Bu günlərdə “Xalq Bank”ın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Xalq əmanəti” layihəsi çərçivəsində Xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Maral Rəhmanzadənin (1916-2008) əsərlərindən ibarət sərgi açıldı. Mərasimdə Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadənin yaradıcılığına həsr olunmuş bədii albomun da təqdimatı oldu.
      
   Tədbiri açan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov “Xalq Bank”ın layihəsini yüksək qiymətləndirərək onun rəhbərliyinə belə xeyirxah, xoş məramlı işə görə minnətdarlığını bildirdi. O, çoxsaylı avtolitoqrafiya və linoqravürlər, ofort və rəsmlər, sulu boya və rəngkarlıq işləri, kitab qrafikası nümunələri, Böyük Vətən müharibəsi dövrünə aid təbliğat plakatlarının müəllifi olmuş Maral Rəhmanzadənin zəngin yaradıcılığından söz açdı.
   Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və başqa çıxış edənlər də M.Rəhmanzadənin yaratdığı əsərlərin dəyərindən, onun yüksək insani keyfiyyətlərindən danışdılar, sərgiyə uğur dilədilər. Belə bir ümid ifadə olundu ki, “Xalq Bank”ın mədəniyyətimizin qorunması, təbliği sahəsində həyata keçirdiyi layihə gələcəkdə də davam edəcək.
   Qeyd edək ki, Maral Rəhmanzadənin (1916-2008) əsərlərindən ibarət sərgi 3 ay - iyunun 12-dək davam edəcək.
   “Xalq Bank”ın mətbuat katibi Elşən Eynullayev bizimlə söhbətində bildirdi ki, onlar ötən ildən etibarən xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədilə “Xalq əmanəti” mədəniyyət layihəsini həyata keçirirlər. Layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərlərinin, folklor nümunələrinin nəfis tərtibatda nəşr olunması nəzərdə tutulur.
   Layihənin ilk nəşri Xalq rəssamı Böyükağa Mirzəzadəyə, ikinci nəşri Xalq şairi Məmməd Araza həsr olunmuşdu: “Xalq əmanəti” seriyasından olan bu kitablar hədiyyəlikdir. Həmin nəşrlər ölkənin ali və orta təhsil ocaqlarına, uşaq evlərinə, kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, diplomatik korpuslara, eləcə də sənətsevərlərə bağışlanır. Layihə xalqımızın mədəni irsinin təbliği işinə “Xalq Bank”ın kiçik bir töhfəsidir.
   
   İradə