsəri naturadan çəkərək bitirim. Bu portret ilk əvvəl onun vətəni İtaliyada sərgilənəcək”.
   Qeyd edək ki, 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Rəssamıq məktəbini, 1981-1987-ci illərdə isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirən Əməkdar rəssam Sakit Məmmədov 1983-cü ildən müxtəlif sərgilərdə iştirak edir. Əsərləri İstanbul, Krakov, Vyana, Stokholm, Moskva, Florensiya və s. şəhərlərdə keçirilən müxtəlif sərgilərdə uğurla nümayiş olunur. Dünyanın bir çox məşhur rəsm qalereyaları və şəxsi kolleksiyalarda Sakit Məmmədovun əsərlərinə rast gəlmək olar. 2003-cü ildə Şah İsmayıl Xətai mövzusunda sərginin Qızıl medalına, H.B.Zərdabi adına fəxri diploma layiq görülüb, 2005-ci ildə UNESCO-nun Rəssamlar Birliyinə üzv seçilib.
   
   Ceyhun