Mili təsviri sənətimizi dünyaya tanıdan və beynəlxalq səviyyədə tanınan sənətkarlarımızdan biri də Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri, Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovdur. O, Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində “Yeni era” Dünya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.
      
   1946-cı ildə Bakıda anadan olub. Zəhmətkeş ailəsində böyüyüb. Orta məktəb illərindən rəssamlığa maraq göstərib. Onunla qısa söhbətə də sənətə gəlişindən başladıq.
   - Bildiyimə görə, ailənizdə, qohumlarınız arasında incəsənət adamı olmayıb. Necə oldu ki, uşaq vaxtlarından sizdə incəsənətə, rəssamlığa maraq yarandı?
   - Orta məktəb illərində dayım Yusif Məmmədov tez-tez bizə gələrdi. O, APİ-nin (indiki Pedaqoji Universitetin) professoru idi. Rəssam olmasa da, yaxşı rəsm çəkirdi. Məhəllədə uşaqları ətrafına toplayar, bizə şəkil çəkdirərdi. Elə o vaxtdan məndə rəssamlığa həvəs yarandı. Tədricən bu həvəs böyük arzuya çevrildi. 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxudum. Sonra Daşkənd Rəssamlıq İnstitutunda (1966-1972) təhsilimi davam etdirdim.
   - Sovet dövründə adətən sənət adamları Moskva, Sankt-Peterburq şəhərlərində təhsil almağa üstünlük verərdi. Necə olub ki, siz Daşkəndi seçdiniz?
   - Əvvəlcə mən də elə Moskva şəhərində təhsil alırdım. Ancaq uşaq vaxtımdan ürək ağrıları və ayaqlarımdakı yel xəstəliyindən əziyyət çəkirdim. Ona görə də orqanizmim Rusiyanın soyuq iqliminə uyğunlaşa bilmədi. Həkimlərin məsləhəti ilə təhsilimi Daşkənddə davam etdirməli oldum. Təhsilimi başa vurduqdan sonra Bakıya döndüm. Burada SSRİ Rəssamlar İttifaqının aspiranturasına qəbul vardı. Görkəmli heykəltəraş Ömər Eldarovun rəhbərliyi altında həmin aspiranturanı bitirdim.
   - İlk rəsm əsərinizi xatırlayırsınız?
   - 1959-60-cı illərdə ilk rəsmlərimi çəkməyə başlamışam. O vaxt “Görüş“ adlı bir rəsm əsəri çəkmişdim. Onu indi də saxlayıram.
   - Xarici ölkə muzeylərində saxlanılan əsərləriniz varmı?
   - “Lənkəran qadınları” əsərim Moskvadakı “Şərq Xalqları Muzeyi”ndə saxlanılır. Əsər 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının bürünc medalına layiq görülüb. Bir çox əsərim müxtəlif mükafatlara: 1976-cı ildə Moskvada “Gənclər mükafatı”na, 1982-ci ildə Ümumittifaq Xalq Təsərrüfatı Sərgisində bürünc medala, 1995-1996-cı illərdə isə ölkəmizdə “Humay” mükafatına layiq görülüb. Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinə həsr edilən sərgim nümayiş olunub. Orada “Nalə”, “Ana körpəsi ilə“, “Yanmış qadın”, “Ata fəryadı” və s. əsərlərim sərgilənib. Həmin əsərlərim Türkiyədə də, o cümlədən Ankarada Türkiyə Böyük Millət Məclisinin foyesində nümayiş olunub.
   - Dəzgah və monumental heykəltəraşlıq sahəsində bir sıra layihələrin müəllifisiniz. Son işləriniz barədə nə deyə bilərsiniz?
   - Son layihələr sırasında metronun “Azadlıq prospekti” stansiyasında görülən işləri göstərə bilərəm. 2010-cu ildə Arif Qazıyev və qardaşım Zakir Əhmədovla birgə “Azadlıq prospekti” metro stansiyasında böyük həcmli relyef əsərləri yaratdıq. Metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri hazırladıq.
   - Bildiyimizə görə, Dünya Rəssamlıq Akademiyasının fəxri üzvüsünüz. Bu yaxınlarda isə həmin qurumun vitse-prezidenti seçilmisiniz...
    - Əvvəlcə onu qeyd edim ki, Dünya Rəssamlıq Akademiyası 2009-cu ildə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yaradılıb. Dünyanın müxtəlif ölkələrindən 40-dan çox sənətkar bu qurumun üzvüdür. Prezidenti Anatoli Silovdur. Ötən il üç azərbaycanlı rəssam bu qurumun fəxri üzvü seçilmişdi. Heykəltəraşlıq üzrə mən, dekorativ-tətbiqi sənət üzrə Əməkdar rəssam, mərhum Ənvər Qarayev və rəngkarlıq üzrə Əməkdar rəssam Eldar Qurbanov. Bu ilin fevralında Zaqreb şəhərində akademiyanın növbəti toplantısı keçirildi. Həmin toplantıda məni qurumun vitse-prezidenti seçdilər.
   - Dünya yeniləşir, hər şey sürətlə inkişaf edir. Avropa ölkələrində sərgi keçirmək dəb halını alır. Sizin də belə planlarınız varmı?
   - Rəssam üçün sərgi keçirmək önəmli bir hadisədir. Harada olmasından asılı olmayaraq rəssam əsərlərini sərgiləyirsə, bu onun yaradıcılığı üçün çox vacibdir. May ayında Dünya Rəssamlıq Akademiyasının xəttilə Fransada sərgi keçirilməsi gözlənilir. Sərgidə akademiyanın bütün üzvləri öz əsərləri ilə çıxış edəcək. Mən beş əsər hazırlamışam. Xaricdə Azərbaycan mədəniyyətini, milli incəsənətimizi təmsil etmək hər sənətkar üçün fəxrdir. Eyni zamanda, bu, böyük məsuliyyətdir. Ona görə də belə sərgilərə xüsusi səylə hazırlaşıram.
   
   Savalan Fərəcov