Dekabrın 8-də Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “Şərqdən Şərqə - 2010” adlı bədii sərginin açılış mərasimi keçirildi. Vəcihə Səmədova adına sərgi salonunda gerçəkləşən tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan miniatür sənətinin çox zəngin bədii ənənələrə malik olduğunu bildirdi. Son dövrlərdə gənclərin bu sənətə maraq göstərməsini yüksək dəyərləndirən F.Xəlilov onlara yeni yaradıcılıq uğurları arzuladı.
   Açılış mərasimində iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda miniatür sənətinin tarixinə qısa ekskurs etdi: “Biz qədim miniatür sənətinin inkişafına böyük önəm veririk. Təsviri sənətin bu növündə milli mənsubiyyət, tarixi keçmişə, soy-kökə bağlılıq duyulur. Orada tarixilik, müasirlik, həmişəyaşar poeziya var”.
   Nazir müavini Rəssamlar İttifaqı ilə birgə həyata keçirilən bu layihənin davamlı olmasını arzuladı: “İstəyirik birgə başladığımız bu layihə yarımçıq qalmasın və biz bu işə sahiblik edək. Bilirsiniz ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqəti və qayğısı nəticəsində Azərbaycanın aşıq sənəti, muğam sənəti, xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Arzu edirəm ki, Azərbaycan miniatür sənəti də həmin siyahıda yer alsın”.
   Xalq rəssamı Arif Hüseynov çıxışında bildirdi ki, ilk dəfə olaraq 2008-ci ildə açılan “Şərqdən Şərqə” sərgisində 5 nəfər rəssam iştirak edib. Budəfəki sərgidə 21 rəssamın əsəri nümayiş olunur. Onun sözlərinə görə, ötən dövr ərzində miniatür sərgisində iştirak üçün maraqlı əsərlər təqdim olunub. Son vaxtlar isə gənclər bu sahəyə daha çox maraq göstərirlər: “Sərgiyə 32 rəssamın əsəri təqdim olunmuşdu. Münsiflər heyəti onların arasından 21-ni seçdi. Bu tədbirlər növbəti mərhələdə də davam etdiriləcək. Biz Bakıda İran, Türkiyə, Yaponiya, Hindistan, Orta Asiya rəssamları ilə birgə beynəlxalq sərgilərin keçirilməsini planlaşdırırıq. İnanıram ki, yaxın gələcəkdə Beynəlxalq Miniatür Mərkəzi də açılacaq”.
   Sonra sərgiyə baxış keçirildi. Qeyd edək ki, sərginin ekspozisiyasına rəngkarlıq və qrafika janrlarında 75 əsər daxil edilib. Sərgi dekabrın 15-dək davam edəcək.
   
   Ceyhun