Heydər Əliyev Fondu daha bir layihə ilə milli mədəniyyətimizin təbliğinə töhfə verir
  
   Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Fransanın Ramatuel şəhərində II Ramatuel klassik musiqi festivalı keçirilir. İyulun 17-dən 22-dək davam edəcək festivalda Azərbaycan və dünya klassik musiqisinin ən gözəl nümunələri təqdim olunacaq.
  
   “Azərbaycanın mədəni zənginlikləri”
  
   İyulun 16-da festival çərçivəsində San-Trope şəhərində “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgi açılıb. “Şato de Messardier” hotelində keçirilən sərgidə Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər nümayiş etdirilir.
   Sərgini açan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb. İcraçı direktor bildirib ki, Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif layihələr həyata keçirməklə Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına dəstək olur. Fond mədəni və tarixi irsin qorunması və bərpasına da yaxından kömək göstərir. Bu istiqamətdə Azərbaycanda və dünyanın bir sıra ölkələrində beynəlxalq konfranslar və festivallar təşkil edilir. O, qeyd edib ki, bu gün dünyaya klassik musiqinin şah əsərlərini dinlədən və tanıdan Ramatuel klassik musiqi festivalı məhz Mehriban xanım Əliyevanın rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.
   Sonra çıxış edən San-Trope şəhərinin meri Jan Pyer Tripe və Ramatuel şəhərinin meri Rolan Bruno sərgidə nümayiş olunan nümunələrin gözəlliyindən danışıblar. Bildirilib ki, mədəniyyət xalqları və insanları birləşdirən ən böyük qüvvədir.
   Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Burada nümayiş olunan 50-yə yaxın xalça və kilimdə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Sənət əsərləri sərgiyə gələnlərdə böyük maraq doğurub. Qədim tarixə malik Azərbaycan xalçaçılıq sənəti mədəniyyətimizin böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir.
   Sərgidə nümayiş olunan antik mis qablar və əşyalar da böyük maraq doğurub. Həmin əşyalar qədim Azərbaycanın müxtəlif bölgələrində və böyük ustalıqla hazırlanıb.
   Sərgilənən milli musiqi alətləri - tar, qaval, kamança, balaban - Azərbaycan musiqi tarixinin uzun əsrlər əvvələ dayandığını bir daha sübut edir. Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir və bu işdə Heydər Əliyev Fondunun rolu misilsizdir.
   Heydər Əliyev Fondunun nəşrlərindən ibarət hissədə isə Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə kitablar və bukletlər yer alıb. Onların arasında xüsusi diqqət çəkənlərdən biri də Qarabağ haqqında həqiqətləri dünyaya çatdıran və fransızca nəşr olunan “Qarabağ həqiqətləri” toplusudur. Toplu dünyanın bir neçə aparıcı dillərinə də tərcümə olunub.
   Sərginin ilk günündə Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunan “Azərbaycan” kitabının təqdimatı da keçirilib. Nəşrdə toplanmış 1000-dən çox şəkil xalqımızın tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını da təcəssüm etdirir. Kitab oxucuda ölkəmiz haqqında əyani təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə malikdir. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaradaraq onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.
   Daha sonra Azərbaycanın birinci xanımının adından sərginin qonaqları üçün ziyafət verilib. Ziyafətdə caz ifaçısı, Montre caz festivalının qaliblərindən biri Emil Əfrasiyab və tar ustası, Əməkdar artist Mircavad Cəfərovun ifasında klassik və milli musiqinin vəhdətini özündə əks etdirən musiqi nömrələri dinlənilib.
   Qeyd edək ki, sərgi iyulun 20-də yekunlaşacaq.
  
   Musiqiçilərimiz dinləyicilərə unudulmaz gecə bəxş edib
  
   İyulun 17-də Fransanın Ramatuel şəhərində II Ramatuel klassik musiqi festivalının açılışı olub. Ramatuel klassik musiqi festivalının rəhbəri Rolan Koyen festivalın rəsmi açılışını etdikdən sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı məktubu oxuyub.
   Məktubda qeyd olunub ki. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan festivalın məqsədi Azərbaycan və dünya klassik musiqisini təbliğ etməkdir. Məktubda qədim və zəngin musiqi ənənələrinə malik Azərbaycanın dünya musiqi mədəniyyəti tarixində önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi və qayğısı sayəsində ölkə mədəniyyəti nəinki beynəlxalq aləmdə təbliğ olunur və mühüm uğurlara imza atır, həmçinin Azərbaycan beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Beynəlxalq muğam, Qəbələ beynəlxalq musiqi, Rostropoviç festivalları dünya musiqisinə əvəzolunmaz töhfələr verir.
   Məktubda həmçinin Azərbaycanın builki “Eurovision” mahnı yarışmasındakı qələbəsi də vurğulanıb. Beləliklə, Azərbaycan gələn il daha bir mötəbər beynəlxalq tədbirə - “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
   Sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdimatında konsert proqramı başlanıb. Orkestr Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Vaqif Mustafazadə, dünya klassiklərindən Motsart, Çaykovski və Debüssinin əsərlərindən ibarət 11 klassik musiqi nömrəsi ifa edib.
   Konsert elə ilk dəqiqələrdən Ramatuel şəhərinin Yaşıl Teatrını doldurmuş dinləyiciləri valeh edib. Hər bir musiqi nömrəsi uzun və sürəkli alqışlarla qarşılanıb. Səhnədə ölməz bəstəkarların ecazkar musiqi nömrələrini səsləndirən Xalq artisti Murad Adıgözəlzadə isə konsertə sanki xüsusi bir ab-hava bəxş edib. Konsert ayaqüstə alqış sədaları altında yekunlaşıb.
   Qeyd edək ki, festival iyulun 22-dək davam edəcək.