Fotoqraf-jurnalist Rüstəm İsmayılovun fərdi sərgisi
Aprelin 14-dən 18-dək “Abşeron” Rəsm Qalereyasında fotoqraf-jurnalist Rüstəm İsmayılovun yaradıcılığına həsr edilmiş “Baharın 60 anı” adlı sərgi nümayiş olundu.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və “Abşeron” Rəsm Qalereyasının təşəbbüsü ilə təşkil edilmiş sərgidə baharın 60 anını - foto kadrları nəzərdən keçirərkən tamaşaçıda belə bir fikir yaranır: hər bir an zamanın qiymətli hissəsi olmaqla bərabər, onu daha dolğun edir. Ekspozisiyada sərgilənən fotolar Rüstəm İsmayılovun əks etdirdiyi kadrlara yalnız fotoreportyor kimi deyil, həm də rəssam kimi yanaşmasını göstərir.
Sərgidə ölkəmizin, paytaxt Bakının qısa zaman kəsiyində (2011-ci ilin əvvəli) necə zəngin və maraqlı həyat yaşadığının şahidi olursan. Fotoqrafın ən çox üstünlük verdiyi mövzu Azərbaycanın mədəniyyətidir. Festivallar, bayram şənlikləri, konsertlər, teatr tamaşaları, bədii sərgilər mədəni həyatı dolğunluğu ilə göstərir. Bu tədbirlərdən seçilmiş hər bir fotokompozisiya sanki həmin tədbirin simvoludur. Müəllif ictimai-siyasi tədbirləri, habelə idman yarışlarını da həvəslə lentə alır.
Təqdim olunan fotolarda paytaxtımızın mənzərələri də diqqəti cəlb edir. R.İsmayılovun obyektivində Bakı gecələri füsunkar, bir qədər də sirli don geyinir. Müəllif şəhərimizin tanış guşələri ilə bizi yenidən “tanış edir” və təəccübləndirir - Filarmoniya bağı, “Mirvari” kafesinin dənizdən görünüşü, Fəvvarələr meydanının iri şarlar üzərində əksi, şəhərin yuxarı hissəsinin panoramı tamaşaçını valeh edir. R.İsmayılovun teatr və balet tamaşalarından çəkdiyi kadrlar bəzən rəngkarlıq əsərlərini xatırladır. “Şəhrizad”, “Əlibaba və qırx quldur”, “Ələddinin sehrli çırağı”, “Şeyx Sənan” tamaşalarından çəkilmiş kadrları seyr edərkən bu kompozisiyaların fotokamera ilə lentə alındığına inana bilmirsən.
Yeganə