AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin “Akşehir Foto İlgilileri” dərnəyinin təşkilatçılığı ilə VI Beynəlxalq türk incəsənəti sərgisi açıldı. 
   
   Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, sərgidə Azərbaycan və Türkiyənin incəsənət xadimlərinin, sənət ustalarının müxtəlif janrlarda dəyərli sənət işləri, rəsm əsərləri və s. nümayiş etdirildi.
   AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç, Türkiyənin Səlcuq Universitetinin professoru, “Akşehir Foto İlgilileri” dərnəyinin sədri Əhməd Aytaç və başqaları çıxış edərək sərginin Azərbaycan-Türkiyə mədəniyyət əlaqələrinə töhfə olduğunu bildirdilər.
   Sərginin açılışından sonra “Türk-islam incəsənəti və memarlığı” mövzusunda seminar keçirildi. Seminarda “Miras” MİÖK İB-nin sədri, tarix elmləri namizədi Fariz Xəlillinin “Mədəni irsimiz: incəsənət, memarlıq və sənətkarlıq”, Qafqaz Araşdırmalar İnstitutunun direktoru Mehmet Rihtimın “İslam incəsənəti: xəttatlıq, miniatür, təzhib”, “Akşehir Foto İlgililəri” dərnəynin sədri Əhməd Aytacın “Türk incəsənətinin Qərb mədəniyyətinə təsiri”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Mir Teymur Məmmədovun “Orta əsr şəhərləri Şərqdə və Qərbdə: tikinti sirləri, əsas inkişaf yolları, şəhər döyüş strategiyası” mövzularında məruzələri dinlənildi.
   Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi, “Miras” İB və “Aktiv Media” şirkətinin birgə hazırladığı, türk xalqlarının mənəvi-mədəni dəyərlərindən bəhs edən “Axtaçı obası: Tərəkəmə çərşənbəsi” filminin təqdimatı oldu.
   
   S.Fərəcov